OPEK ölkələrinin Vyana razılaşması manatın məzənnəsinə necə təsir göstərəcək?

OPEK ölkələrinin Vyanada keçirilən sammitində tərəflər neft hasilatını sutkalıq 1,2 milyon barel azaldaraq 32,5 milyon barel səviyyəsində dondurmaq barədə razılığa gəliblər. OPEK-in hasilatının azaldılması ilə bağlı razılaşmasından sonra manatın məzənnəsinin necə dəyişəcəyi yenidən gündəmdədir. Aydındır ki, neftin qiyməti manatın məzənnəsi üçün önəmlidir. Amma mövcud qiymət milli valyutamızın məzənnəsini stabilləşdirə bilərmi, ümumiyyətlə, manatın kursunun stabilləşməsi üçün neftin qiyməti neçə olmalıdır?

OPEK ölkələrinin Vyanada keçirilən sammitində tərəflər neft hasilatını sutkalıq 1,2 milyon barel azaldaraq 32,5 milyon barel səviyyəsində dondurmaq barədə razılığa gəliblər. OPEK-in hasilatının azaldılması ilə bağlı razılaşmasından sonra manatın məzənnəsinin necə dəyişəcəyi yenidən gündəmdədir. Aydındır ki, neftin qiyməti manatın məzənnəsi üçün önəmlidir. Amma mövcud qiymət milli valyutamızın məzənnəsini stabilləşdirə bilərmi, ümumiyyətlə, manatın kursunun stabilləşməsi üçün neftin qiyməti neçə olmalıdır? İqtisadçı ekspert Vüqar Bayramov bildirib ki, manatın məzənnəsi üçün neftin qiyməti ilə yanaşı, Dövlət Neft Fondundan xərcləmələr səviyyəsi olduqca vacibdir: "Çünki manatın taleyini artıq daha çox Mərkəzi Bankın intervensasiyası deyil, Neft Fondunun hərraca çıxardığı dollarların məbləği müəyyənləşdirir. Bu baxımdan, fondun xərcləmələrinin artması birbaşa dollar təklifini artırır və ya əksinə, "az xərcləmə- az dollar" deməkdir. Bu ilin 9 ayında 4 milyard dollar satan fond həmin müddətdə cəmi 3 milyard 823 milyon manat xərcləyib. Həmin müddətdə manatın dollara orta məzənnəsini nəzərə aldıqda bu o deməkdir ki, sözügedən dövrdə fondda orta hesabla 2 milyard 440 milyon manat milli valyuta artıqlığı olub. Təbii ki, fond belə manat artıqlığı prinsipi ilə uzun müddət hərraclara çıxa bilməz və bu sözügedən qurumun strategiyasına da tam uyğun gəlmir. Deməli, dövlət xərcləmələri və Neft Fondunun dollar satışı manatın məzənnəsi üçün yaxın illərdə əsas amil olacaq. Ehtiyatlarının 75 faizini itirən Mərkəzi Bank 4 milyard dollarlıq rezervi ilə artıq prosesə birbaşa müdaxilə etməkdə maraqlı görsənmir. Deməli, neftin indiki qiymət artımları Azərbaycanda dollara olan tələbi azaltmayacaq və təbii ki, bu kontekstdən manatın məzənnəsinin möhkəmlənməsi real deyil". Onun sözlərinə görə, neftin dünya bazar qiymət hətta 60 dollara çatsa da belə bu manatın möhkəmlənməsi üçün yetərli deyil. Çünki bu halda da fondun qənaət prinsipi davam edəcək və nəticədə bazarda dollar qıtlığı olacaq: "Eləcə də, 2017-ci ildə Dövlət Neft Fondundan dövlət büdcəsinə transferin həcmi azalmaqda davam edəcək. 2017-ci ildə 1,5 mlrd. manat azalmadan söhbət gedir. Deməli, fond gələn il daha az dollar satacaq. Ona görə də, neftin dünya bazar qiyməti manatın məzənnəsi üçün əhəmiyyətli olsa da belə hələlik mövcud qiymət valyuta bazarımıza təsir etmir və bizim qiymətləndirmələr göstərir ki, əgər neftin qiyməti kəskin artmazsa və bazara ciddi intervensiya olmazsa növbəti ildə də dollara tələbin artması fonunda manatın ucuzlaşması müşahidə ediləcək. Bütövlükdə, bu ilin ortalarında qeyd etdiyim kimi, gələn il Rusiya və Qazaxıstanda olduğu kimi Mərkəzi Bank mövcud məzənnə siyasətindən istifadə edib liberal üzən siyasətə keçməsi ehtimalı kifayət qədər yüksəkdir. Bu halda isə, hətta neft fondunun mövcud transferləri də manatın ucuzlaşmasının qarşısını ala bilməyəcək". 
Maraqlıdır, ümumiyyətlə OPEK ölkələrinin Vyana razılaşmasının Azərbaycan üçün əhəmiyyəti nədən ibarətdir? Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban deyib ki, Azərbaycan da növbəti il üçün hasilatı azaldacaq: "Hökumətin 2017-ci il üçün büdcə paketində neft hasilatını azaltması ilə bağlı məsələ öz əksini tapıb. Gələn il üçün Azərbaycan hökuməti neft hasilatını gündəlik olaraq 30 min barrelə qədər azaltmağı planlaşdırır". İ.Şaban bildirib ki, hasilatın azaldılması ilə neftin qiymətlərində 20 faizlik artım proqnozlaşdırılır: "Bu gün Azərbaycanda gündəlik olaraq təqribən 840 min barel neft hasil edilir. Hasilat azaldıqdan sonra gündəlik olaraq 810 min barel neft çıxarılacaq. Dünya bazarında cari illə müqayisədə neftin gələn il üçün qiymətlərinin 20 faiz artırılması pronozlaşdırılır". Neftin qiymətlərinin qalxmasının Azərbaycan iqtisadiyyatına təsirlərinə gəlincə, mütəxəssis deyib ki, bu, hökumətin atacağı addımlardan asılı olacaq: "Hökumət nə qədər effektiv işləsə, bu, əhalinin həyat və şəraitinin yaxşılaşmasında öz əksini tapacaq".
Xatırladaq ki, Neft İxrac Edən Ölkələr Birliyinin (OPEK) üzvlərinin hamısı neft hasilatının azaldılması barədə Vyanada əldə olunan razılaşmaya qoşulublar. OPEK-in prezidenti, Qətərin energetika naziri Məhəmməd ben Saleh əs-Səda bildirib ki, Rusiya gündəlik 300 min barel neft hasilatını azaltmağa razı olub. "Razılaşmaya görə, neft ixrac edən ölkələr hasilatı azaldacaq. OPEK-ə daxil olmayan ölkələr gündə 600 min barel hasilatı azaldacaqlar. Bildirmək istəyirəm ki, Rusiya hasilatı 300 min barel azaltmağa razılaşıb. Səudiyyə Ərəbistanı isə gündə 486 min barel hasilatı azaldacaq"-deyə nazir bildirib. Onun sözlərinə görə, OPEK ölkələri 2017-ci ilin may atının 25-də yenidən bir araya gələcək. "Ümumilikdə bu razılaşma neft sənayesinin canlanmasına, ortamüddətli və uzunmüddətli perspektivdə neft sahəsinə investisiya qoymağa yardımçı olacaq". Qeyd edək ki, Vyanada OPEK-in sammitində əldə olunan razılaşma gələn ilin yanvar ayından qüvvəyə minəcək. 


 Nurlan 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31