Büdcənin xəzinə qalıqlarının xərclənməsi qaydaları dəyişir
Milli Məclisin payız sessiyasının sonuncu plenar iclasında "Büdcə sistemi haqqında" qanuna dəyişikliklə bağlı qanun layihəsi müzakirəyə çıxarılıb. “Olaylar” xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə qanun layihəsi barədə məlumat verib.
30 Dekabr 2016 16:17 İqtisadiyyatMilli Məclisin payız sessiyasının sonuncu plenar iclasında "Büdcə sistemi haqqında" qanuna dəyişikliklə bağlı qanun layihəsi müzakirəyə çıxarılıb. "Olaylar" xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə qanun layihəsi barədə məlumat verib. Onun sözlərinə görə, "Büdcə sistemi haqqında" qanunun 6.6-cı maddəsinin ləğv edilməsi təklif edilir. Layihəyə əsasən, Azərbaycanda dövlətə məxsus ehtiyat fondlarından maliyyələşən layihələrin icrası cari büdcə ilindən artıq vaxt tələb etdiyi təqdirdə onların maliyyələşməsi növbəti ildə davam etdirilməyəcək. Ləğv edilməsi təklif olunan maddə belədir: Bu qanunun 6.2-ci və 6.3-cü maddələrində nəzərdə tutulan ehtiyat fondlarından maliyyələşən müvafiq sosial-iqtisadi layihələrin icrası cari büdcə ilindən artıq vaxt tələb etdiyi təqdirdə, həmin layihələrin maliyyələşdirilməsi üçün ayrılmış vəsaitlərin istifadəsi növbəti büdcə ilində də davam etdirilə bilər. Layihəyə əsasən, ilin sonuna bütün xəzinə hesablarının qalıqları dövlət büdcəsinin vahid xəzinə hesabına köçürülür. Bu vəsait dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsinə və zərurət yarandığı təqdirdə növbəti ilin dövlət büdcəsi xərclərinin 1/12 hissəsi həmin il üzrə bu qanunun 7-ci maddəsində göstərilən xərclərin ödənilməsinə yönəldilir. Habelə bu qanunun 19.2-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş qaydada idarə edilir, yerdə qalan hissəsi isə Dövlət Neft Fonduna köçürülür. Başqa sözlə desək, dövlət büdcəsinin xəzinə hesablarının qalıqları yalnız zərurət yarandığı halda əmək haqqı, əmək haqqına üstəlik, pensiya, başqa sosial müavinətlər və ödənişlər, dövlətin daxili və xarici borclarına xidmətlə bağlı xərclər, hər il üçün dövlət büdcəsi haqqında qanuna uyğun olaraq müdafiə olunması zəruri sayılan digər maddələr üzrə xərclərə yönəldiləcək. Layihə səsə qoyularaq qəbul edilib.