Qızıl bazarının “qızıl dövrü” bitdi

Satıcılar ümidlərini toy mövsümünə bağlayıblar Son günlər dünya və Avropa fond birjalarında keçirilən hərraclarda qızılın qiymətinin kəskin bahalaşması müşahidə edilir. Belə ki, son iki gündə qızılın bir unsiyası 12 dollaradək bahalaşaraq 1235 dollara yaxınlaşıb. Hələlik qiymətli metalın qiymətindəki bahalaşmanın səbəbləri açıqlanmır. Buna baxmayaraq, qızılın quymətinin kəskin şəkildə bahalaşmasının səbəbi kimi dünya bazarında neftin qiymətinin dəyişməsi göstərilir. İqtisadçşı-ekspert Pərviz Heydərovun fikrincə, qızılın bahalaşmasının əsas səbəbi həmişə olduğu kimi, yenə də neftin qiymətiylə bağlıdır

Satıcılar ümidlərini toy mövsümünə bağlayıblar

Son günlər dünya və Avropa fond birjalarında keçirilən hərraclarda qızılın qiymətinin kəskin bahalaşması müşahidə edilir. Belə ki, son iki gündə qızılın bir unsiyası 12 dollaradək bahalaşaraq 1235 dollara yaxınlaşıb. Hələlik qiymətli metalın qiymətindəki bahalaşmanın səbəbləri açıqlanmır. Buna baxmayaraq, qızılın quymətinin kəskin şəkildə bahalaşmasının səbəbi kimi dünya bazarında neftin qiymətinin dəyişməsi göstərilir. İqtisadçşı-ekspert Pərviz Heydərovun fikrincə, qızılın bahalaşmasının əsas səbəbi həmişə olduğu kimi, yenə də neftin qiymətiylə bağlıdır: "Məlum olduğu kimi uzun fasilədən sonra neft dünya bazarlarında yenidən dəyər qazanmağa başlayıb. Bu isə ABŞ dollarının möhkəmlənməsi prosesinin yavaşıması, daha dəqiq desək, dayanması ilə eyni anda müşahidə edilir. Yəni, bu tandem həmişə mövcud olub və indi də özünü göstərir. Eyni zamanda, burada dünya fond birjalarında yaranmış qeyri-müəyyənlik də rol oynayır. Yəni, dövlətlərin öz valyuta ehtiyatlarının strukturunda qızılın artırılması elementlərini də istisna etmək olmaz. Bununla belə, tendensiya kövrək xarakter daşıyır". Ekspert qızılın qiymətinin bahalaşmasının Azərbaycanda qızıl bazarına, xüsusilə də toylara və toy biznesinə təsirinə də aydınlıq gətirib: "Məncə, burada birbaşa əlaqə yoxdur. Ümumiyyətlə, bu və ya digər ölkədə zinət əşyalarının qiymətlərini dünyada qızıl bazarında gedən proseslərlə əlaqələndirmək tam düzgün olmazdı. Bunu ölkəmizdə bu sahədə pərakəndə satış vəziyyətinin müşahidəsi də deməyə əsas verir. Məsələn, manatın hər iki devalvasiyası nəticəsində qızıl əşyalarının alqı-satqısı əhəmiyyətli dərəcədə zəifləyib. Bundan əlavə, ölkədə neft gəlirlərinin azalması ilə əlaqədar bütün sahələrdə iqtisadi aktivlik endiyindən toy biznesi də əvvəlki səviyyədə deyil. Bunu adicə hər axşam saat 6-dan sonra şəhərimizdəki şadlıq saraylarının qarşısından keçdikdə də görmək olur. Yəni toyların sayı gözəçarpacaq dərəcədə azalıb". İqtisadçının sözlərinə görə, hazırda vəziyyət belədir ki, manatın dəyərinin ucuzlaşması, habelə xarici amillərin təsiri ilə bağlı ölkə daxilində qızıl və zinət əşyalarının qiymətləri əvvəlki vəziyyətlərindən xeyli yüksəlib, digər tərəfdən isə əhalinin də real alıcılıq qabiliyyəti azalıb. Ona görə də dütün bunların yanında dünya bazarlarındakı bu və ya digər tendensiyaların təsirindən danışmaq yersiz görünür.
Məsələ orasındadır ki, dünya bazarında qızılın qiyətinin artması Azərbaycana da təsirsiz ötüşmür. Müşahidələr nəticəsində qənaətə gəlinən real nəticə ondan ibarətdir ki, Azərbaycanın qızıl bazarında durğunluq hökm sürür. Hətta bəzi sahibkarlar müştəri qıtlığından fəaliyyətlərini dayandırmaq təhlükəsi ilə üzləşiblər. Müşahidə apardığımız satış mərkəzlərində satıcılar daha çox müştəri qıtlığından gileyləndilər. Satıcı Sevda Hacıieva deyir ki, saatlarla müştəri gözləməkdən "gözlərinin kökü saralıb": "Əvvəllər belə deyildi. İlin bir neçə məlum ayları var ki, yalnız həmin aylarda alver zəifləyirdi. Daha dəqiq, may ayı, Qurban və məhərrəmlik aylarında satış zəif olurdu. Qalan vaxtlar heç olmasa qoyulan vəsaiti və kirayə haqqını çıxarmaq olurdu. İndi isə müştəri olmadığından axşama qədər telefonla oynayırıq". Digər satıcı Dilbər Əliyeva deyir ki, dollar bahalaşandan sonra qızıl baha başa gəlir. Bu məmulatlar əsasən Türkiyə, Rusiya və digər xarici ölkələrdən gətirilir: "Qızıl xarici valyuta ilə alındığından baha başa gəlir. Odur ki, onun satışı çətinləşir. Qiyməti eşidən müştəri qaçır. Əvvəllər, heç olmasa bir az gəlirimiz olurdu, indi heç icarə pulunu da çıxara bilmirik. Hətta bəzi satıcılar icarə haqqını verə bilmədiklərinə görə işlərini bağlayıblar". 
Satıcılar deyir ki, qızılın satış faizinin aşığı düşməsinin digər səbəbi ölkədə toyların sayının azalmasıdır. Satıcı Elxan Abbasov deyir ki, son vaxtlar toyların sayının azalması qızıl bazarına əməlli-başlı təsir göstərib:"Həm toyların sayı azalıb, həm də toy-nişan üçün nəzərdə tutulan bəzək əşyaları həddindən artıq bahadır. Adi bir gəlini bəzəmək üçün ən azı 4-5 min xərc tələb olunur. Odur ki, hazırda toya hazırlaşan vətəndaşlar qızıl məmulatlarını özləri xaricdən gətirirlər. Bu da qızıl bazarının zəifləməsinə səbəb olur". Lakin satıcılar ümidlərini üzmürlər. Deyirlər ki, qış fəslində onsus da toy-nişanların sayı az olur. Toy mövsümü başlayanda şıdırğı alver gedəcək. Lakin nəzərə almırlar ki, toylardan qazananlar yalnız müğənnilər və restoran sahibləri olur. Neftin qiymətinin nə vaxt bahalaşacağı, dolların məzənnəsinin düşəcəyi isə hələlik heç kimə bəlli deyil. Bu isə o deməkdir ki, qızıl ticarətçiləri ümidlərini dünya iqtisadiyyatında gedən proseslərin onların xeyrinə dəyişməsinə bağlamağa məhkumdurlar. 

Nurlan 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31