Hüquqi və fiziki şəxslər niyə vergi ödəməkdən yayınırlar?

Son vaxtlar ölkədə fəaliyyət göstərən bəzi hüquqi və fiziki şəxslər müxtəlif bəhanələrlə vergi ödəməkdən yayınırlar. Vəziyyət o həddə çatıb ki, sahibkarlar, eləcə də iri şirkətlər vergi borclarını aylarla, bəzən isə illərlə yubadırlar.

Vergiləri tam həcmdə və vaxtında ödəmək hər kəsin konstitusion vəzifəsidir

Son vaxtlar ölkədə fəaliyyət göstərən bəzi hüquqi və fiziki şəxslər müxtəlif bəhanələrlə vergi ödəməkdən yayınırlar. Vəziyyət o həddə çatıb ki, sahibkarlar, eləcə də iri şirkətlər vergi borclarını aylarla, bəzən isə illərlə yubadırlar. Hüquqşünas Alim Hüseynli bildirib ki, vergi - dövlətin və bələdiyyələrin fəaliyyətinin maliyyə təminatı məqsədi ilə vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində dövlət büdcəsinə və yerli büdcələrə köçürülən məcburi, fərdi, əvəzsiz ödənişdir. Vergilər dövlətin yarandığı gündən cəmiyyətdə iqtisadi münasibətlərin zəruri həlqəsini təşkil edir. Onun sözlərinə görə, ölkə qanunvericiliyinə görə, qanunla müəyyən edilmiş vergiləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Bu vəzifə eyni zamanda vergi ödəyicilərinin konstitusion vəzifələrinə aiddir: "Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə əsasən Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Bununla yanaşı, heç bir şəxsin üzərinə Vergi Məcəlləsi ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz". Bəs, vergi öhdəliyi nə deməkdir və nə vaxtdan yaranır? Hüquqşünas bildirib ki, vergi ödəyicisinin Vergi Məcəlləsində göstərilən hallarda və qaydada müəyyən edilən vergini ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. Vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. Maraqlıdır, vergi öhdəliyinin yerinə yetirilməməsi hansı nəticələrin yaranmasına səbəb olur? Onun sözlərinə görə, vergi ödəyicisi vergi öhdəliyini qanunvericiliklə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə vergi orqanı hesablanmış və ya yenidən hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsinə dair vergi ödəyicisinə bildiriş göndərir.Vergi ödəyicisi tərəfindən hesablanmış və bəyan edilmiş vergilər bildirişdə göstərilən müddətdə ödənilmədikdə, vergi orqanının hesabladığı vergilər, faizlər və tətbiq etdiyi maliyyə sanksiyaları üzrə vergi ödəyicisi tərəfindən bildirişin alındığı tarixdən 30 təqvim günü müddətində məhkəməyə şikayət verilmədikdə, məhkəmənin müvafiq qərarı olduqda həmin qərara uyğun olaraq və vergi ödəyicisinin yazılı razılığı olduqda vergi orqanı vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarından vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması üçün banka və ya digər kredit təşkilatına icra (ödəniş) sənədi olan sərəncam verə bilər.Vergi orqanının hesabladığı və ya yenidən hesabladığı vergilər, faizlər və ya tətbiq etdiyi maliyyə sanksiyaları üzrə vergi orqanı vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarında borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra sənədi olan sərəncam verir. Vergi orqanının hesablamaları üzrə vergi ödəyicisi tərəfindən bildirişin alındığı tarixdən 30 təqvim günü müddətində məhkəməyə şikayət verildikdə kredit təşkilatı və ya bank əməliyyatları aparan şəxs məhkəmənin qanuni qüvvəyə minmiş qərarına uyğun olaraq verilmiş sərəncamın icrasını təmin edir. Vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarında vəsait olduqda vergi orqanının sərəncamı bank və ya digər kredit təşkilatı tərəfindən həmin sərəncamın daxil olduğu gün icra edilir. Vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarında vəsait olmadıqda və ya o, vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinə, yaxud bu Məcəllə ilə müəyyən edilən həcmdə vəsaitin dondurulmasına kifayət etmədikdə vergi orqanının sərəncamı bankda və ya digər kredit təşkilatında saxlanılır və vergi ödəyicisinin hesablarına vəsait daxil olduqca icra edilir.Vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması üçün banka və ya digər kredit təşkilatına sərəncamın verildiyi tarixdən vergi ödəyicisi tərəfindən onun kassasından, Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş hesabdan pul vəsaitinin silinməsi növbəliliyi pozulmaqla nağd qaydada məxaric əməliyyatları aparıldıqda - aparılmış məxaric əməliyyatlarının 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Vergi və ya cari vergi ödəməsi Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən və ya vergi agentindən ödənilməmiş vergi və ya cari vergi ödəməsi məbləğinin 0,1 faizi məbləğində faiz tutulur, bu faiz vergi ödənişlərinə münasibətdə bütün ötmüş müddətə, ancaq bir ildən çox olmamaq şərti ilə tətbiq edilir. Bu faiz yoxlama nəticəsində aşkar edilmiş vaxtında ödənilməmiş vergi məbləğlərinə həmin vergi məbləğlərinin vergi ödəyicisinə hesablandığı gündən tətbiq edilir: "Vergi ödəyicisi vergi öhdəliyini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. Əmlakın siyahıya alınması vergi ödəyicisinin öz əmlakı barəsində hüquqlarının elə məhdudlaşdırılmasıdır ki, bu zaman vergi ödəyicisi siyahıya alınmış əmlaka və ya onun bir hissəsinə sərəncam vermək hüququna malik olmur, həmin əmlaka sahiblik və ondan istifadə edilməsi vergi orqanının nəzarəti ilə həyata keçirilir".
Nurlan 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31