Nağdsız ödənişlər necə həyata keçiriləcək?
Müasir dövrdə pul təsərrüfat həyatın ayrılmaz atributuna çevrilib. Maddi dəyərlərin çatdırılması və xidmətlərin həyata keçirilməsi ilə bağlı bütün sövdələşmələr pul ödənişləri vasitəsi ilə yerinə yetirilir.
19 Dekabr 2016 14:42 İqtisadiyyatYalnız hüquqi və fiziki şəxslər belə ödənişlərdən istifadə edəcəklər
Müasir dövrdə pul təsərrüfat həyatın ayrılmaz atributuna çevrilib. Maddi dəyərlərin çatdırılması və xidmətlərin həyata keçirilməsi ilə bağlı bütün sövdələşmələr pul ödənişləri vasitəsi ilə yerinə yetirilir. Pul ödənişləri isə nağd və nağdsız ola bilər. Nəhayət Azərbaycanda da parlament tərəfindən uzun müddətdən bəri gözlənilən "Nağdsız hesablaşmalar haqqında" qanun qəbul edildi. Qanunun məqsədi Azərbaycan Respublikası ərazisində mülki dövriyyənin iştirakçıları arasında aparılan əməliyyatların və hesablaşmaların şəffaflığının təmin edilməsi, istehlakçıların hüquqlarının qorunması, dövriyyədə olan nağd pul kütləsinin nağdsız vəsaitlərlə əvəz olunması, bank sisteminin inkişaf etdirilməsindən ibarətdir. Daha dəqiq qanun ölkə ərazisində aparılan nağdsız hesablaşmaların hüquqi və iqtisadi əsaslarını müəyyən edir. Maraqlıdır, bu qanun ölkə iqtisadiyyatına nə verəcək və vətəndaşların fəaliyyətinə necə təsir göstərəcək? Hüquqşünas Alim Hüseynli bildirib ki, nağdsız hesablaşmalar haqqında qanunvericilik Azərbaycan Respublikasının Mülki Məcəlləsindən, Azərbaycan Respublikasının Vergi Məcəlləsindən və onlara uyğun qəbul edilmiş normativ hüquqi aktlardan ibarətdir. Bu qanunun ölkə iqrisadiyyatına və cəmiyyəyə təsirini müəyyən etmək üçün ilk növbədə nağdsız hesablaşmanın nədən ibarət olmasını müəyyən etmək lazımdır. Onun sözlərinə görə, nağdsız hesablaşma dedikdə, aşağıdakılar nəzərdə tutulur. Bura bir şəxsin bank hesabından digər şəxsin bank hesabına köçürülməklə və ödəniş vasitələri ilə həyata keçirilən hesablaşmalar daxildir. Burada ödəniş aləti kimi ödəniş kartları və ödəniş tapşırığı, ödəniş vasitəsi kimi isə mobil telefon aparatları, kompyüter və digər avadanlıqlar nəzərdə tutulur. Həmçinin ödəniş terminalları ilə həyata keçirilən hesablaşma; birbaşa nağd qaydada satıcının bank hesabına köçürülməklə həyata keçirilən hesablaşmalar da bura aiddir. Hüquqşünas bildirib ki, ƏDV məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyiciləri və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) iki yüz min manatdan artıq olan ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən təqvim ayı ərzində ümumi məbləği otuz min manatdan, digər vergi ödəyiciləri tərəfindən isə təqvim ayı ərzində ümumi məbləği on beş min manatdan artıq olan hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməlidir: "Qanunda bəzi hesablaşmaların yalnız nağdsız qaydada həyata keçirilnəzərdə tutulur. Bunlar vergilərin, gömrük rüsumları və yığımlarının, qanunla müəyyən edilmiş inzibati cərimələrin, maliyyə sanksiyalarının və faizlərin, lizinq əməliyyatları üzrə borcların ödənilməsi və kreditlərin verilməsi; dövlət orqanlarına, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərə, büdcə təşkilatlarına və publik hüquqi şəxslərə ödənilən xidmət haqları və digər yığımlar; əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) iki yüz min manatadək olan pərakəndə ticarət, iaşə və xidmət sahəsində fəaliyyət göstərən şəxslər istisna olmaqla, digər şəxslər tərəfindən ödənilən əmək haqları, pensiya, təqaüd, maddi yardım, müavinətlər, kompensasiyalar və təzminatlar; stasionar telefon xidmətləri və kommunal xərclərin ödənilməsi və sair ödəmələr daxildir". Vergiər nazirliyindən bildirilib ki, nağd qaydada xərclərin çəkilməsinə məhdudiyyətin qoyulması və pul vəsaitlərinin nağd qaydada bank hesablarından çıxarılmasına 1 faiz dərəcə ilə sadələşdirilmiş verginin tutulması vətəndaşlara deyil, yalnız vergi ödəyicilərinə münasibətdə tətbiq olunacaq. Yəni, bu qanunun müddəaları yalnız sahibkarlara aid edilir "Nağdsız hesablaşmalar haqqında" qanuna əsasən, faizsiz pul vəsaitlərinin (vergi ödəyicisi olmayan şəxslər tərəfindən pul vəsaitlərinin verilməsi halları istisna olmaqla) və digər ayırmaların ödənilməsi və qaytarılması, dövlət satınalma müqaviləsi üzrə əldə olunan vəsaitin istifadəsi (xərclənməsi), təhsil haqlarının ödənilməsi, turizm agentliklərinə ödəmələr yalnız nağdsız qaydada aparılmalıdır. Bu qanunun tələblərinin pozulmasına görə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə aparılan əməliyyatların 10%-i, ikinci dəfə yol verdikdə 20%-i, üç və daha çox dəfə yol verdikdə 40% miqdarında maliyyə sanksiyasının tətbiq edilməsi ilə bağlı Vergi Məcəlləsinə müvafiq maddə daxil edilib. Qeyd edək ki, qanunun ƏDV məqsədləri üçün qeydiyyata alınmış və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında iki yüz min manatdan artıq olan vergi ödəyicilərinə münasibətdə 2017-ci il yanvarın 1-dən, digər vergi ödəyicilərinə münasibətdə isə 2017-ci il aprelin 1-dən qüvvəyə minəcək. Mütəxəssislərin qənaətinə görə, nağdsız ödənişlərin əsas prinsiplərindən biri hesablaşmaların bank hesabları vasitəsi ilə həyata keçməsidir. Banklar müştərilərə vəsaitlərini orada saxlamaq və bank vasitəsi ilə köçürmələr etmək imkanı verir. Bu həm fiziki, həm də hüquqi şəxslərə qarşı mülki münasibətlərdir. Pulların bank vasitəsi ilə köçürülməsi iqtisadi səmərəlilik ilə əsaslanmalı, həmçinin bazar subyektlərinin iqtisadi müstəqilliyi və öz hərəkətlərinə görə maddi məsuliyyət daşımaları ilə uyğunlaşmalıdır. Bunun iqtisadi əhəmiyyəti isə onunla bağlıdır ki, ödənişləri qəbul edən tərəf nəinki ümumiyyətlə ödənişin həyata keçirilməsində, həm də onun əvvəlcədən qəti şəkildə müəyyən edilmiş tarixdə əldə etməkdə maraqlıdır. Müəssisələr və digər subyektlər ödənişin təcililiyi (müddəti) barədə məlumatlı olsalar, öz pul dövriyyələrini daha məntiqi şəkildə qura, borc vəsaitlərinə ehtiyacı daha yaxşı müəyyən edə və öz balanslarının likvidliyini idarə edə bilərlər.
Nurlan