FED-in qərarının dünya bazarlarına mümkün təsirləri

Artıq bir neçə gündür ki, dünya birjalarında Birləşmiş Ştatların Federal Ehtiyat Sisteminin məlum qərarı əsas müzakirə predmetinə çevrilib. Düzdür, okeanın o tayından FED-in uçot dərəcəsini qaldıracağı hələ bir müddət əvvəl proqnozlaşdırılırdı. Amma yenə də Birləşmiş Ştatların belə bir addım atmayacağına müəyyən ümidlər də vardı. Bəs, FED-in uçot dərəcəsini qaldırmasına təsir edən başlıca amillər hansılar idi?

Azərbaycana isə bu qərar iqtisadi deyil, daha çox psixoloji təsir göstərəcək

Artıq bir neçə gündür ki, dünya birjalarında Birləşmiş Ştatların Federal Ehtiyat Sisteminin məlum qərarı əsas müzakirə predmetinə çevrilib. Düzdür, okeanın o tayından FED-in uçot dərəcəsini qaldıracağı hələ bir müddət əvvəl proqnozlaşdırılırdı. Amma yenə də Birləşmiş Ştatların belə bir addım atmayacağına müəyyən ümidlər də vardı. Bəs, FED-in uçot dərəcəsini qaldırmasına təsir edən başlıca amillər hansılar idi?

"Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru Fikrət Yusifovun sözlərinə görə, FED-in uçot dərəcəsini qaldırması keçən ay OPEK-in neft hasilatını azaltması ilə bağlıdır və bir növ Vaşinqtonun buna bir cavabıdır: "İki ilə yaxın idi ki, OPEK neftin qiymətlərinin artırılması məqsədilə onun hasilatını azaltmağa dair qərar qəbul etməyə ciddi cəhd göstərirdi. Hər dəfə kartel bu qərarı qəbul etməyə yaxın olsa da, öncədən əldə edilmiş razılaşma müəmmalı bir şəkildə pozulurdu: "Nəhayət ki, bu ilin noyabr ayının 30-da keçirilən son toplantıda OPEK neft hasilatının sutka ərzində 1,2 milyon barel azaldılmasına dair qərar qəbul edə bildi. Bu qərardan sonrakı 10-12 gün ərzində dünya bazarlarında neftin qiymətləri 7-8 faizə qədər yüksəldi. Çoxları bundan sonra qiymətlərin qalxaraq 60-70 dollar arasında sabitləşəcəyini bildirsə də, biz bu qiymət artımına münasibət bildirərək onun sadəcə OPEK-in son qərarının yaratdığı pisxoloji bir hal olduğunu yazdıq və eyni zamanda bildirdik ki, Birləşmiş Ştatlar bütün hallar üçün neftin qiymətlərinin artmasına yol verməyəcək. Nəhayət, bizim dediklərimiz baş verdi. Baha dolların neftin qiymətlərinə mənfi təsiri aşkar bir məsələdir. ABŞ Federal Ehtiyatlar Sistemi OPEK-in bu qərarına cavab olaraq baza faiz dərəcəsini mövcud 0,25-0,5- dən 0,5-0,75 faizə yüksəltdi, Birləşmiş Ştatların Enerji Nazirliyi isə eyni gündə ölkənin neft ehtiyatlarının həcmi barəsində məlumatları dərc edərək bazardakı durumu kökündən dəyişə bildi". Fikrət Yusifov bildirib ki, Birləşmiş Ştatların bir gün ərzində atdığı bu iki addımla dünya bazarlarında neftin qiymətləri 4 faiz ucuzlaşdı: "Neftin qiymətləri ətrafında baş verən proseslərin siyasi motivlərlə idarə olunduğunu və OPEK-in hər hansı bir qərarının işləməyəcəyinə dair fikirləri biz artıq bir ildən çoxdur ki, mətbuat səhifələrində dəfələrlə səsləndirmişik. Bir daha təkrar edirik, neftin qiymətləri neft hasil edən ölkələrin arzuladığı səviyyəyə yalnız Birləşmiş Ştatların bunu istədiyi zaman qalxacaq. ABŞ - Rusiya qarşıdurması müstəvisindən baxanda isə bu məsələdə işıq ucu belə görünmür".

İqtisadçı Qubad İbadoğlu deyir ki, ABŞ-dan verilən qərar heç də sürpriz olmadı: "Çünki, hələ nəinki bir neçə gün əvvəl, hətta bir neçə ay əvvəl də gözlənilirdi ki,

FED bu il üçün planlaşdırdığı sonuncu iclasında uçot dərəcəsini qaldıracaq. Belə də oldu. FED ötən iclasında yalnız uçot dərəcələri ilə deyil, həm də ABŞ iqtisadiyyatının gələcəyi ilə bağlı proqnozlarını açıqladı. Belə ki, hazırda ABŞ-da uçot dərəcələri 0,5-0,75 diapozonunda olacaq. Bununla yanaşı, FED Birləşmiş Ştatlarda Ümumi Daxili Məhsul, inflyasiya və işsizliklə bağlı proqnozlarını da açıqlayıb. Məlum olub ki, 2016-cı ildə ABŞ iqtisadiyyatında vəziyyət gözlənildiyindən yaxşı olur, ÜDM-in artımı 1,8 fazidən 1,9 faizə, inflyasiya 1,3 faizdən 1,5 faizə qalxır, işsizlik isə 4,8 faizdən 4,7 faizə enir. Eyni zamanda FED-in açıqladığı proqnozlara görə, 2017-ci ildə ABŞ iqtisadiyyatı üçün müvafiq göstəricilər üzrə ÜDM-də artım 2,1 faiz, inflyasiya 1,9 faiz, işsizik isə 4,5 faiz olacaq. 2018-ci ildə isə ÜDM 2 faiz, işsizlik 4,5 faiz, inflyasiya isə 2 faiz olacaq". İqtisadçı hesab edir ki, FED-in qərarı əsasən dünya bazarlarnda bir sıra dəyişiklikləri şərtləndirəcək. Belə ki, FED-in son qərarı qısa və orta müddətli dövrdə ABŞ dollarının digər ölkələrin valyutalara nisbətdə məzənnəsinin möhkəmlənməsinə, bir sözlə dünya valyuta bazarında dolların hökmranlığının davam etməsinə, eləcə də xammal bazarında, xüsusilə də neft və digər enerji daşıyıcılaırnın qiymətlərinin ucuzlaşmasına səbəb olacaq: "Bu qərar həmçinin ABŞ mənşəli dövlət və korporativ qiymətli kağızlara sərmayə qoyuşuluşlarını da artıracaq və nəticədə kapitalın hərəkəti yenidən ABŞ-a doğru istiqamətlənəcək. FED-in son qərarının Azərbaycan iqtisadiyyatına psixoloji təsirləri isə, iqtisadi təsirlərindən çox olacaq. Bunu artıq bu günlər valyuta bazarlarında qərarlaşmış durum da təsdiq edir. Belə ki, hazırda Azərbaycan banklarının böyük əksəriyyəti dollar satışını dayandırıb, qara bazarlarda 1 ABŞ dollar 1,95 -2 manata satılır. Bundan başqa Azərbaycanın əsas ticarət tərəfdaşları olan Rusiya və Türkiyədə milii valyutaların ucuzlaşmasının da Azərbaycanın qeyri-neft ixracatına, eləcə də neftin qiymətinin ucuzlaşması və ya bahalaşma tempinin səngiməsi də bütövlükdə ixracata mənfi təsirlər göstərəcək. Bununla yanaşı Azərbaycan Dövlət Neft Fondunun aktivlərinin 47,6 faizinin dollarla saxlanılması və sərmayələrinin 24,1 faizinin ABŞ-da yerləşməsi məzənnə fərqinə və digər göstəricilərə müsbət, aktivlərin yerdə qalan hissəsinin digər valyutalarda və cografiyalarda olması isə mənfi təsirlər edəcək".

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31