İqtisadiyyat Nazirliyində kollegiya iclası keçirilib
Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısı tərəfindən verilmiş tapşırıqların icrası və İqtisadiyyat Nazirliyinin ötən ildəki fəaliyyəti ilə bağlı geniş kollegiya iclası keçirilib.
24 Yanvar 2017 13:24 İqtisadiyyatAzərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısı tərəfindən verilmiş tapşırıqların icrası və İqtisadiyyat Nazirliyinin ötən ildəki fəaliyyəti ilə bağlı geniş kollegiya iclası keçirilib. İqtisadiyyat Nazirliyindən "Olaylar"a verilən məlumata görə, nazirliyin struktur bölmələrinin və tabeliyindəki qurumların rəhbərlərinin iştirakı ilə keçirilmiş kollegiya iclasında iqtisadiyyat naziri, kollegiyanın sədri Şahin Mustafayev dünya enerji bazarındakı qeyri-sabitlik və digər neqativ proseslərin Azərbaycan iqtisadiyyatına təsirlərinin minimuma endirilməsi istiqamətində 2016-cı ildə görülən tədbirlər və ölkənin iqtisadi siyasətindəki prioritetlər barədə məlumat verib. Qeyd edilib ki, siyasi sabitlik, əvvəlki illərdə görülmüş işlər, yaradılmış potensial, həyata keçirilən islahatlar nəticəsində dünya iqtisadiyyatında baş verən hadisələr fonunda belə Azərbaycan iqtisadiyyatının dayanıqlılığı təmin edilib, 2016-cı ildə qeyri-neft sənayesində məhsul istehsalı 5%, kənd təsərrüfatı 2,6%, informasiya və rabitə sahəsi 4,4% artıb. Ötən il ölkə iqtisadiyyatına 11,7 mlrd. ABŞ dolları həcmində investisiya yatırılıb ki, bunun 3,7 mlrd. dolları daxili sərmayələrdir. Şahin Mustafayev vurğulayıb ki, Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Azərbaycan prezidenti qarşıdakı dövr üçün mühüm vəzifələr müəyyənləşdirib. Belə ki, dövlət başçısı makroiqtisadi sabitliyin təmin edilməsi, inflyasiyanın birrəqəmli səviyyədə saxlanılması, valyuta ehtiyatlarının qorunması, bank sektorunun sağlamlaşdırılması və beynəlxalq standartlara uyğunlaşdırılması, "Cənub Qaz Dəhlizi" layihəsinin icrası, Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi, Ələt Beynəlxalq Dəniz Limanının birinci mərhələsinin tikintisinin bu il başa çatdırılması, sosial mənzillərin tikintisi, inşaat materialları ilə təminat səviyyəsinin aşağı olduğu sahələrdə yerli istehsalın yaradılması, bölgələrdə sənaye zonalarının təşkilinin davam etdirilməsi, kənd yollarının tikintisi, pambıqçılıq, baramaçılıq, tütünçülük, üzümçülük, çayçılıq kimi ənənəvi sahələrin inkişafı, fındıq və badam istehsalının artırılması, örüş torpaqlarından səmərəli istifadə, yeni ixrac bazarlarının araşdırılması və ixracın şaxələndirilməsi, emal müəssisələrinin yerli məhsul əsasında fəaliyyət göstərməsi, sosial infrastruktur layihələrinin, ekoloji tədbirlərin və turizmin inkişafı istiqamətində işlərin davam etdirilməsi və s. tapşırıqlar verib.