Nazir Almaniya səfirini qəbul edib
İqtisadiyyat naziri Şahin Mustafayev Almaniya Federativ Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixael Kindsqrabı qəbul edib. Nazir Avropa İttifaqı ölkələri, xüsusilə Almaniya ilə əməkdaşlığın genişləndirilməsinə böyük önəm verildiyini diqqətə çatdırıb.
16 Noyabr 2016 14:58 İqtisadiyyatİqtisadiyyat naziri Şahin Mustafayev Almaniya Federativ Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixael Kindsqrabı qəbul edib.
Nazir Avropa İttifaqı ölkələri, xüsusilə Almaniya ilə əməkdaşlığın genişləndirilməsinə böyük önəm verildiyini diqqətə çatdırıb. Vurğulayıb ki, ölkələrimiz ticarət, investisiya, maliyyə, səhiyyə, təhsil və digər sahələrdə əməkdaşlıq edir. Alman şirkətləri Cənub Qaz Dəhlizi layihəsində iştirak edirlər. Tvinninq layihəsi üzrə əməkdaşlıq çərçivəsində 11 layihə icra edilib, 3 layihənin icrası isə davam etdirilir. Sumqayıt Kimya Sənaye Parkında Almaniya təcrübəsi əsasında sənaye sahəsində Peşə Tədris Mərkəzi yaradılır. Birgə proqram çərçivəsində 2009-2016-cı illərdə 300-ə yaxın sahibkar və gənc menecer Almaniyada ixtisasartırma kursu keçib. Şahin Mustafayev Azərbaycan iş adamlarının 2017-ci ildə Almaniyanın Berlin, Köln və Düseldorf şəhərlərində keçiriləcək bir çox sərgilərdə iştirak edəcəyini qeyd edib. Diqqətə çatdırılıb ki, 24-25 noyabr tarixlərində Bakıda 6-cı iclası keçiriləcək Ticarət və İnvestisiyalar üzrə Almaniya-Azərbaycan Yüksək səviyyəli İşçi Qrupunun, eləcə də Alman-Azərbaycan Xarici Ticarət Palatasının fəaliyyəti ölkələrimiz arasında əlaqələrin inkişafında əhəmiyyətlidir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin ədalətli mövqeyini səfirin diqqətinə çatdıran Şahin Mustafayev bir sıra alman şirkətlərinin Azərbaycanın işğal olunmuş ərazilərində fəaliyyət göstərməsinin yolverilməz olduğunu vurğulayıb.