Vergi öhdəliyi hansı halda və müddətdə uzadıla bilər?
Son vaxtlar ölkədə vergi öhdəliyi ilə bağlı müzakirlər artmaqdadır. Hüququ və fiziki şəxsləri ən çox maraqlandıran məsələlərdən biri də vergi öhdəliyinin icrası, eləcə də bu öhdəliyin müddəti ilə bağlıdır.
31 Yanvar 2017 14:36 İqtisadiyyatSon vaxtlar ölkədə vergi öhdəliyi ilə bağlı müzakirlər artmaqdadır. Hüququ və fiziki şəxsləri ən çox maraqlandıran məsələlərdən biri də vergi öhdəliyinin icrası, eləcə də bu öhdəliyin müddəti ilə bağlıdır. Hüquqşünas Alim Hüseynli bildirib ki, qanunvericilik vergi öhdəliklərinin vaxtında yerinə yetirilməməsinə görə məsuliyyət tədbirləri ilə yanaşı məsuliyyəti və təqsiri istisna edən halları, öhdəliklərə xitam verilmə hallarını və öhdəliklərin yerinə yetirilmə müddətinin uzadılması hallarını da nəzərdə tutmuşdur. Vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin uzadılması üçün vergi ödəyicisi yazılı şəkildə əsaslandırılmış və onun tərəfindən vergi öhdəliyinin yerinə yetirilməsi üçün müvafiq girovun və ya zəmanətin verildiyini özündə əks etdirən müraciətini vergi orqanına göndərir. Müraciət vergi növü (növləri) üzrə onların müvafiq hesabat dövri üçün qanunvericiliklə müəyyən edilmiş ödəmə müddətinədək təqdim olunmalıdır. Müvafiq icra hakimiyyəti orqanı 30 gün müddətində bu müraciətə baxır və müvafiq əsaslar olduğu halda müddətin uzadılması barədə qərar qəbul edir. Qanunvericiliklə müəyyən edilmiş əsaslar olduqda vergi öhdəliyinin yerinə yetirilməsi müddəti vergi ili ərzində 1 aydan 9 ayadək uzadıla bilər. Həmin müddət ərzində vergi ödəyicisinə faizlər hesablanmır. Vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin uzadılması haqqında qərarda vergi üzrə borcun məbləği, ödənilməsi müddəti uzadılan verginin növü, ödənilmənin müddəti və qaydası, habelə girov və ya zəmanət haqqında qeydlər göstərilməlidir. Vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin uzadılması haqqında qərar bu qərarda müəyyən edilmiş müddətdən qüvvəyə minir. Bəs vergi öhdəliklərinin yerinə yetirilməsi hansı hallarda dəyişdirilə bilər? Hüquqşünas qeyd edib ki, Vergi Məcəlləsində vergi öhdəliklərinin yerinə yetirilməsi müddətlərinin müəyyən edilmiş müddətdən daha gec müddətə dəyişdirilə bilməsi halları da nəzərdə tutulmuşdur ki, bu hallara aşağıdakılar aiddir: Təbii fəlakət və digər qarşısıalınmaz qüvvə nəticəsində vergi ödəyicisinə zərər dəydikdə. Bu halda vergi ödəyicisi hadisənin baş verməsi barədə və onun nəticəsində dəymiş zərərin məbləği barədə müvafiq dövlət orqanlarının arayışlarını təqdim etməlidir; verginin birdəfəyə ödədiyi təqdirdə vergi ödəyicisinin iflasa uğramaq təhlükəsi olduqda. Bu halda vergi ödəyicisi müraciət edilmə tarixinə vergi ödəyicisinin kassasında, milli və ya xarici valyutada cari və ya digər hesablarında vəsaitlərin qalığı, debitorların və kreditorların adı, VÖEN göstərilməklə debitor və kreditor borcları barədə arayışları təqdim etməlidir. Qeyd etmək lazımdır ki, vergilərin ödənilmə müddətinin dəyişdirilməsi mövcud olan öhdəliyi ləğv etmir və yeni vergi öhdəliyi yaratmır. Eyni zamanda vergi ödəyicisinə münasibətdə vergi qanunvericiliyinin pozulması ilə bağlı cinayət işi qaldırılıbsa, vergi öhdəliyinin yerinə yetirilməsi müddəti uzadıla bilməz. Vergi öhdəliklərinin uzadılmış müddətinə hansı hallarda vaxtından əvvəl xitam verilməsi məsələsinə gəldikdə hüquqşünas bildirib ki, bu məsələ qanunvericilikdə dəqiqliyi ilə göstəriilib. Belə ki, vergi ödəyicisi vergi öhdəliyini vaxtından əvvəl yerinə yetirdikdə, vergi ödəyicisinə vergi qanunvericiliyinin pozulması ilə bağlı cinayət işi qaldırıldıqda, vergi orqanının vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin uzadılması barədə qərarının şərtlərinə əməl edilmədikdə vergi öhdəliklərinə vaxtından əvvəl xitam verilir: "Vergi Məcəlləsinin 85.14-cü maddəsində ( vergi ödəyicisi vergi öhdəliyini vaxtından əvvəl yerinə yetirdikdə; bu Məcəllənin 85.8-ci maddəsində nəzərdə tutulmuş halda; vergi orqanının vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin uzadılması barədə qərarının şərtlərinə əməl edilmədikdə ) nəzərdə tutulmuş hallarda vergi öhdəliyinin yerinə yetirilməsinin uzadılmış müddətinə vaxtından əvvəl xitam verilməsi haqqında qərar vermiş vergi orqanı 5 gün müddətində vergi ödəyicisinə bu barədə məlumat verməlidir. Vergi ödəyicisi məlumatı aldığı tarixdən 30 gün müddətində borc məbləğini və ödəmə gününə qədər həmin məbləğə qanunvericiliyə uyğun olaraq hesablanmış faizləri büdcəyə ödəməlidir". Hüquqşünas bildirib ki, milli qanunvericilikdə ümumilikdə vergi öhdəliyinə xitam verilməsi halları müəyyən edilib. Belə ki, verginin ödənilməsi, verginin ödənilməsi öhdəliyinin xitam verilməsi vergilər haqqında qanunvericiliyə müvafiq olaraq ortaya çıxan hallar, vergi ödəyicisi vəfat etmiş və ya Azərbaycan Respublikasının mülki qanunvericiliyi ilə müəyyən edilmiş qaydada ölmüş hesab edilməsi, Vergi Məcəlləsinə müvafiq olaraq ləğvetmə komissiyası tərəfindən büdcə ilə bütün hesablaşmalar aparıldıqdan sonra vergi ödəyicisi olan hüquqi şəxs ləğv edilməsi, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müflis olması nəticəsində ləğv edilmiş borclu vergi ödəyicisinin məhkəmənin qərarı ilə ödənilməsindən imtina edilmiş tələblər ləğv edilmiş sayılması vergi öhdəliyinin xitamı üçün əsas yaradır: " Vergi Məcəlləsinin Xüsusi hissəsində hər bir tədiyyə üzrə öhdəliklərin yerinə yetirilmə müddətləri müəyyən edilmişdir ki, qeyd edilən müddətlərdə vergilər ödənildikdə vergi öhdəliklərinə xitam verilir. Vergi ödəyicisi vəfat etmiş və ya Azərbaycan Respublikasının mülki qanunvericiliyi ilə müəyyən edilmiş qaydada ölmüş hesab edilməsi ilə əlaqədar vergi öhdəliklərinə xitam verilməsi ilə əlaqədar vəfat etmiş fiziki şəxsin vergi öhdəliklərini onun varisi (varisləri) miras qalan əmlakın dəyəri hüdudlarında və mirasın alındığı tarixdəki payına mütənasib şəkildə ödəyirlər. Vergi Məcəlləsinin 81.2-ci maddəsinə əsasən varis (varisləri) olmadıqda vəfat etmiş fiziki şəxsin vergi öhdəlikləri silinir. Vergi ödəyicisinin iflas prosesinə məruz qaldığı hallarda vergi öhdəlikləri qanunvericiliklə nəzərdə tutulmuş növbəlilik qaydasında həyata keçirilir".
Nurlan