Bank sistemində inqilabi dönüş edə biləcək kəskin addımlar atmaq lazımdır
İqtisad elmləri doktoru, professor Fikrət Yusifov təəssüf hissi ilə qeyd edir ki, yola salmağa hazırlaşdığımız 2016-cı il iqtisadi geriləmələrlə başa çatır.
29 Dekabr 2016 13:26 İqtisadiyyatİslahatların önündə bank sektorunun əsaslı şəkildə yenidən qurulması dayanmalıdır
Artıq 2016-cı il başa çatmaq üzrədir. Bəs görəsən bu il iqtisadi baxımdan nə ilə yadda qaldı? İl ərzində iqtisadi sahədə ölkəmizin itirdikləri nə oldu və 2017-ci ildən gözləntilər nədir?
İqtisad elmləri doktoru, professor Fikrət Yusifov təəssüf hissi ilə qeyd edir ki, yola salmağa hazırlaşdığımız 2016-cı il iqtisadi geriləmələrlə başa çatır. Onun sözlərinə görə, 2005-ci ildən sonra ilk dəfə olaraq iqtisadiyyatımızda real geriləmələrlə üz-üzə qalırıq: "Yaranmış vəziyyətin bizdən asılı olmayan obyektiv səbəbləri ortadadır. Ümumi Daxili Məhsulun ABŞ dolları ilə ifadədə 2007-ci ilin səviyyəsinə düşməsi, yəni onun 2,2 dəfə azalaraq 2014-cü ildəki 75,2 milyard dollardan 33,6 milyard dollara enməsi ilk növbədə dünya bazarlarında neftin qiymətlərinin kəskin azalması ilə bağlıdır. Əslində manat ifadəsində Ümumi Daxili Məhsulun həcmində ötən illə müqayisədə baş verən 4 faiz geriləmə böhran dövrü yaşayan və qısa zaman kəsiyində böyük həcmdə valyuta gəlirlərindən məhrum olan bir iqtisadiyyat üçün adi qəbul edilməlidir. Lakin bizim iqtisadi və maliyyə durumumuzda məsələnin mahiyyəti bir qədər fərqlidir. Ölkədə postneft dövrünə hazırlıqlar tam başa çatmamış neftin qiymətlərinin birdən birə 3-4 dəfə aşağı düşməsi ciddi fəsadlar yaratdı. Yaranmış vəziyyətdə daha ciddi problemlər, ölkənin bank sistemində baş verdi. 2015-ci ildə milli valyutanın iki kəskin devalvasiyası və son devalvasiyadan keçən bir il ərzində onun əlavə olaraq 20 faizə qədər dəyər itirməsi, bank sektorunu ağır bir duruma saldı və bunun nəticəsi olaraq 11 bank öz fəaliyyətini dayandırmalı oldu. Ölkəyə böyük neft pulları daxil olduğu dönəmdə Mərkəzi Bankın apardığı pul-kredit siyasətindəki yanlışlıqların ümumi mənzərəsi isə belədir. Bu günə bütün səviyyədən olan depozitlərin 75,5 faiz, əhalinin əmanətlərinin 81,0 faiz, kreditlərin 46,2 faizi xarici valyutadadadır. 2014-cü ilin son ayları ilə müqayisədə cari ilin sonlarında əhalinin banklardakı manatla olan əmanətləri 3,2 dəfə azalıb, xarici valyutada olan əmanətlər isə 2,3 dəfə artıb. Pul-kredit sisteminin bu səviyyədə dollarlaşması nəticə etibarilə ölkənin bütün maliyyə sistemini xarici valyutadan asılı bir vəziyyətə salıb. Bütün səylərə baxmayaraq bu gün manata inam çox aşağı bir səviyyədədir. O, praktik olaraq hər gün dəyər itirir. Bir aydan çoxdur ki, banklar əlbir olub rəsmi valyuta satışını dayandırmaqla bu inamın bir qədər də azalmasına xidmət ediblər". İqtisadçı deyir ki, yaranmış vəziyyətdə bank sistemində adi islahatlar deyil, inqilabi dönüş edə biləcək kəskin addımlar atmaq lazımdır: "Biz bununla bağlı təkliflərimizi bu ilin dekabr ayının 20-də mətbuat səhifələrində yayımlanmış "Böhrandan çıxış üçün ilk öncə maliyyə sabitliyi yaratmaq lazımdır" başlıqlı təhlilimizdə vermişik və bu səbəbdən onları bir daha təkarlamırıq. Gələn il aparılacaq islahatların uğuru da məhz milli valyutaya olan inamın bərpa edilməsindən və bununla da əldə olunacaq maliyyə sabitliyindən bilavasitə asılı olacaqdır. Növbəti ilə biz ötən ilin sonlarından başlayaraq bəyan edilmiş post-neft iqtisadiyyatının yaradılmasını təmin edə biləcək ciddi islahatlar toplusu ilə gedirik. Heç şübhə yoxdur ki, bütün bu toplunun baş sənədi, bu günlərdə dövlət başçısı tərəfindən təsdiq edilmiş və iqtisadiyyatın bütün sahələrini əhatə edən Strateji Yol Xəritəsidir. Ölkə iqtisadiyyatının bütün sahələrini əhatə edən bu sənədin uğurla icrası da ilk növbədə ölkədə maliyyə sabitliyinin yaradılması və bu əsasda həm daxili və həm də xarici investorların iqtisadiyyatın real sektoruna cəlb edilməsindən asılı olacaq. Bu səbəbdən də növbəti ildə islahatların önündə bank sektorunun əsaslı şəkildə yenidən qurulması dayanmalıdır. Bir sözlə, bütün səylər ilk növbədə milli valyutanın sabitliyinin bərpa olunmasına yönəlməlidir". Fikrət Yusifov bildirib ki, sabit milli valyuta sabit maliyyə durumu deməkdir: "Sabit maliyyə durumu olan yerdə isə investisiyaların davamlı axını mütləq baş verəcəkdir"
S.İsmayılbəyli