Ölkədə yeni iqtisadi artım modeli formalaşır

Dünya bazarında neftin qiymətinin enməsilə əlaqədar olaraq Azərbaycanın gələn ilin dövlət büdcəsinin gəlir və xərclərinin azalması iqtisadi sferada həllini gözləyən bir sıra problemlərin qabardılmasına səbəb olub. Buna baxmayaraq, iqtisadçı millət vəkilləri növbəti ilin dövlət büdcəsinin peşəkarcasına hazırlandığı qənaəindədir.

Tahir Mirkişili: "Büdcə rəqəmləri makroiqtisadi sabitlik planlarına tam uyğundur"
 

Dünya bazarında neftin qiymətinin enməsilə əlaqədar olaraq Azərbaycanın gələn ilin dövlət büdcəsinin gəlir və xərclərinin azalması iqtisadi sferada həllini gözləyən bir sıra problemlərin qabardılmasına səbəb olub. Buna baxmayaraq, iqtisadçı millət vəkilləri növbəti ilin dövlət büdcəsinin peşəkarcasına hazırlandığı qənaəindədir. Xüsusən, 2017-ci ilin dövlət büdcəsində konsolidasiya prosesinin getməsi çox müsbət hal kimi dəyərləndirlir. Millət vəkili, parlamentin İqtisadi siyasət, sahibkarlıq və sənaye komitəsini üzvü, İqtisadi elmlər üzrə fəlsəfə doktoru Tahir Mirkişili bildirib ki, son 10 ildə Azərbaycan iqtisadiyyatı yüksək nailiyyətlər nümayiş etdimişdir. ÜDM-in həcmi bu müddətdə 3.2 dəfə, qeyri-neft sektoru isə 2,6 dəfə artmışdır. Dünya iqtisadiyyatında Azərbaycanın payı 2,2 dəfə yüksəlmişdir. Bu dövrdə dövlət büdcəsinin gəlirləri dəfələrlə artmışdır: "Təkcə onu qeyd edim ki, 2004-cü ildə dövlət büdcəsinin gəlirləri indiki kurs ilə cəmi 2.604 milyon AZN idi. Ölkədə aparılan büdcə siyasəti həmişə zamanın tələbinə uyğun olmuş və qarşıya qoyulmuş məqsədlərə xidmət etmişdir". Millət vəkili əlavə edib ki, Azərbaycan iqtisadiyyatının istisnasız uğurlu inkişaf dövrü 2015-ci ildə iqtisadi çətinliklərlə üzləşdi. Dünyada gedən makroiqtisadi proseslər, tərəfdaş ölkələrdə baş verən iqtisadi təlatümlər və neftin qiymətinin kəskin düşməsi Azərbaycanın iqtisadi artım modeilnə də təsir etmişdir: "Əgər əvvəlki illərdə ÜDM-in orta illik artımı 10% dən yüksək idisə, 2015-ci ildə ÜDM-in artımı 1.1%, 2016-cı ildə proqnozlaşdırılan azalma -2.8%, 2017-ci ildə proqnozlaşdırlan artım isə 1% həcmindədir. Qeyd etmək lazım ki, büdcə əslində bir nəticə olduğundan gəlirlərin mənbələri kimi ÜDM-in həcmi çöx böyük önəm daşıyır". Deputat bildirib ki, neft gəlirləri azaldığı üçün 2017-ci il büdcəsində konsolidasiya prosesinin getməsi çox müsbət addımdır: "Çünki bu, büdcə kəsirinin artımına yol vermir. İnflyasiyanı cilovlayaraq 2017-ci ildə onu 7.5% səviyyəsində müəyyən edir. Strateji valyuta ehtiyatlarının qorunmasına səbəb olur. Bu isə ölkənin təhlükəsizlik yastığıdır, ölkənin beynəlxalq reytinqinin qorunmasına dəstək olur. Ehtiyatlar həm tədiyyə balansının kəsirinin zərurət yarananda maliyyələşməsinin ən etibarlı mənbəyidir. Ən nəhayət, maliyyə intizamının güclənməsinə xidmət edir. Bu səbəblər isə makroiqtisadi sabitliyin və dayanlıqlığın zəruri şərtləridir". Onun sözlərinə görə, son illərdə ilk dəfə olaraq qeyri-neft sektorunun büdcə daxilolmalarında xüsusi çəkisi 50%-i keçməsi proqnozlaşdırılır: "Bu gəlirlər 2016-cı il ilə müqayisədə 503 mln manat çoxdur. Vergi daxilolmalarının 75%-dən çoxunun qeyri-neft sektorunun payına düşməsi dayanıqlı planlaşdırmadan xəbər verir. Qeyd edim ki, Azərbaycan yığılan hər 100 manat vergiyə çəkilən xərc cəmi 46 qəpikdir ki, bu da ən səmərəli Avropa göstəricisinə yaxındır. Cari xərclərin azaldılması makroiqtsadi sabitliyə nail olmağın əsas yollarından biri kimi müsbət qiymətləndirilir. Büdcə xərclərində sosial yönümlü xərclərin artaraq ümümi xərclərin 40%-dən çoxunu təşkil etməsi ölkə prezidentinin sosial siyasətinin heç bir azalmaya baxmayaraq davam etdirməsinin göstəricisidir. Əlavə olaraq hesab edirəm ki, gələn ilin büdcəsində elm, təhsil xərclərinin artırılması və ayrıca elmi tədqiqatlar və innovasiyalar üçün vəsaitin nəzərdə tutulması uzunmüddətli iqtisadi artım üçün çox faydalı olardı. Ümumilikdə büdcə rəqəmləri makroiqtisadi sabitlik planlarına tam uyğundur. Büdcə gəlirləri və xərcləri, bütövlükdə büdcənin həcmi iqtisadi artımdan və ÜDM-in həcm və strukturundan asılı olduğundan gəlirlərin artımını təmin edə biləcək yeni iqtisadi artım modelinin formalaşması prosesi getməkdədir. Qeyd etmək lazımdır ki, ölkə Prezidenti cənab İlham Əliyevin iradəsi ilə aparlıan iqtisadi islahatlar ölkədə yeni iqtisadi artım modelini formalaşdırmaqdadır". Maraqlı faktdır ki, 2014-cü ildə tərtib olunan proqnozlarda ÜDM-in 2017-ci il üçün artım tempi 6% göstərilirdi. Bəs Azərbaycanda son illərdə iqtisadi artımının əsas mənbəyi nə idi? Və niyə o mənbələr bu gün aktivlik göstərə bilmir? ÜDM-in inkişaf tempinin azalmasının səbəbini tam müəyyən etmədən iqtisadi inkişafın stimullaşdırılması üçün atılan addımlar yetərli olmaya bilər. Məsələ ilə əlaqədar millt vəkili bildirib ki, indiyə qədərki büdcə siyasəti əsasən sıçrayışlı iqtisadi artıma xidmət edirdi. Yəni yüksək büdcə xərcləri xeyli sayda iş yerləri yaratmaqla məşğulluğun artmasının əsas mənbəyi idi. Sosial rifahı artırmaq və vergi bazasını genişləndirmək də büdcədən qaynaqlanırdı. Eyni zamanda demək olar ki, bütün bank kreditləşmələri də bu iqtisadi modelə xidmət edirdi. Bu modelə bəzən "resurs modeli" də deyirlər. Yəni, dövlət xərclərinin artımı bank kreditlərinin və istehlakın artımına səbəb olurdu. Büdcə xərclərinin əsas mənbəyi neft gəlirləri idi. Beləliklə, neft gəlirləri milli iqtisadiyyatda böyük həcmdə daxili tələbi, o cümlədən, istehlak və investisiya tələbini formalaşdırırdı. Hesab etmək olar ki, indiyə qədərki iqtisadi artım modeli daxili tələbin, xüsusən də istehlak tələbinin üzərində qurulmuşdu: "Hazırda isə obyektiv səbəblərdən neft gəlirləri artıq əvvəki miqyasda daxili tələbi maliyyələşdirə bilmir, nəticə etibarilə daxili tələbin də iqtisadi artıma töhvəsi əhəmiyyətli dərəcədə aşağı düşmüşdür. Buna uyğun olaraq iqtisadi artım tempi də aşağı düşmüşdür". Burdan belə bir sual yaranır. Hazırda büdcə xərclərinin artırılması və əlavə iri layihələrin maliyyələşdirilməsi iqtisadi artıma gətirib çıxara bilərmi? Deputatın sözlərinə görə, təcrübə göstərir ki, belə addımlar daha çox əvvəlki modelin ömrünün bir az uzanmasına gətirib çıxara bilir. Nəzərə almaq lazımdır ki, artıq belə xərclərin maliyyələşməsinin mənbəyi ehtiyat fondlarda toplanmış vəsaitlərdir. Təbii olaraq bu addım ehtiyat fondlardakı vəsait bitənə qədər qısa müddətli istehsal və istehlakın canlamasına gətirib çıxara bilər. Digər tərəfdən, beynəlxalq təcrübənin təhlili göstərir ki, infrastruktur layihələrinin iqtisadi artıma müsbət təsiri əsasən o layihələrin həyata keçirilməsi müddətində baş verir. Ümumiyyətlə demək olar ki, iri layihələrin həyata keçirilməsi "resurs modeli"nin ömrünü yalnız bir qədər uzada bilər. Bu məqsədlə tamamilə doğru olaraq 2017 büdcə xərclərində dövlət investisiya xərcləri xeyli azaldılmışdır. Bu da iqtisadi blok əməkdaşlarının peşəkarlığının bir göstəricisidir: "Burdan o nəticəyə gəlmək olar ki, büdcə gəlirlərinin və iqtisadi artımın alternativ mənbələri tapılmalıdır. Azərbaycan kiçik ölkədir. Əhalisi də 10 mln nəfərdir. Bu o demək ki, 10 mln insanın tələbi üzərində böyük iqtisadiyyat qurmaq mümkün deyil. Dünya təcrübəsi göstərir ki, bu vəziyyətdə iqtisadi artım və ÜDM-in artmasının ən etibarlı mənbəyi yalnız və yalnız ixrac yönümlü, o cümlədən birbaşa xarici investisiyalara əsaslanan özəl investiyaslı iqtisadiyyatın yaradılmasıdır. Məhz belə bir iqtisadiyyatın qurulması dayanıqlı iqtisadi artıma və dayanıqlı məşğulluğa, dayanıqlı büdcəyə və makroiqtisadi sabitliyə səbəb olacaq. Bu modelin isə quruluşu və hədəfləri artıq ölkə Prezidenti tərəfindən imzalanan fərmanlarla tam müəyyən olunub".

Alim 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31