Qeyri-neft sektorunun inkişafı niyə ləngiyir?

Beynəlxalq miqyasda etibarlı tərəfdaş, demokratik ölkə kimi tanınan Azərbaycanın keçdiyi inkişaf yolu sözün həqiqi mənasında təqdirəlayiqdir. Dünya ölkələrinin iqtisadi geriləmə şəraitində yaşadığı dönəmdə Azərbaycan dinamik inkişaf yolunu davam etdirir. Hazırda isə ölkəmizin yeni iqtisadi kursu müəyyən edilib və bu mərhələnin müsbət nəticələr verəcəyi heç kimdə şübhə doğurmur.

Əsabil Qasımov: "Ölkəmiz elə bir inkişaf modeli seçib ki, burada neft amili əsas rol oynamasın"
 

Beynəlxalq miqyasda etibarlı tərəfdaş, demokratik ölkə kimi tanınan Azərbaycanın keçdiyi inkişaf yolu sözün həqiqi mənasında təqdirəlayiqdir. Dünya ölkələrinin iqtisadi geriləmə şəraitində yaşadığı dönəmdə Azərbaycan dinamik inkişaf yolunu davam etdirir. Hazırda isə ölkəmizin yeni iqtisadi kursu müəyyən edilib və bu mərhələnin müsbət nəticələr verəcəyi heç kimdə şübhə doğurmur. Millət vəkili Əsabil Qasımov bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən davamlı islahatlar sayəsində Azərbaycan son 13 ildə özünün iqtisadi müstəqilliyinin təmin olunması yolunda inamlı addımlar atıb: "Ölkəmizdə müasir çağırışlarla səsləşən, kreativ yanaşmalara geniş meydan verən sərbəst bazar iqtisadiyyatına transformasiya prosesi uğurla yekunlaşıb. Azərbaycan yaradılan möhkəm bazaya əsaslanaraq ölkədə liberal, rəqabətədavamlı, ixrac tutumu böyük olan diversifikasiya edilmiş iqtisadiyyat quruculuğu ilə bağlı yeni hədəflər müəyyənləşdirib. Kifayət qədər ciddi qlobal risklərlə müşaiyət olunan illərdə ölkəmizdə sosial-iqtisadi sahədə görülən işlər böyük nikbinlik doğurur. Digər tərəfdən, Azərbaycan regionda iqtisadi cəhətdən ən qüdrətli ölkəyə çevrilib. Əgər 2004-cü ildə Azərbaycan iqtisadiyyatı Cənubi Qafqaz iqtisadiyyatının 50 faizini təşkil edirdisə, hazırda bu nisbət əhəmiyyətli dərəcədə dəyişib. Belə ki, bu gün region iqtisadiyyatının təxminən 75 faizi respublikamızın payına düşür". Onun sözlərinə görə, dünyaya sıx inteqrasiya edən Azərbaycan da qlobal mənfi təsirlərdən tam sığortalanmayıb. Artıq xeyli vaxtdır ki, respublikamız arzuolunmaz xarici təsirlər, neftin dünya birjalarında kəskin dəyər itirməsi fonunda yaranan yeni iqtisadi şəraitdə yaşayır: "Respublikamızda yaşanan yeni iqtisadi şərait heç də sırf daxili və iqtisadi amillərlə bağlı deyil. Burada mənfi xarici təsirlər, o cümlədən də neftin dünyadakı ayrı-ayrı güc mərkəzləri tərəfindən siyasi manipulyasiya predmetinə çevrilməsi və ondan təzyiq vasitəsi kimi istifadə olunması əsas rol oynayıb. Məlumdur ki, son 12 ildə dünyada Azərbaycan kimi dinamik inkişaf edən ölkə olmayıb. Bütün istiqamətlər üzrə respublikamızın göstəriciləri yüksək olub, hətta Davos İqtisadi Forumu və bu qəbildən olan nüfuzlu beynəlxalq qurumlar da öz hesabatlarında Azərbaycan iqtisadiyyatının rəqabətqabiliyyətliliyini yüksək qiymətləndiriblər. Lakin Azərbaycan dünyada təcrid olunmuş vəziyyətdə yaşamır. Əksinə, ölkəmiz daim qarşılıqlı faydalı əməkdaşlıq platformalarından çıxış edir. Ötən illərdə respublikamız həm regional, həm də qlobal miqyasda sıx inteqrasiya proseslərinə qoşulub. Yəni biz dünyanın bir hissəsiyik. Bu mənada qlobal miqyasda gedən proseslərin Azərbaycana da hansısa bir formada təsir göstərməsi qanunauyğundur. Hazırda əsas məsələ ölkə iqtisadiyyatının və bütövlükdə cəmiyyətimizin yeni iqtisadi şəraitə effektiv adaptasiya mexanizmlərini tapmaqdan, meydana çıxan qlobal çağırışlara qoşulmaqdan ibarətdir. Təbii ki, Azərbaycanın milli maraqlarını qətiyyətlə qoruyan Prezident İlham Əliyevin vəziyyətdən çıxmaq və ölkənin uğurlu inkişafının davamlılığını təmin etmək məqsədilə qəbul etdiyi qərarlar konseptual xarakter daşımaqla respublikanın real imkanlarına əsaslanır və konkret hədəflərə hesablanıb. Respublikamız məlum gərginliklər fonunda da öz inkişafının ardıcıllığını təmin etməyə qadirdir. Prezident İlham Əliyevin yeni iqtisadi şəraitin özəllikləri nəzərə alınmaqla verdiyi tapşırıqlar və imzaladığı bir sıra mühüm sənədlər onu deməyə əsas verir ki, Azərbaycanda perspektiv üçün yeni inkişaf kursu müəyyənləşdirilib". Millət vəkili bildirib ki, ölkəmizin dünyada yaşanan qlobal çətinliklərin fonunda öz təhlükəsizliyini təmin etmək üçün ilk növbədə daxili resurslara istinad edərək müəyyənləşdirdiyi iqtisadi inkişaf modelinin ən səciyyəvi cəhətlərindən biri respublikada qeyri-neft sektorunun üstün inkişafının təmin olunması və yerli istehsalın güclü şəkildə təşviq edilməsi ilə bağlıdır: "Azərbaycanın qlobal iqtisadi şokların təsirinə daha az məruz qalaraq yüksək dayanıqlıq nümayiş etdirməsi ilk növbədə o amillə şərtlənir ki, son illərdə respublikamızda qeyri-neft sektorunun inkişaf etdirilməsi istiqamətində məqsədyönlü siyasət aparılıb və neftdən asılılıq əhəmiyyətli dərəcədə aradan qaldırılıb. Ölkəmiz elə bir inkişaf modeli seçib ki, burada neft amili əsas rol oynamasın. Məhz belə məqsədyönlü siyasət sayəsində son illərdə Azərbaycanda qeyri-neft sektorunun inkişafının neft sektorunun artım dinamikasını üstələməsi məmnunluq doğurur. Bir vaxtlar ölkədə istehsal olunan ümumi daxili məhsulda neft sektorunun çəkisi 80 faiz civarında idi. Hazırda isə ÜDM-də qeyri-neft sektorunun payı 70 faizə çatıb. Ölkəmizdə qeyri-neft sektorunun artım dinamikasında özəl sektorun dəstəklənməsi tədbirlərinin mühüm rolunu xüsusi qeyd etmək lazımdır. Respublikamızda qeyri-neft sektorunda xüsusi çəkiyə malik özəl bölmənin inkişafı məqsədyönlü şəkildə stimullaşdırılır və geniş təşviq olunur. Dövlət bu sahənin inkişafına həm siyasi, həm də maddi dəstək verir. Ölkədə yaranmış hazırkı şərait isə neftdənkənar iqtisadiyyatın, o cümlədən də özəl bölmənin inkişafının təşviq edilməsinə və stimullaşdırılmasına rəvac verən yeni nəsil islahatlar həyata keçirilir. Hazırda Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun dinamik inkişafının təmin edilməsi, rəqabətqabiliyyətliliyin artırılması və bu sahəyə investisiya qoyuluşunun sürətləndirilməsi sosial-iqtisadi inkişaf siyasətinin prioritet istiqamətlərindəndir". Onun sözlərinə görə, Azərbaycanın yeni iqtisadi kursunun başlıca istiqamətləri artıq müəyyənləşdirilib: "Yeni mərhələdə iqtisadi sektorda ardıcıl islahatların davam etdirilməsi müəyyən olunmuş hədəflərə çatmağa imkan verəcək. Əlbəttə, ötən dövr ərzində qeyri-neft sektorunun inkişaf etdirilməsi, paytaxtda və regionlarda sosial və iqtisadi infrastrukturun ən müasir standartlara uyğun yenidən qurulması qarşıya qoyulan vəzifələrin uğurla yerinə yetirilməsi üçün tam şərait yaradır. Bütövlükdə, yeni iqtisadi kursun fonunda sahibkarlığın inkişafına davamlı dəstək verilməsi, Azərbaycanın iş adamlarının, ilk növbədə, Azərbaycana sərmayə qoymalarının stimullaşdırılması və təmin olunması, bank sektorunun tənzimlənməsi prosesinin başa çatdırılması, qeyri-neft sektoruna xüsusi diqqət göstərilməsi, iqtisadi fəallığın artırılması, geniş özəlləşdirmə proqramının hazırlanması və həyata keçirilməsi, həm xarici, həm yerli investorların bu işə cəlb edilməsi və bu kimi qarşıda duran digər vəzifələri xüsusi qeyd etmək lazımdır".

Alim 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31