Bank sektorunun dollarlaşması milli valyutaya təzyiqi artırır
2015-ci ilin sonlarından dünyanın maliyyə bazarlarında baş verən proseslər, nəticə etibarilə Amerika dollarının digər milli valyutaları üstələməsi bir sıra ölkələrdə, eləcə də Azərbaycanda milli vayutanın üzən məzənnə sisteminə keçidini zəruri etdi. Ötən müddət ərzində üzən məzənnə sisteminə keçid növbəti kəskin devalvasiyanı önləyə bilsə də, lakin problemin tam mənada aradan qaldırıldığını da söyləmək hələlik bir qədər çətindir. Buna səbəb olan isə bir sıra amillərdir.
9 Yanvar 2017 13:25 İqtisadiyyat2015-ci ilin sonlarından dünyanın maliyyə bazarlarında baş verən proseslər, nəticə etibarilə Amerika dollarının digər milli valyutaları üstələməsi bir sıra ölkələrdə, eləcə də Azərbaycanda milli vayutanın üzən məzənnə sisteminə keçidini zəruri etdi. Ötən müddət ərzində üzən məzənnə sisteminə keçid növbəti kəskin devalvasiyanı önləyə bilsə də, lakin problemin tam mənada aradan qaldırıldığını da söyləmək hələlik bir qədər çətindir. Buna səbəb olan isə bir sıra amillərdir. İqtisadçı ekspert Samir Əliyev hesab edir ki, ölkənin maliyyə sektorunun yüksək həddə dollarlaşması milli valyutanın güvənliyini zəiflədir və makroiqtisadi sabitliyi risk altına qoyur. Onun sözlərinə görə, 2015-ci ilin dekabrından üzən məzənnəyə keçsək də, bu keçid "tənzimlənmə" mərhələsində qalıb: "Rəsmi sənədlərdə bu keçidin tezliklə baş tutacağı vurğulanır. Bu fikri bəzi ekspertlər də bölüşür. Tam üzən məzənnəyə keçidi zəruri edən səbəb manatın real bazar dəyərini tapmasına nail olmaq və bununla da valyuta bazarında sabitliyi təmin etməkdir. Digər tərəfdən siyasi və iqtisadi baxımdan bizə yaxın olan Rusiya və Qazaxıstanın tam üzən məzənnəyə keçidi hökumətimizi "onlarda mümkündürsə, bizdə niyə mümkün olmasın?" tipli suallarla üz-üzə qoyur. Sual haqlıdır, ancaq cavabı ürəkaçan deyil. Əgər tam üzən məzənnəyə keçid potensialı əsasında 3 ölkəni sıralasaq Azərbaycan şübhəsiz ki, sonuncu olar. Bu kiçik siyahıya isə əlbəttə Rusiya başçılıq edər. Elə nəticələr də sıralanmaya adekvatdır. Rusiyada tam üzən məzənnəyə keçid uğurlu alınıb, Qazaxıstanda bir sıra çətinliklər qalmaqdadır, Azərbaycan isə cəhd səviyyəsindədir". İqtisadçı deyir ki, Azərbaycanın yaxın dövrdə tam üzən məzənnə siyasətinə keçidi real görünmür. Bu ideya hələ bir müddət deklarasiya səviyyəsində qalacaq: "Ekspertlər bunun ağır fəsadları barədə xəbərdarlıq edirlər. Mərkəzi Bank da vəziyyətin mürəkkəbliyini anlayır və bu səbəbdən prosesi uzadır. Milli valyutanın sabitliyi qiymətləndirərkən tədiyyə balansının vəziyyətini təhlil etmək, onun mövcud durumunu nəzərə almaq çox vacibdir. Bu, ən vacib indikatordur. Milli valyutaların sabitliyini təmin edən digər indikator bank sektorunun dollarlaşması səviyyəsidir.
Bank sektorunda dollarlaşma səviyyəsi artdıqca milli valyutaya təzyiq artır. Rus rublunun və Qazax təngəsinin niyə "üzə" bildiyini, manatın isə buna "hazır olmadığını" izah etmək üçün Rusiya, Qazaxıstan və Azərbaycanın bank sektorunun əmanət bazarında dollarlaşma səviyyəsinin mövcud durumunu nəzərə almaq lazımdır. Belə ki, 2013-cü ildə - neft gəlirlərinin yüksək səviyyədə olduğu bir dövrdə Rusiyada əmanətlərin dollarlaşma səviyyəsi (17,4 faiz) həm Qazaxıstan, həm də Azərbaycandan aşağı olub. Neftin kəskin ucuzlaşması və sanksiyaların Şimal qonşumuzda dollarlaşma səviyyəsini kəskin artıra bilməyib və bu səviyyə hətta 30 faizdən də aşağı olub. Halbuki Azərbaycanda dollarlaşma səviyyəsi böhrandan əvvəl Qazaxıstandan az olsa da, böhran dövründə sürətli dollarlaşma nəticəsində manatın payı 15 faizə qədər azalıb. Göründüyü kimi, hər üç ölkədə 2016-ci ildən başlayaraq əmanətlərdə dollarlaşma səviyyəsinin azalması müşahidə edilir. Buna səbəb ümumilikdə əmanət qoyuluşunun artım tempinin kəskin
azalmasıdır. Məsələn, Rusiyada əmanətlərin illik artım tempi 2015-ci ildəki 25,15 faizdən 2016-cı ilin 11 ayında 0,7 faizə düşüb. Qazaxıstanda oxşar göstəricilər 54,5 faiz və 12,2 faiz olub. Azərbaycanda isə 2015-ci ildə artım 31,79 faiz olduğu halda 2016-cı ilin 10 ayında 21,8 faiz azalma qeydə alınıb". İqtisadçı onu da deyib ki, böhran vaxtı hər üç ölkədə əmanətçilərin devalvasiya gözləntisinə reaksiyası fərqli olub: "Statistik məlumatların təhlili göstəririr ki, Azərbaycan əmanətçiləri digər ölkə əmanətçiləri ilə müqayisədə milli valyutaya daha çox etimadsızlıq göstəriblər. Devalvasiya təzyiqinin güclü olduğu 2015-ci ildə Rusiyada rubl əmanətləri 19,6 faiz artdığı halda, Qazaxıstanda təngə əmanətləri cəmisi 0,6 faiz azalıb. Həmin il iki kəskin devalvasiya yaşayan Azərbaycanda isə manat əmanətlərinin azalması 67,9 faiz olub. Artıq Rusiya və Qazaxıstanda milli valyutada əmanət qoyuluşu artmağa başlayıb, Azərbaycanda isə proses azalmaq istiqamətində davam edir. Devalvasiya gözləntisi, xüsusən də manatın real bazar dəyərini almaması ilə bağlı rəylər əhalini əlindəki vəsaiti dollara çevirməyə vadar edib. Azərbaycanda milli valyuta əmanətləri üzrə illik gəlirlilik digər iki ölkədən çox olmasına rəğmən əhali manata əmanəti qoymağa risk etmir. Rusiyada milli valyutada olan əmanətlər üzrə illik faiz dərəcəsi 10-11 faiz, Qazaxıstanda 13-15 faizdir. Azərbaycanda manat əmanətinə təklif edilən gəlirlilik daha yüksəkdir. Buna səbəb daha çox milli valyutanın məzənnəsinin sabitliyinin dayanıqlığıdır. Rus rublu 2015-ci ildə 29,6 faiz ucuzlaşsa da 2016-cı ildə 16,8 faiz möhkəmlənib. Oxşar vəziyyət Qazaxıstan valyutasında da baş verib. 2015-ci ildə dəyərini 86,2 faiz itirən qazax təngəsi 2016-cı ildə mövqeyini qoruyaraq 1,8 faiz möhkəmləndirib. Manat isə 2015-ci ildə 2 dəfəyədək dəyər itirməsindən sonra 2016-cı ildə daha 13,6 faiz ucuzlaşıb və prosesin hansı həddə qədər davam edəcəyi naməlumdur. Qara bazarda manatın ucuzlaşması daha yüksəkdir. Deməli, əsas səbəb milli valyutanın sabitliyinə inamdır. Valyutanın sabitliyi üçün iqtisadiyyatın diversifikasiyası, ixrac potensialının güclənməsi, rəqabətqabiliyyətli daxili istehsalın mövcudluğudur. Maliyyə sektorunda, o cümlədən əmanət bazarında dollarlaşma səviyyəsinin azalması üçün iqtisadi zəmin və milli valyutanın məzənnəsinin sabitliyinə inam olmalıdır".
Füzuli