Azərbaycan əhalisi pulu daha çox nəyə xərcləyir?- ŞƏRH

“Ümumiyyətlə aparılan monitorinqlər göstərir ki, Azərbaycanda vətəndaşlar istehlak malları, xüsusilə də ərzağa daha çox vəsait xərcləyirlər”. Bunu SİA-ya açıqlamasında iqtisadçı-ekspert Vüqar Bayramov deyib.

"Ümumiyyətlə aparılan monitorinqlər göstərir ki, Azərbaycanda vətəndaşlar istehlak malları, xüsusilə də ərzağa daha çox vəsait xərcləyirlər". Bunu SİA-ya açıqlamasında iqtisadçı-ekspert Vüqar Bayramov deyib.

Xərclərin təxminən 60 faizinin istehlak mallarına xərcləndiyini deyən iqtisadçı-ekspert bildirib ki,  bu, bir tərəfdən bazarda müşahidə edilən inflyasiya ilə bağlı olsa da, digər tərəfdən  həm də ailələrdə  xərclərin planlaşdırılmaması ilə bağlıdır: "Ümumiyyətlə, Azərbaycan ailələri büdcəsini ən az planlaşdırılanlar siyahısındadırlar. Misal üçün Böyük Britaniyada ailələrin  təxminən 90 faizi büdcəsini planlaşdırırsa, ölkəmizdə aparılan monitorinqlər göstərir ki,  təxminən 20 faiz ailələr büdcə planlaşdırması həyata keçirirlər. Bu da nəticə etibarı ilə ərzaq məhsullarına ayrılan xərcin həcmini artırır ki bu da israfçılıqdır. İsrafçılıq olduqda  vəsaitlərdən səmərəli istifadə etmək mümkün  olmur.  Ümumiyyətlə, düzgün planlaşdırılan büdcədə də ərzaq məhsullarına ayrılan xərc digərlərinə nisbətən daha çoxdur.  Son zamanlar geyim mallarına xərclənən vəsait azalsa da, ərzaqdan sonra ikinci yerdə məhz geyim malları üstünlüyünü qoruyub saxlayır".

V. Bayramov əlavə edib ki, son dövrlər elektron xidmətlərə ayrılan xərclərdə artım qeydə alınıb: "Bura internet,  mobil telefon xərcləri daxildir. Elektron və virtual xərclər nəticə etibarı ilə insanların xərclərindəki yerini artırmaqdadır. Ümumiyyətlə, biz  xərcləri qruplaşdırsaq, ərzaq, geyim məhsulları, internet, mobil və nəqliyyat xərcləri əsas yerlərdə dayanır.  Ailələr vəsaitlərinə qənaət etmək üçün mütləq şəkildə büdcələrini planlaşdırmalıdırlar".

Məlumat üçün nəzərinizə çatıdraq ki, Dövlət Statistika Komitəsinin yaydığı məlumata əsasən Azərbaycan əhalisinin xərclərinin yarısı ərzağa yönəlir. Belə ki, bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda istehlakçılara 23,9 mlrd. manatlıq və ya 2015-ci ilin eyni dövrü ilə müqayisədə 2,1% çox məhsul satılıb. İstehlakçıların pərakəndə ticarət şəbəkələrində xərclədiyi vəsaitin 49,8%-i və ya 11,9 mlrd. manatı ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 17,8%-i və ya 4,25 mlrd. manatı toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,6%-i və ya 1,58 mlrd. manatı elektrik malları və mebelin, 5,7%-i və ya 1,36 mlrd. manatı avtomobil yanacağının, 1,4%-i və ya 335 mln. manatı əczaçılıq və tibbi malların, 0,8%-i və ya 191 mln. manatı kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,9%-i  və ya 4, 28 mlrd. manatı isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31