Amerika Federal Ehtiyat Sisteminin qərarı növbəti devalvasiya yarada bilərmi?
Pərviz Heydərov: “Manatın məzənnəsini Amerikanın Federal Ehtiyat Sisteminin qərarlarına bağlamaq düzgün deyil” Dünya maliyyə bazarlarında yenə gərginlik müşahidə edilməkdədir. Əsas neft ixrac edən ölkələr sayılan OPEK-in bu günlərdə Vyanada neft hasilatını azaltmaq barədə əldə etdiyi ilkin razılaşma neft qiytmətlərinin bir qədər artmasına gətirib çıxarsa da, lakin prosesin heç də arzu olunan sonluqla nəticələnəcəyi inandırıcı görünmür.
2 Dekabr 2016 14:35 İqtisadiyyatPərviz Heydərov: "Manatın məzənnəsini Amerikanın Federal Ehtiyat Sisteminin qərarlarına bağlamaq düzgün deyil"
Dünya maliyyə bazarlarında yenə gərginlik müşahidə edilməkdədir. Əsas neft ixrac edən ölkələr sayılan OPEK-in bu günlərdə Vyanada neft hasilatını azaltmaq barədə əldə etdiyi ilkin razılaşma neft qiytmətlərinin bir qədər artmasına gətirib çıxarsa da, lakin prosesin heç də arzu olunan sonluqla nəticələnəcəyi inandırıcı görünmür. Birincisi, hasilatın azaldılması ilə bağlı yekun qərar dekabrın 9-da qeyri-OPEK üzvü olan ölkələrlə keçiriləcək görüşdən sonra qəbul olunacaq. Həmin görüşün isə hansı sonluqla nəticələnəcəyi, qeyri-OPEK ölkələrinin təşkilatın ilkin mövqeyi ilə razılaşacağını əvvəlcədən söyləmək qeyri-mümkündür. İkincisi isə, OPEK-in Vyanada hasilatı azaltmaq barədə əldə etdiyi ilkin razılıqdan sonra okeanın o tayından atılan adekvat addımdır. Belə ki, Birləşmiş Ştatlar Federal Ehtiyat Sistemi (FES) bu ayın ikinci ongünlüyü ərzində keçirəcəyi toplantısında kreditlər üzrə mərkəzi faiz, yəni uçot dərəcəsini gözlənildiyi kimi qaldırmaq haqda qərar qəbul edəcəyini açıqlayıb. Vyana görüşünün və orada əldə edilən ilkin razılaşmanın məmnunluğunu tam yaşaya bilmədən Birləşmiş Ştatlardan gələn bu xəbər neft ixrac edən ölkələr üçün ciddi siqnal olub. Amerika Federal Ehtiyat Sisteminin kreditlər üzrə mərkəzi faiz dərəcəsini qaldırmaq haqqında qərar qəbul edəcəyi barədə açıqlama yayar-yaymaz dərhal bu özünü dünyanın maliyyə bazarlarında hiss etdirməyə başlayıb. Son bir-iki gün ərzində dünyanın maliyyə bazarlarında dolların məzənnəsinin qalxmasına da məhz bu amil təsir göstərib. Elə Azərbaycanda da son günlərdə dolların məzənnəsində artım nəzərə çarpır. Bütün bu məqamları nəzərə alan bir sıra ekspertlər, eləcə də kütləvi infoirmasiya vasitələri iddia edirlər ki, əgər Birləşmiş Ştatların Federal Ehtiyat Sistemi kreditlər üzrə mərkəzi faiz dərəcəsini qaldırmaq haqqında qərar qəbul edəcəyi təqdirdə bu Azərbaycana da ciddi təsir gstərəcək. Hətta ölkədə üçüncü bir devalvasiyanın baş verəcəyi də istisna edilmir. Bəs görəsən bu nə dərəcədə mümkündür və onun hansı təsirləri ola bilər?
İqtisadçı ekspert Pərviz Heydərov isə hesab edir ki, manatın məzənnəsini Amerikanın Federal Ehtiyat Sisteminin qərarlarına bağlamaq düzgün deyil. Onun sözlərinə görə, düzdür, keçən il manatın ikinci dəfə devalvasiyası məhz Federal Ehtiyat Sisteminin baza faiz dərəcəsini 0,25 faiz artırması haqda qərarından dərhal sonraya təsadüf etdi: "Lakin bu, o demək deyildi ki, ikinci devalvasiya məhz bu, səbəbdən baş verdi. Əsla, yox. Buna qədər də artıq, məlum idi ki, manat növbəti dəfə də ucuzlaşdırılacaq və o, "üzən məzənnə" rejiminə transfer olunacaq. Çünki Mərkəzi Bankın (AMB) valyuta ehtiyatları tükənmişdi, neftin qiyməti ardıcıl olaraq düşməkdə davam edirdi, ölkədən valyuta ixracı idxalı üstələməyə başlamışdı, valyuta bazarında Birləşmiş Ştatlar dollarına və ümumiyyətlə, digər xarici valyutalara sürətlə artmaqda olan tələbi təklif ödəyə bilmirdi. Həmçinin qonşu ölkələrdə, xüsusən də tərəfdaş ölkələrdə isə milli valyutalar
dəyərsizləşdirilirdi ki, bütün bunların müqabilində də manatın məzənnəsini artan təzyiqlər qarşısında əvvəlkitək qoruyub saxlamaq qeyri-mümküz bir hala gəlib çatmışdı". Pərviz Heydərov bildirib ki, bundan əlavə, Federal Ehtiyat Sisteminin qərarları Birləşmiş Ştatlar valyutasının dünya üzrə mövqeyini müəyyən etmək üçün əhəmiyyət daşıyır: "Belə baxanda isə dolların bu sarıdan hazırki vəziyyəti onsuz da kifayət qədər möhkəm xarakter daşımaqdadır. Sadəcə olaraq, Federal Ehtiyat Sisitemi bu ayda nəzərdə tutulan iclasında baza faiz dərəcəsini keçən ildəki kimi artırarsa, bu qərar onun bir az da möhkəmlənməsi ilə nəticələnəcək. Azərbaycana gəldikdə isə manat artıq, 1 ildir ki, üzən məzənnə rejimi əsasında idarə olunur. Və ötən müddət ərzində kəskin, yəni üçüncü devalvasiyanın baş verməməsinə də səbəb məhz bu olmuşdur. Demək istədiyim budur ki, keçən ilin dekabrında əgər, üzən məzənnəyə keçilməsəydi, indiyədək nəinki üçüncü və ola bilsin ki, hətta drdüncü devalvasiya da baş vermişdi. Odur ki, söhbət əgər, növbəti kəskin ucuzlaşmanın baş verib-verməyəcəyindən gedərsə, qeyd edim ki, manat onsuz da ucuzlaşmaqdadır və ikinci devalvasiyadan sonra o, Birləşmiş Ştatlar dolları qarşısında 11 faizdən çox dəyər itirmişdir. Və bu proses davamlı xarakter daşımaqdadır. Hesab edirəm ki, manatın məzənnəsi ilə bağlı yaxın perspektivdə vəziyyəti də Federal Ehtiyat Sisteminin nə kimi qərar qəbul edəcəyi deyil, məhz neftin dünya bazar qiymətləri müəyyən edəcəkdir".
Süleyman