Turizm sektoru iki mühüm məsələni öz fəaliyyətinin əsasına qoymağı bacarmalıdır

2015-ci ilin sonlarında dünya bazarlarında neft qiymətlərinin kəskin şəkildə aşağı düşməsi neft ixrac edən ölkələri qeyri-neft sektorunu daha da inkişaf etdirmək zərurəti qarşısında qoydu.

Bu qiymət və keyfiyyətlə bağlı məsələlərdir

2015-ci ilin sonlarında dünya bazarlarında neft qiymətlərinin kəskin şəkildə aşağı düşməsi neft ixrac edən ölkələri qeyri-neft sektorunu daha da inkişaf etdirmək zərurəti qarşısında qoydu. Qlobal miqyasda baş verən bu proseslər Azərbaycana da təsirsiz ötüşmədi və ölkə iqtisadiyyatında müəyyən mənfi tedensiyalar müşahidə edildi. Ancaq bir faktı da qeyd etmək lazımdır ki, Azərbaycanın vaxtında qeyri-neft sektorunun inkişafına diqqət ayırması, bu sahənin inkişafı məqsədilə məqsədyönlü addımlar atması ölkəmizin böhrandan minimum təsirlə çıxmasına imkan yaratdı. Hazırda da Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdirilməsi prioritet vəzifə təşkil edir və bu istiqamətdə məqsədyönlü addımlar atılır. Xüsusilə, qeyri-neft sektorunun mühüm istiqamətlərindən biri olan turizm sektorunun inkişaf etdirilməsi əsas diqqət mərkəzindədir. Elə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin keçən il, dekabrın 27-də imzaladığı Azərbaycan Respublikasında turizmin inkişaf etdirilməsi ilə bağlı bir sıra tədbirlər haqqında Fərman da bunu bir daha təsdiqləyir. Dövlət başçısının imzaladığı fərmanda "Azərbaycan Respublikasının Turizm Şurası haqqında Əsasnamə" təsdiq edilməsi, ölkənin turizm potensialının daha da artırılmasını və beynəlxalq səviyyədə tanıdılmasını təmin edən "Milli Turizm Təbliğat Bürosu" publik hüquqi şəxsin yaradılması və. s. nəzərdə tutulur. Bəs görəsən Azərbaycan Prezidentinin imzaladığı bu fərman ölkədə turizmin daha da inkişaf etdirilməsinə nə dərəcədə təkan verəcək? Ümumilikdə, turizmin inkişaf etdirilməsinin ölkə iqtisadiyyatına hansı müsbət təsirləri olacaq? İqtisad elmləri doktoru, professor Fikrət Yusifov deyir ki, dövlət başçısının ölkədə turizmin inkişafına yönəlik son qərarları keçən ilin sentyabr ayının 1-də onun imzaladığı "Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" Sərəncamdan irəli gələn vəzifələrin həllini nəzərdə tutur. Onun sözlərinə görə, burada söhbət ilk növbədə həmin Sərəncama uyğun olaraq yaradılmış Turizm Şurasının fəaliyyətini tənzimləyən aktların təsdiqindən gedir: "Artıq bu Şuranın əsasnaməsi və say tərkibi təsdiq olunub. Bundan başqa fərmanla Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə tapşırılıb ki, 3 ay müddətində ölkənin turizm potensialının daha da artırılmasını və beynəlxalq səviyyədə tanıdılmasını təmin edən "Milli Turizm Təbliğat Bürosu" publik hüquqi şəxsini yaratsın. Bütün bu addımlar nəticə etibarilə ölkədə qeyri-neft sektorunun əsas qanadlarından biri sayılan turizmin sürətli inkişafını hədəfləyib. Prezidentin 2016-cı il 16 mart tarixli 1897 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri"ndən biri kimi ixtisaslaşmış turizm

və əyləncə müəyyən edilmiş, beynəlxalq və yerli ekspertlərlə birlikdə dünya təcrübəsində turizm sahəsində islahatların ən uğurlu modelləri və onların ölkəmizdə tətbiqi imkanları təhlil edilmişdir. Aparılmış təhlillər nəticəsində turizm sahəsi üzrə strateji yol xəritəsinin layihəsi hazırlanmış və 06 dekabr 2016-cı il tarixdə ölkə başçısının Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında Fərmanı ilə "Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi" təsdiq edilmişdi". Fikrət Yusifov bildirib ki, bu gün dünya üzrə Ümumi Daxili Məhsulun strukturunda turizmin payı 10 faiz səviyyəsindədir: "Azərbaycanda isə bu rəqəm ümumdünya göstəricisindən 5 dəfəyə qədər aşağıdır. Gürcüstanın ÜDM-da turizmin payı cari ilin birinci rübündə 7 faizə yaxın olub və bu rəqəm artmaqda davam edir. ÜDM-da turizmin payının bu günə olan səviyyəsinin artma şansları bizdə Gürcüstandakından və turizmin yaxşı inkişaf etdiyi digər ölkələrdəkindən heç də az deyil". İqtisadçı onu da diqqətə çatdırıb ki, bu gün Azərbaycana gələn turistlərin sayı sürətlə artır: "Biz bu artım templərinə görə indi nəinki regionda, hətta bütün dünyada liderlik mövqeyinə çıxa bilmişik. Bu çox yaxşı haldır. Lakin unutmayaq ki, Azərbaycana turist axınının bu şəkildə baş verməsinin kökündə bir tək turizm sektorunun cəlbediciliyi dayanmır. Burada regionda baş verən hadisələr fonunda bir sıra əsas turizm ölkələrində yaranmış qeyri-sabit və təhlükəli vəziyyətin də rolu az deyil. İnsanlar seçim edərkən ilk növbədə təhlükəsiz şəraitdə istirahət etməyə üstünlük verirlər. Bu səbəbdən də bizim turizm sektoru indidən iki mühüm məsələni öz fəaliyyətinin əsasına qoymağı bacarmalıdır. Bu qiymət və keyfiyyətlə bağlı məsələlərdir". Fikrət Yusifovun sözlərinə görə, yüksək qiymətlərlə az turist cəlb edib, müəyyən qazanc əldə etmək əvəzinə, normal qiymətlər müəyyənləşdirib və xidmətin keyfiyyətini yüksəldib turist dövriyyəsin artmaqla dəfələrlə artıq qazanc əldə etmək mümkündür: "Bu məsələdə ikinci yolu seçən tərəflər həmişə uğur qazana biliblər. Buna Türkiyə, Misir, Əlcəzair, Gürcüstan və başqa ölkələri misal göstərmək olar".

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31