İqtisadiyyatın bütün sahələrində olduğu kimi, turizm də sahibkarlığın inkişafından asılıdır

2015-ci ilin sonlarından dünyanı bürüyən ciddi iqtisadi və maliyyə böhranı hər bir ölkəni, xüsusilə neft ixrac edən dövlətləri qeyri-neft sektoruna daha çox diqqət ayırmağa sövq etdi. Dünya bazarlarında neft qiymətlərinin kəskin şəkildə aşağı düşməsi neftdən gələn gəlirlərin azalmasına, bunun isə həmin ölkələrin dövlət büdcəsinə mənfi təsir göstərməsini önləmək üçün hökumətlər islahatlar paketi, iqtisadiyyatın ayrı-ayrı sahələrini inkişaf etdirməyin yolları üzərində işləməyə başladılar.

Əkrəm Həsənov: "Hər halda görülməli olan işlərin istiqamətləri aydın, təfərrüatlı və ağlabatandır"

2015-ci ilin sonlarından dünyanı bürüyən ciddi iqtisadi və maliyyə böhranı hər bir ölkəni, xüsusilə neft ixrac edən dövlətləri qeyri-neft sektoruna daha çox diqqət ayırmağa sövq etdi. Dünya bazarlarında neft qiymətlərinin kəskin şəkildə aşağı düşməsi neftdən gələn gəlirlərin azalmasına, bunun isə həmin ölkələrin dövlət büdcəsinə mənfi təsir göstərməsini önləmək üçün hökumətlər islahatlar paketi, iqtisadiyyatın ayrı-ayrı sahələrini inkişaf etdirməyin yolları üzərində işləməyə başladılar. Azərbaycan da neft ixrac edən ölkə olduğu üçün yeni dönəmdə ölkədə qeyri-neft sektorunu daha da inkişaf etdirmək zərurətə çevrilirdi. Bunu dərindən dərk edən Azərbaycan hökuməti adekvat tədbirlər həyata keçirərək böhranın ölkəmizə maksimum dərəcədə təsirini önləyə bildi. Bununla kifayətlənməyərək gələcək dövr üçün yeni-yeni proqramlar, hədəflər müəyyənləşdirildi. Bu baxımdan Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı nı xüsusi qeyd etmək lazımdır. Azərbaycan Prezidentin 6 dekabr, 2016-cı il tarixli Fərmanı ilə təsdiq etdirilmiş 12 strateji yol xəritəsindən biri "Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi"dir. Bu Xəritənin 2 versiyası dərc olunub: biri 98, digəri 100 səhifədən ibarətdir. Bəs görəsən, "Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi" ilə bu sahəni inkişaf etdirmək nə dərəcədə mümkün olacaq?

İqtisadçı Əkrəm Həsənov qeyd edib ki, turizm sahəsini əhatə edən Strateji Yol Xəritəsi digər xəritələrlə müqayisədə daha konkretdir: "Hər halda görülməli olan işlərin istiqamətləri aydın, təfərrüatlı və ağlabatandır. Sağlamlıq turizmi, dağ və qış turizmi, idman turizmi, işgüzar turizm, çimərlik turizmi, ekoloji turizm, ov turizmi və s. Qarşıya qoyulan hədəflərə nail olmaq üçün məlumatın, reklamın (o cümlədən İnternetdə), tarixi və mədəni abidələrdən ("alman izləri", "polyak izləri" və s.) istifadənin rolu düzgün qiymətləndirilir. Əlbəttə, bu, ilk növbədə turizmin inkişafı yollarının açıq-aşkar olması ilə də bağlıdır". İqtisadçı bildirib ki, hələ 2010-cu ildə Prezident "Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişadına dair Dövlət Proqramı"nı təsdiqləyib və bu sahədə müəyyən nailiyyətlərimiz artıq var. Onun sözlərinə görə. görülən tədbirlərin nəticəsidir ki, 2016-cı ildə ölkəyə turist axını artıb: "Elə mövcud təcrübədən çıxış edərək də Xəritə hədəfə aldığı ölkələr də realistdir. Əsasən MDB, Türkiyə və Fars körfəzi regionu ölkələri.

Bununla belə, Xəritə təvazökarcasına zəif tərəflərimizin hələ də güclü tərəflərimizdən çox olduğunu etiraf edir. Ümumiyyətlə, sənəddə özünütənqid var. Belə ki, məsələn, imkanlarımızın daha geniş olmasına baxmayaraq Gürcüstanın bizi turizm sahəsində xeyli geridə qoyduğu Xəritədə etiraf olunur". Əkrəm Həsənov deyib ki, xəritənin ən məyusedici məqamı mehmanxana və mehmanxanatipli müəssisələrdə yerləşən turistlərimizin belə yerləşmə olmadan ölkəmizə gələnlərin sayından az qala iki dəfə az olmasıdır: " Belə ki, 2015-ci il bu, müvafiq olaraq 0,5 mln. və 0,8 mln. turist olub. 2020-ci ildə birincilərin sayını 0,9 mln.-a, ikincilərin sayını isə 1,5 mln.-a çatdırmaq planlaşdırılır. Böyük ehtimalla mehmanxanada yerləşməyən turistlər əsasən xaricdə yaşayan soydaşlarımızdır ki, Vətənə gələndə əsasən qohumlarında qalırlar. Onların sayının artacağı ehtimalı isə real görünmür. Düşünürəm ki, əksinə, mehmanxanalarda və mehmanxanatipli müəssisələrdə yerləşən turistlərin sayının artırılmasına daha çox diqqət ayırmaq lazımdır. Gəlirlilik nöqteyi-nəzərindən də bu vacibdir. Həm də daha real görünür. Sadəcə xeyli səy tələb edir. Xəritədə ötən yayda Bakıda keçirilmiş "Formula 1 Grand Prix" yarışması ilə bağlı maraqlı etiraf da var. Qeyd olunur ki, "Formula-1" yarışlarına ev sahibliyi edən ölkələr daha çox xarici turistlərin gəlməsinə, onların qalma müddətlərinin artırılmasına və həmin turistlərin iri mehmanxana və cəlbedici məkanlarda, habelə yerli biznes obyektlərində yüksək vəsait xərcləməsinə nail olmaq istiqamətində bir çox addımlar atır. Bunun nəticəsidir ki, 2011-ci ildə Formula-1 yarışlarına ev sahibliyi etmiş şəhərlər 40-220 milyon ABŞ dolları arasında mənfəət əldə edib. 2011-ci ildə eyni yarışlara ev sahibliyi etmiş Bəhreyn və Monako şəhərlərinin hər biri müvafiq olaraq 220 və 90 milyon ABŞ dolları məbləğində mənfəət əldə edib. Bakı da bu beynəlxalq təcrübədən istifadə edərək Fornula-1 yarışları zamanı, yarışlardan bir qədər əvvəl və sonra müxtəlif tədbirlər təşkil etməklə mənfəətliliyi artıra bilər. Deməli, belə çıxır ki, ötən il biz bu fürsəti əldən vermişik? Niyə? Digər xəritələrdən fərqli olaraq, bu sahədə yalnız bir əlavə qurumun yaradılması nəzərdə tutulur: Milli Turizm Təbliğat Bürosu. Bu da Xəritənin icrası baxımdan adekvatdır". İqtisadçı onu da diqqətə çatdırıb ki, iqtisadiyyatın bütün sahələrində olduğu kimi, turizm də sahibkarlığın inkişafından asılıdır: "Xəritədə deyilir ki, yeni turizm obyektləri yaranacaq. Kim yaradacaq? Təbii ki, sahibkarlar. Məsələn, Xəritədə deyilir ki, Sahibkarlığa Kömək Milli Fondunun turizm sektoruna ayıracağı maliyyə vəsaitlərinə dair tədbirlər planı hazırlanacaq. Əgər həmin vəsaitləri şəffaf və ədalətli müsabiqə yolu ilə həqiqətən də güzəştli və sərfəli şərtlərlə almaq mümkün deyilsə, planın xeyri olmayacaq. Nəhayət, Xəritədə deyilir ki, viza rəsmiləşirilməsi və sərhəd keçidi prosedurları sadələşdiriləcək və sürətləndiriləcək. Bu barədə artıq nə qədər deyilib. Çoxdan etmək lazım idi. Bunun üçün ən tezi 2020-ci ildə ilk nəticələri verəcək Xəritəyə ehtiyac yox idi". Əkrəm Həsənovun sözlərinə görə, Xəritənin icrasına 350 mln. manat vəsait tələb olunur ki, bu da digər xəritələrlə müqayisədə, eləcə də turizmin əhəmiyyəti və inkişafının reallığını nəzərə alaraq, normal məbləğdir.

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31