Bank sektorunu çətin sınaqlar gözləyir
2016-cı il ümumilikdə dünya iqtisadiyyatı üçün uğursuz oldu desək yanılmarıq. Neft qiymətlərinin aşağı düşməsi, Amerika dollarının mili valyutalara nisbətən bahalaşmasından dünya ölkələrinin əksəriyyəti bu və ya digər dərəcədə əziyyət çəkdi. Xüsusilə, postsovet ölkələrində bu daha çox özünü büruzə verdi.
22 Dekabr 2016 14:17 İqtisadiyyat2016-cı il ümumilikdə dünya iqtisadiyyatı üçün uğursuz oldu desək yanılmarıq. Neft qiymətlərinin aşağı düşməsi, Amerika dollarının mili valyutalara nisbətən bahalaşmasından dünya ölkələrinin əksəriyyəti bu və ya digər dərəcədə əziyyət çəkdi. Xüsusilə, postsovet ölkələrində bu daha çox özünü büruzə verdi.
İqtisadçı Rövşən Ağayev də qeyd edir ki, son bir idə ölkələrin əksəriyyətinin milli valyutası qara günlərini yaşayır. O, bildirib ki, Rusiya rublu, Azərbaycan manatı və Qazaxıstan təngəsi 2 dəfəyədək dəyərdən düşüb: "Həmçinin Nigeriya nayrası 20, Norveç kronu 30, Bariziliya rialı 40 faizədək dəyərini itirib. Yalnız Səudiyyə rialı əvvəlki məzənnəsini qoruyub. Neft ölkələrindən yalnız Norveç, Rusiya, Qazaxıstan və Braziliya üzən valyuta rejiminə keçmişdi. Yeri gəlmişkən Beynəlxalq Vakyuta Fondunun məlumatına görə, hazırda təşkilata üzv ölkələrin cəmi 35 faizi üzən məzənnə rejimi tətbiq edir. Onlardan isə 16 faiz dövlət tam sərbəst üzən valyuta məzənnə tətbiq edir. Yerdə qalanlar idarə edilən üzən valyuta rejimi müəyyənləşdirib. Tam sərbəst üzən valyuta rejimindən fərqli olaraq idarə olunan üzən məzənnə şəraitində hökumətlər inflyasiyanı hədəfləyirlər və ölkədə inflyasiyanın səviyyəsi hədəf göstəricini keçdiyi şəraitdə valyuta bazarına müdaxilə edilir. Belə təhlükə olmadıqca, məzənnə tələb-təklif əsasında formalaşır". Rövşən Ağayev deyir ki, hər 2 valyuta rejiminin öz üstünlükləri və çatışmazlıqları var: "Məsələn, fiksə olunmuş məzənnənin ən mühüm üstünlüyü odur ki, valyuta bazarını proqnozlaşdırmaq mümkün olur. Bu həm ev təsərrüfatlarına, həm də biznesə öz davranışını tənzimləmək, planlama üçün çox vacibdi. Eyni zamanda başqa üstünlükləri də var. Belə ki, beynəlxalq kreditlərin və xarici ticarətin həcminə müsbət təsir göstərir, inflyasiyaya qarşı sığorta mexanizmidi. Mənfi tərəfi isə odur ki, Mərkəzi Bankın müstəqil və çevik pul-kredit siyasəti həyata keçirmək imkanını məhdudlaşdırır, ölkənin valyuta ehtiyatlarını daima risk altında saxlayır, ixrac potensialına mənfi təsir edir". İqtisadçı hesab edir ki,
üzən məzənnə ehtiyatların tükənməsinin qarşısını almaqla yanaşı çevik pul-kredit siyasəti üçün təminat verən rejimdi: "Amma beynəlxalq ticarət və maliyyə əməliyyatları, inflyasiya üçün həmişə risk qalır. Xüsusilə də azad iqtisadi münasibətlərin olmadığı şəraitdə bu risklər daha da yüksəlir. Azərbaycan iqtisadiyyatının hazırkı strukturu və problemləri isə üzən məzənnə rejiminin üstünlüklərindən bəhrələnməyə imkan yaratmır. Üzən məzənnə rejimi bilavasitə azad mexanizmdi. Üzən məzənnə rejimi iqtisadiyyatın müəyyən ixrac potensialının mövcudluğu, idxaldan asılılığın kəskin xarakter almadığı şəraitdə fayda verir. Üzən məzənnə rejimi ölkəyə kapital axını üçün əlverişli iqtisadi mühitin olduğu şəraitdə ölkə üçün uduşlu olur. Ölkəyə gələn xarici kapitalın ölkədən çıxan kapitaldan üstünlüyü yoxdursa, üzən məzənnə rejimi milli valyutanın müntəzəm ucuzlaşması, iqtisadiyyatın inflyasiya burulğanında boğulması ilə müşaiyət ediləcək. Rəsmi məlumata görə, 2015-c ilin 9 ayında Azərbaycana kapital formasında daxil olan valyuta cəmi 3.1 milyard dollar, çıxan isə 9.7 milyard dollar olub - fərq 6.6
milyard dollardır. Halbuki, məsələn, 2014-cü ildə həmin fərq 2 milyard dollardan da az olmuşdu. Cari əməliyyatlar hesabının müsbət saldosunun cəmi 40 dəfəyədək azaldığı şəraitdə kapital axınlarının bu cür böyük mənfi saldosu üzən rejiminin tətbiqi üçün çox riskli zamanın seçildiyini göstərir. Nəhayət, iqtisadiyyatın üzləşdiyi risklər barədə. Bank sektorunun valyuta ilə borcları 5.5 milyard dollara yaxındı. Bu o deməkdir ki, bank sektoru ən azı manatla 3 milyard manat əlavə borc qaytarmalı olacaq. Ötən devalvasiayada da təxminən bank sektorunun xaricə borca xidmət xərci bu qədər artmışdı. Cəmi bir ildə təkcə xarici borclarına görə 6 milyard manat zərərə düşən bank sektoru əlavə olaraq 1.5 milyard manat da dollarla depozitlərə görə ödəyəcəklər. Çünki hazırda banklarda valyuta ilə qoyulmuş təxminən 12 milyard dollar həcmində depozit var. Doğrudur, banklar bu resursların təxminən 9 milyardını dollar krediti kimi verib və bu o deməkdir ki, arada qalan 3 milyard dollara yaxın vəsait devalvasiya nəticəsində dəyərdən düşüb və depozit sahiblərinə onları qaytarmaq üçün manat ifadəsində əlavə olaraq 1.5 milyard manat vəsaitə ehtiyac var. İqtisadi fəallığın, kreditlərə təlabatın sürətlə azaldığı, kredit reytinqlərinin pisləşməsi üzündən xarici resurslara çıxışın məhdudlaşdığı, Mərkəzi Bankın dəstək imkanlarının minimuma endiyi şəraitdə bank sektoru bu zərəri necə qarşılayacaq? Bu sektoru yaxın aylarda çox çətin sınaqlar gözləyir. Xüsusilə gözlənilən qiymət artımı nəticəsində maddi durumun ağırlaşması əhalini depozitlərdən daha fəal istifadəyə vadar edəcək. Bu da nəzərə alınsa, bank sektorunun üzləşəcəyi ağır vəziyyəti təsəvvür etmək çətin deyil".
Füzuli