Azərbaycan iqtisadiyyatı qarşısında bir çox müasir çağırışlar var

Ölkədə biznes mühitinin optimallaşdırılması istiqamətində də müvafiq tədbirlər həyata keçirilir Dünyada baş verən iqtisadi, siyası təlatümlər dünya iqtisadiyyatının bir hissəsi olan Azərbaycan iqtisadiyyatına da təsirini göstərməkdədir. Ancaq müsbət qeyd edilməli məqam ondan ibarətdir ki, bu təsir özünü minimum səiyyədə göstərir. Bunun əsas səbəbi isə Azərbaycanın zamanında böhrana qarşı adekvat addımlar atması, təkcə neft deyil, eləcə də qeyri-neft sektorunu inkişaf etdirməsidir.

Ölkədə biznes mühitinin optimallaşdırılması istiqamətində də müvafiq tədbirlər həyata keçirilir

Dünyada baş verən iqtisadi, siyası təlatümlər dünya iqtisadiyyatının bir hissəsi olan Azərbaycan iqtisadiyyatına da təsirini göstərməkdədir. Ancaq müsbət qeyd edilməli məqam ondan ibarətdir ki, bu təsir özünü minimum səiyyədə göstərir. Bunun əsas səbəbi isə Azərbaycanın zamanında böhrana qarşı adekvat addımlar atması, təkcə neft deyil, eləcə də qeyri-neft sektorunu inkişaf etdirməsidir.

Elə millət vəkili Tahir Mirkişili də belə hesab edir. Qloballaşma prosesinin sürətlə getdiyi bir şəraitdə hər bir milli iqtisadiyyat digər bir xarici iqtisadiyyatlarla sıx inteqrasiya şəraitində fəaliyyət göstərir. Digər milli iqtisadiyyatlarda baş verən proseslər isə ölkələrin daxili iqtisadi münasibətlərinə də təsir edir: "Bu təsirlərdən daha az zərərlə çıxmağın ən doğru yollarından biri isə şaxələndirilmiş iqtisadiyyatın qurulması, azad sahibkarlıq fəaliyyətinin gücləndirilməsidir. Son illər ərzində Azərbaycanda dövlət tərəfindən həyata keçirilən tədbirlər nəticəsində qeyri-neft sektorunun inkişaf tempi xeyli yüksəlmiş, xüsusi çəkisi ilə xeyli artmışdı.

Dünya bazarında neftin qiymətlərinin aşağı düşməsi, bununla bağlı ölkəyə valyuta daxilolmalarının azalması diqqətləri daha sürətlə qeyri-neft sektoruna yönəltmiş, bu sektorda daha effektiv idarəetməyə, gəlirlərin daha şəffaf əldə edilməsinə və gəlirlərin artırılmasına nail olmaq təxirəsalınmaz prioritet kimi önə çıxmışdır. Bu məqsədlə ölkə Prezidentinin fərman və sərəncamları, qəbul olunmuş qanunlar vasitəsilə iqtisadi fəaliyyətin artırılması yönümündə təxirəsalınmaz tədbirlər görulməkdədir.

Əslində qeyri-neft sektorunun inkişafı ilə bağlı tədbirlər hələ xeyli müddət əvvəldən başlanmışdı. Bu günkü atılan addımlar bu prosesləri daha da sürətləndirmək və müasir təhlükələri önləmək məqsədi daşıyır". Millət vəkili deyir ki, ölkənin aqrar sahədə müqayisəli üstünlüklərindən bəhrələnmək üçün əkinə yararlı torpaqların dövriyyəyə buraxılması, pambıqçılıq, tütünçülük, baramıçılıq sahəsində yeni dövlət təşviqləri və subsidiyaları sisteminin yaradılması, milli məhsul alışının təşviqi əhalidə bu sahəyə həvəsi və inamı artırmış və aqrar sahədə yüksək əlavə dəyərin yaradılmasına nail olunub. Tahir Mirkişilinin sözlərinə görə, yeni sənaye zonalarının yaradılması, ən müasir texnologiyaların bu zonalara cəlb olunması, xarici investorlar üçün əlavə vergi və gömrük güzəştlərinin tətbiq olunması Azərbaycanın yeni və çevik sənaye siyasətinin tərkib hissəsdir: "İxrac siyasətinin işlənib hazırlanması, ixraca yönəlik sahələrə və sahibkarlara xüsusi dövlət dəstəyinin hazırlanması ilə bağlı ölkə Prezidentinin verdiyi tapşırıqlar bu sahədə də mühüm nəticələrə gətirib çıxaracaqdır. Hazırda Azərbaycan iqtisadiyyatı qarşısında bir çox müasir çağırışlar var. Ölkə Prezidentinin iqtisadi və sosial məsələlərin həlli ilə bağlı keçirdiyi müşavirədə bu çağırışlar, onların yaranma səbəbləri və yeni iqtisadi inkişaf istiqamətləri dəqiq göstərildi. Dövlət başçısının təşəbbüsü ilə Milli Məclisə məhz bu məqsədlərlə bir çox iqtisadi qanun layihələri daxil olub və qəbul olunub. Parlamentdə qəbul olunan qanun layihələri dünyada hökm sürən iqtisadi böhrana baxmayaraq, ölkəmizin davamlı inkişafını təmin edəcək. Milli Məclisin iclaslarında qəbul olunan qanun layihələrinə əsasən, əhalinin banklara qoyduğu əmanətlər 3 il ərzində limitsiz olaraq tam sığortalanıb. Bunun nəticəsi olaraq son aylar bağlanan banklarda olan əhalinin əmanətləri dövlət tərəfindən əhaliyə tam ödənilib". Millət vəkili bildirib ki, ölkədə biznes mühitinin optimallaşdırılması istiqamətində də müvafiq tədbirlər həyata keçirilir: "Həyata keçirilən tədbirlər, qəbul olunan qərarlar və qanunlar ölkədə biznes mühitini bir neçə istiqamətdə təkmilləşdirib. İlk öncə bürokratik əngəlləri tam aradan götürməklə sahibkarlara daha sərbəst fəaliyyət göstərmək imkanı yaradıb. Dövlət rüsumlarına edilən dəyişiklilər sahibkarlıq fəaliyyətinin həm də xərclərini azaltmaqla bu fəaliyyəti daha əlçatan edib. Xarici investorların cəlb edilməsi məqsədilə tətbiq edilən güzəştlər Azərbaycanın regional olaraq daha cəlbedici ölkə statusuna sahib olmağa imkan yaradıb. Ölkə Prezidentinin təşəbbüsü ilə yaradılan ölkələrarası üçtərəfli əməkdaşlıq formatı, beynəlxalq nəqliyyat dəhlizlərinin yaradılması Azərbaycanın həm də dünya miqyasında qlobal iqtisadi mərkəzlər arasında kommunikasiya rolunu artırıb. Bütün bunlar ölkədə tamamilə yeni reallıqlara sahib olan bir biznes mühit formalaşdırmaqdadır". Tahir Mirkişili onu da qeyd edib ki, Azərbaycanın maliyyə sektorunda müasir çağırışlarla ayaqlaşmaqla bağlı müəyyən problemləri var: "Bütün dünyada banklar mövcud iqtisadi şəraitə uyğun olaraq dəyişə bilmədikdə, ya digərləri ilə konsolidasiya olunurlar ya da bağlanırlar. Dəyişdikdə isə fəaliyyətini davam etdirə bilirlər. Yəni, çeviklik əsas şərtlərdən biridir. Ölkədəki bəzi banklarda bu çeviklik təəssüf ki müşahidə olunmur. Müasir banklar kredit verdiyi təşkilatların inkişafında maraqlı olmalıdır. Banklar özləri də dəyər yaratmalıdırlar. Sadəcə "pul alıb satmaq" funksiyasının dövrü çoxdan keçib. Azərbaycanın bəzi bankları bu funksiyalara yiyələnməyiblər. Onlar kredit verdikləri zaman sadəcə girov götürməklə işlərini bitmiş hesab ediblər. Amma dünyada bank sektoru belə fəaliyyət göstərmir. Dünyada sağlam banklar maraqlı olurlar ki, kredit almaq üçün təqdim olunan layihələr işlək olsun, bir çox hallarda banklar bu layihələrdə müştərək iştirak edirlər. Azərbaycan bankları içərisində də bu təcrübəyə malik banklar var. Ancaq bunu bütün banklara aid etmək olmaz. Hesab edirəm ki, bankların dəyər yaradıcı funksiyaları olmalıdır. Ancaq bütün bunlarla yanaşı bankları bu qədər günahlandırmaq düzgün deyil. Çünki banklar iqtisadiyyatın çox önəmli hissəsidir. Bankları daim təzyiq altında saxlamaq iqtisadiyyatda əlavə problemlər yarada bilər. Əhalinin də banklara inamı və dəstəyi vacibdir. Ölkənin maliyyə sektorunda sürətli islahatlar aparılır, hesab edirəm ki, bu islahatlar nəticəsində daha sağlam, daha yaradıcı maliyyə subyektlərinə sahib olacağıq".

S.İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31