Manatın tam üzən məzənnəyə keçməsi labüddür
ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) uçot dərəcəsini artırması artıq dünya bazarına və ayrı-ayrı ölkələrin milli valyutalarına təsirini göstərməkdədir. Hansı ki, FED-in rəhbəri Canet Yellen bəyan etmişdi ki, ABŞ-ın Federal Ehtiyatlar Sisteminin uçot dərəcəsinin artırılması ilə bağlı bazarlarda hər hansı sarsıntı gözlənilmir. Uçot dərəcəsinin artırılmasına dair qərar iqtisadiyyatda tərəqqini əks etdirir. Bunun bazar kurslarına təsiri yalnız cüzi ola bilər.
20 Dekabr 2016 14:36 İqtisadiyyatƏli Məsimli: "Əgər bu proses düzgün həyata keçirilməsə bank sektoru tam çökə bilər"
ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) uçot dərəcəsini artırması artıq dünya bazarına və ayrı-ayrı ölkələrin milli valyutalarına təsirini göstərməkdədir. Hansı ki, FED-in rəhbəri Canet Yellen bəyan etmişdi ki, ABŞ-ın Federal Ehtiyatlar Sisteminin uçot dərəcəsinin artırılması ilə bağlı bazarlarda hər hansı sarsıntı gözlənilmir. Uçot dərəcəsinin artırılmasına dair qərar iqtisadiyyatda tərəqqini əks etdirir. Bunun bazar kurslarına təsiri yalnız cüzi ola bilər.
Qeyd edək ki, FED-in uçot dərəcəsini artırması Azərbaycana da təsirsiz ötüşməyib. Məlumata görə, hazırda manatın məzənnəsində müəyyən dəyişikliklər müşahidə olunmaqdadır. Millət vəkili Əli Məsimli bildirib ki, Azərbaycanda bu sahədə sistemli islahatlar aparılmayacağı təqdirdə, manat real bazarda öz qiymətini tapandan sonra da ucuzlaşması davam edəcək. Əgər sistemli islahatlar həyata keçiriləcəksə, 2017-ci il Azərbaycan iqtisadiyyatında sonuncu böhran ili olacaq, əks təqdirdə, böhran davam edəcək. Onun sözlərinə görə, FED-in dolların uçot dərəcəsinin möhkəmləndirilməsi bütün dünyadakı valyutalara nisbətdə möhkəmləndirilməsinə gətirib çıxaracaq: "Bu qərar təbii ki, Azərbaycan manatına da öz təsirini göstərəcək. Bu təsir birbaşa olmasa da, psixoloji təsiri olacaq. Bu gün manatın məzənnəsində FED-in qərarı deyil, daha çox digər amillər rol oynayır. Bunlar neftdən gələn valyuta gəlirlərinin azalması ilə yanaşı, ölkədən çıxan kapital axınıdır". Manatın tam üzən məzənnəyə keçməsi ilə bağlı məsələyə aydınlıq gətirən millət vəkili bildirib ki, bu proses labüddür və üzən məzənnəyə keçilməlidir: "Burada əsas məsələ ondan ibarətdir ki, tam üzən məzənnəyə keçildikdən sonra hansısa yeni çərçivələr olacaq, ya yox? Bu gün manat real bazar qiymətindən nisbətən aşağıdır. Ancaq bu qiymət real bazar qiymətinə yaxınlaşmaqdadır. Bir müddətdən sonra bu qiymət real bazar qiymətinə yaxınlaşacaq". İqtisadçı alim hesab edir ki, əsas problem manatın real bazar qiymətini aldıqdan sonra başlayacaq və ciddi problem də bu zaman yaranacaq: "Manat real bazarda qiymətini aldıqdan sonra hökumət manatın ədalətli qiymətinin sabitliyinin qorunub saxlanması istiqamətində hansısa addımlar atacaq, ya yox?! Yoxsamı, yenə də əvvəlki kimi idarə maraqları hər şeydən üstün olacaq? Bax, bu gün manata ən böyük təhlükə budur. İdarə maraqlarının hər şeydən üstün olmasıdır. Çünki 2015-ci ildə manatın iki dəfə devalvasiya uğradılmasında da idarə maraqları üstün gəldi. Məhz idarə maraqlarının hesabına manat 21 fevral 2015-ci ildə 34 faiz, daha sonra da 84 faiz şok devalvasiyaya uğradı. Hansı ki, dünyada belə praktikaya təsadüf rast gəlinir. Çünki ildə iki dəfə şok devalvasiya olmaz. Bunun nəticəsi olaraq ölkədə bank sektoru çökdü. Belə demək mümkünsə, ölkədə maliyyə sisteminin daşını-daş üstə qoymadı. Belə, olmaz, bunu edən cavabdeh şəxslər məsələ ilə bağlı cavab verməli və bir çox suallara aydınlıq gətiməlidir ki, bir daha belə hallar təkrarlanmasın". Ə. Məsimli əlavə edib ki, əgər hökumət üzən məzənnəyə keçidi düzgün həyata keçirməyəcəksə, bu, növbəti səhv olacaq və nəticədə bank sektorunun tam çökdürülməsinə gətirib çıxaracaq: "Əgər biz iqtisadiyyatı canlı orqanizm kimi dəyərləndirsək, bank sektoru bu orqanizmin qan-damar sistemidir. Qan-damar sistemi normal fəaliyyət göstərməyən oqranizmin nə sağlamlığından, nə də onun perspektivli sabahından söz açmaq olar. Ölkə iqtisadiyyatında real sektorun inkişafını istəyiriksə, bank sektoru sağlamlaşdırılmalı və burada ciddi islahatlar həyata keçirilməlidir. Çünki bugünkü bank sektorunun fəaliyyəti real sektorun inkişafına mane olur. 25 faizlik kreditlə iqtisadiyyatda hansı nəticəni əldə etmək olar ki?! Ona görə də heç olmasa, sahibkarlıqla məşğul olanlara krediti əlçatan etmək lazımdır. Odur ki, bank sektoru yenidən qurulmalıdır". Millət vəkili bildirib ki, bank sektorunu təcili ayağa qaldımaq üçün həyata keçirilən islahatlarla paralel olaraq, istehsal sahəsinin təcili inkişafına nail olmaq lazımdır: "Bunun ardınca əhalinin sosial təminatının yaxşılaşdırılması istiqamətində əməkhaqlarının, pensiyaların və digər müavinətlər artırılması lazımdır. Yəni, insanlaın minimum yaşayış tələbatı ödənilməlidir. Bu proseslər paralel aparılacaqsa, o zaman ölkə iqtisadiyyatında canlanma müşahidə olunacaq. Ona görə ki, istehsal-maliyyə sosial blok bir-biri ilə bağlıdır və bunlar paralel inkişaf etdirilməlidir. Əgər bu olacaqsa, Azərbaycanda böhran ağrısız keçəcək. Yox, əgər iqtisadi islahatlar dediyim prinsiplər əsasında sistemli aparılmayacaqsa, manat real bazarda öz dəyərini alsa belə, ondan sonra da mantın ucuzlaşması davam edəcək". Millət vəkili deyib ki, real bazarda manatın qiymətinin hansı səviyyə çatacağını bilsə də, bunu deyə bilməz, çünki bu, cəmiyyətdə ciddi ajiotaja gətirib çıxarar: "Odur ki, hökumət burada təcili olaraq sistemli islahatlar həyata keçirməlidir. Çünki dolların bahalaması fonunda ölkəyə idxal olunan malların qiyməti artacaq və bu da infilyasiya prosesinə ciddi təsir göstərə bilər. Baxmayaraq ki, hökumət 2017-ci ildə infilyasiyanın 7 faiz olacağını deyir, ancaq proses belə davam edəcəksə, Azərbaycanda infilyasiya növbəti ildə ikirəqəmli ola bilər". Millət vəkili hesab edir ki, Tarif Şurası bir daha qaz və elektrik enerjisinin qiymətinin artırılması ilə bağlı qərarına yenidən baxmalıdır: "Çünki bu qiymətləri artımaqla hökumətin əldə edəcəyi 300 milyon manat olacaq ki, bu da elə böyük miqdar deyil. Ancaq hökumət bunun əvəzində kölgə iqtisadiyyatını 10 faiz azaldarsa, büdcəyə bundan iki dəfə çox vəsait cəlb edə bilər. Bunun üçün hökumət qazanın dibindəki "qara deşikləri" bağlamaqla, əyriliklərə son verməklə buna nail olacaq. Yəni, burada qənaət rejimi lazımdır. İsrafçılığın qarşısının alınması, qənaət rejiminə keçilməsi deyiləndə ayrı-ayrı məmurların israfçılığı nəzərdə tutulmalıdır. Hansı ki, dövlətin milyonlarla, milyardlarla vəsaitini talayır və dağıdırlar. Əgər onların bu dağıdıcılığının qarşısı alınarsa, həm böhrandan çıxmaq olar, həm vətəndaşların sosial vəziyyətini yaxşılaşdırmaq, onların əməkhaqlarını, pensiya və digər sosial müavinətlərini artırmaq olar". Millət vəkili əlavə edib ki, əgər hökumət sistemli islahatlar həyata keçirərəsə, Azərbaycan başqa ölkələrdən fərqli olaraq böhrandan tez və ağrısız çıxacaq: "2017-ci il Azərbaycan üçün sonuncu böhran ili olacaq. Yox, əgər sistemli islahatlar keçirilməyəcəksə, o zaman bu böhran uzana bilər.Mən istərdim ki, 2017-ci il Azərbaycan üçün sonuncu böhran ili olsun". Xatırladaq ki, ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) uçot dərəcəsini 0,5-0,75%-dək artırıb. Ardınca Federal Ehtiyatlar Sisteminin Açıq Bazar Əməliyyatları üzrə Komitəsi 2017-ci ildə uçot dərəcəsinin üç dəfə artacağını bəyan edib. Hansı ki, cari ilin sentyabr ayında gələn il uçot dərəcəsinin iki dəfə artırılacağı bildirilirdi.
Alim