Banklar hesabatlılıq öhdəliklərinə əməl etməkdən necə yayınırlar?

Samir Əliyev: “Bu həmin bankların maliyyə vəziyyəti barədə əhalidə, o cümlədən ekspertlərdə şübhələr yaradırdı” Keçən ilin sonlarında baş verən devalvasiyadan sonra ölkədə fəaliyyət göstərən bir sıra banklar yaranmış vəziyyətə adekvat fəaliyyət göstərə bilməyərək işini dayandırdı. Həmin ərəfədə istər-istəməz cəmiyyətdə belə bir sual meydana çıxdı ki, banklar nə üçün rentabelli fəaliyyət göstərə bilmədilər. Eləcə də müştəri hesabına milyonlar əldə edən bu maliyyə qurumları hansı səbəbdən ən adi məsələləri belə öz müştərisindən gizlədərək onu maliyyə sirri kimi cəmiyyətə ötürməkdən yayınır.  Bu günlərdə isə bu maliyyə qurumlarında cəmiyyətə açıqlıq prosesi müşahidə edilməyə başladı. Məlum oldu ki, bu da səbəbsiz deyil. Belə ki, Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) “Banklarda korporativ idarəetmə standartları”nın tələblərinə müvafiq məlumatların açıqlanması ilə bağlı banklara xəbərdarlıq məktubu göndərib və hətta bu tələblərə əməl etməyən 10-dan çox banka qarşı maliyyə sanksiyasının tətbiq edib.

Samir Əliyev: "Bu həmin bankların maliyyə vəziyyəti barədə əhalidə, o cümlədən ekspertlərdə şübhələr yaradırdı"

Keçən ilin sonlarında baş verən devalvasiyadan sonra ölkədə fəaliyyət göstərən bir sıra banklar yaranmış vəziyyətə adekvat fəaliyyət göstərə bilməyərək işini dayandırdı. Həmin ərəfədə istər-istəməz cəmiyyətdə belə bir sual meydana çıxdı ki, banklar nə üçün rentabelli fəaliyyət göstərə bilmədilər. Eləcə də müştəri hesabına milyonlar əldə edən bu maliyyə qurumları hansı səbəbdən ən adi məsələləri belə öz müştərisindən gizlədərək onu maliyyə sirri kimi cəmiyyətə ötürməkdən yayınır.  Bu günlərdə isə bu maliyyə qurumlarında cəmiyyətə açıqlıq prosesi müşahidə edilməyə başladı. Məlum oldu ki, bu da səbəbsiz deyil. Belə ki, Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) "Banklarda korporativ idarəetmə standartları"nın tələblərinə müvafiq məlumatların açıqlanması ilə bağlı banklara xəbərdarlıq məktubu göndərib və hətta bu tələblərə əməl etməyən 10-dan çox banka qarşı maliyyə sanksiyasının tətbiq edib.

Məsələ ilə bağlı fikirlərini bölüşən iqtisadçı ekspert  Samir Əliyev qeyd edib ki, "Banklar haqqında" qanunun 48-ci maddəsinə istinad olunan sanksiyalar əsasən bankınıza yeni filial və şöbələrin açılmasının dayandırılmasını, yeni müştəri hesablarının açılmasının və yeni əmanətlərin cəlb edilməsinin qadağan edilməsini nəzərdə tutur: "Məktuba görə, qadağaların yalnız məlumatlar ictimaiyyətə açıqlandıqdan və bununla bağlı Palataya rəsmi məlumat verildikdən sonra aradan qaldırılması mümkündür. Qeyd edim ki, Palatanın belə sərt addımını müsbət qiymətləndirirəm. İqtisadi böhran yaranandan sonra banklar hesabatlılıq öhdəliklərinə əməl etməkdən yayınırlar. Bu isə həmin bankların maliyyə vəziyyəti barədə əhalidə, o cümədən ekspertlərdə şübhələr yaradırdı". İqtisadçı qeyd edib ki, devalvasiya nəticəsində 13 bankın bağlanması bu şübhələrin əsassız olmadığını bir daha sübut etdi. Onun sözlərinə görə, bankların hesabatları ictimaiyyətə açıqlaması əhali üçün maraq kəsb etməsə də ekspertlər üçün bank sektorunun mənzərəsini müəyyən etməyə imkan verəcək: "Bütün bu müsbət hadisə fonunda bir sıra suallara cavab tapılması vacib. Əvvəlcə, onu qeyd edim ki, şəffaflıq və hesabatlılıq təkcə banklar və bank olmayan kredit təşkilatları üçün yox həm də monetar siyasətə məsul qurumlar üçün olmalıdır. Mərkəzi Bank 2014-cü ildən bəri statistik hesabatlarının həm dövriliyini, həm də məzmununu məhdudlaşdırır, vacib məlumatlar hesabatdan çıxarılır. Maliyyə Bazarlarına Nəzarət Palatasının rəsmi internet saytında öz fəaliyyəti barədə hesabata, qəbul etdiyi qərarlara rast gəlmək olmur". Samir Əliyev onu da diqqətə çatdırıb ki, hesabatların ilkin analizi maraqlı nüanslar ortaya çıxarıb: "Hesabatlardan məlum olur ki, böhran bank sektorunu vurmayıb və hətta banklarımız mənfəət qazana biliblər. Bank qanunvericiliyinin tələblərinə əməl edən, risk menecmentini düzgün quran və nəhayət ictimaiyyətdə "güclü bank" imici olan bankların zərərinin yüksək olması fonunda reputasiyası zədəli olan, adı bağlanmaq ehtimalı yüksək olan banklar arasında hallanan bankların maliyyə nəticələri yaxşı olub və hətta mənfəət də qazana biliblər. Bu, necə ola bilər? Əgər AccessBank, Yapı Kredi Bank Azərbaycan, Xalq bank, bank of Baku, Bank Respublika, Unibank kimi banklar zərər etdiyi halda digər banklar necə mənfəət əldə edə bilər? Əlbəttə mənfəət qazanan bütün bankları nəzərdə tutumuram. Ümumiyyətlə, bu hesabatlar nə dərəcədə reallığı əks etdirir? Bu gün mənfəət qazanmış bank sabah bağlansa bu, nə dərəcədə məntiqli olacaq? Suallar çoxdur?. Bunların cavablarını həmin banklar və Palata verə bilər. Ancaq fikrimcə, xüsusilə 2 sualın cavabı bizə vəziyyəti real qiymətləndirməyə imkan verər. Birincisi, banklar verdikləri kreditlərin qaytarılmama səviyyəsini necə qiymətləndirirlər? İkincisi, problemli kreditlər üzrə ehtiyatları hansı səviyyədə yaradırlar? Bu iki sualın cavabı banklarımızın vəziyyətini düzgün qiymətləndirməyə, hesabatların dəqiqliyini müəyyənləşdirməyə imkan verəcək. Palatanın bu məsələlərə diqqət yetirməsi yaxşı olardı".

Məhəmməd

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31