Dövlət Neft Fondu- milli neft strategiyasının tərkib hissəsi kimi
Və ya şəffaflıq və səmərəli idarəçilik Sovet İttifaqının dağılması və bu ittifaqın tərkibində olan müttəfiq respublikaların öz müstəqilliklərini elan etməsi nə dərəcədə müsbət bir addım olsa da, lakin qazanılmış müstəqilliyin müəyyən mənada çətinlikləri, problemləri də yox deyildi. İrəlidə yenicə müstəqillik qazanmış respublikaları bir sıra çətinliklər gözləyirdi. Xüsusilə, keçmiş müttəfiqlər arasında iqtisadi əlaqələrin qırılması ayrı-ayrı respublikalarda ağır iqtisadi böhrana səbəb olmuşdu. SSRİ-nin dağılması ilə barışmayan, onu hər vasitə ilə yenidən bərpa etməyə çalışan Moskva isə keçmiş imperiyanın tərkibində olan respublikalarda siyasi gərginlik, vətəndaş qarşıdurması yaratmaqla müstəqilləşmə prosesinə mane olmağa çalışırdı. Yaranmış bu cür çətin durumlardan isə ölkəni yalnız dərin siyasi biliyi və təcrübəsi olan siyasilər çıxara bilərdi. Bu baxımdan Azərbaycanın bəxti gətirmişdi desək yanılmarıq.
8 Noyabr 2016 15:11 İqtisadiyyatVə ya şəffaflıq və səmərəli idarəçilik
Sovet İttifaqının dağılması və bu ittifaqın tərkibində olan müttəfiq respublikaların öz müstəqilliklərini elan etməsi nə dərəcədə müsbət bir addım olsa da, lakin qazanılmış müstəqilliyin müəyyən mənada çətinlikləri, problemləri də yox deyildi. İrəlidə yenicə müstəqillik qazanmış respublikaları bir sıra çətinliklər gözləyirdi. Xüsusilə, keçmiş müttəfiqlər arasında iqtisadi əlaqələrin qırılması ayrı-ayrı respublikalarda ağır iqtisadi böhrana səbəb olmuşdu. SSRİ-nin dağılması ilə barışmayan, onu hər vasitə ilə yenidən bərpa etməyə çalışan Moskva isə keçmiş imperiyanın tərkibində olan respublikalarda siyasi gərginlik, vətəndaş qarşıdurması yaratmaqla müstəqilləşmə prosesinə mane olmağa çalışırdı. Yaranmış bu cür çətin durumlardan isə ölkəni yalnız dərin siyasi biliyi və təcrübəsi olan siyasilər çıxara bilərdi. Bu baxımdan Azərbaycanın bəxti gətirmişdi desək yanılmarıq.
Azərbaycan dünyanın maraq dairəsində
SSRİ-nin süqutundan sonra Cənubi Qafqaz regionu, xüsusilə Azərbaycan dünya dövlətlərinin maraq dairəsinə çevrilmişdi. Əsas səbəb isə Azərbaycanın zəngin neft ehtiyatlarına malik olması idi. Lakin həmin dövrdə Azərbaycanda mövcud olan qeyri-siyasi vəziyyət, ölkəni yenidən imperiyanın boyunduruğuna salmaq cəhdləri dünya dövlətlərini Bakıya bir qədər ehtiyatla yanaşmaq məcburiyyətində qoyurdu. Bu vəziyyət isə nə Azərbaycana, nə də ölkəmizə maraq göstərən dünya dövlətlərinə sərf edirdi. Respublikada mövcud olan ağır siyasi və iqtisadi böhrandan çıxmaq üçün həmin dövrdə Azərbaycanda cəmiyyətin bütün sağlam qüvvələrini öz ətrafında birləşdirə bilən, ölkənin aparıcı iqtisadi sahəsi sayılan neft sənayesinə xarici investorları cəlb edib bu sahəyə investisiyaların yatırılmasını təşkil edə bilən qüvvəyə ehtiyac duyulurdu. Məhz bu ehtiyacdan, zərurətdən irəli gələrək 1993-cü ilin iyununda Azərbaycan xalqı ümummilli lider Heydər Əliyevi Bakıya dəvət edərək ölkənin idarəçiliyini ona həvalə etdi. Heydər Əliyev hakimiyyətə gəldiyi ilk gündən ölkədə siyasi sabitliyi bərqərar etməklə yanaşı, iqtisadi sahədə də mövcud olan bir sıra problemləri aradan qaldırmaq, Azərbaycan iqtisadiyyatını dirçəltməyi başlıca məqsəd olaraq qarşıya qoymuşdu. Bu baxımdan ümummilli lider Azərbaycanın güclü və qüdrətli dövlətə çevrilməsi üçün ölkənin malik olduğu zəngin karbohidrogen ehtiyatlarından səmərəli istifadəni son dərəcə vacib hesab edirdi. Heydər Əliyev yeni neft strategiyasının işlənib hazırlanması və uğurla həyata keçirilməsi üçün əzmlə çalışırdı. Lakin həmin dövrdə Azərbaycanın maliyyə imkanlarının kifayət qədər məhdud olması və bu təbii sərvətin daxili imkanlar hesabına dünya bazarlarına çıxarılmasının mümkünsüzlüyünü bilən Heydər Əliyev çıxış yolunu məhz Qərbin nüfuzlu şirkətləri ilə əməkdaşlığın qurulmasında görürdü. Xüsusilə, Heydər Əliyev bu məsələdə daha çox Azərbaycanın milli maraqlarının ön planda olmasını vacib hesab edirdi. Çünki hələ 1993-cü ilin əvvəllərində hazırlanmış layihə iqtisadi və siyasi baxımdan Azərbaycanın deyil, daha çox xarici şirkətlərin maraqlarına xidmət edirdi. Heydər Əliyev qısa zamanda Qərb şirkətləri ilə danışıqların yeni şərtlər çərçivəsində aparılmasını təmin edərək 1994-cü ilin aprel ayında İlham Əliyevi ARDNŞ-in beynəlxalq əlaqələr üzrə vitse-prezidenti təyin etdi. Bu Heydər Əliyevin Qərb şirkətləri ilə aparılan danışıqlara necə böyük əhəmiyyət verdiyinin göstəricisi idi. Qeyd etmək yerinə düşər ki, İlham Əliyev bu vəzifəyə təyin olunanda nəinki ölkənin neft sektoru, ümumiyyətlə Azərbaycanın perspektiv inkişaf proqramı təhlükə qarşısında idi. Çünki Qərb şirkətləri külli miqdarda sərmayəni mürəkkəb geosiyasi məkanda yerləşən, xüsusilə müharubə şəratində olan Azərbaycana yatırmağı riskli hesab edirdilər. Lakin ARDNŞ-in beynəlxalq əlaqələr üzrə vitse-prezidenti təyin edildikdən cəmi iki həftə sonra yeni neft müqaviləsi layihəsinin hazırlanması üçün əvvəl Türkiyəyə, daha sonra isə Birləşmiş Ştatlara səfər edən İlham Əliyev yüksək
səviyyədə diplomatik bacarığını nümayiş etdirərək Qərb şirkətlərində Azərbaycanla bağlı inam və etimad formalaşdıra bildi. Nəhayət, Qərb şirkətləri ilə aparılan danışıqlar məntiqi sonluqla yekunlaşdı. Beləliklə, 1994-cü il, sentyabrın 20-də Bakıda, "Gülüstan" sarayında Xəzər dənizinin Azərbaycan sektorundakı "Azəri", "Çıraq" yataqları və "Günəşli" yatağının dərinlikdə yerləşən hissəsinin 30 il müddətinə birgə kəşfiyyatı, işlənməsi və hasilatı bölgüsü üzrə Birləşmiş Ştatlar, Böyük Britaniya, Rusiya, Türkiyə və Səudiyyə Ərəbistanının şirkətlərinin birləşdiyi konsorsiumla ARDNŞ arasında "Əsrin müqaviləsi" adlandırılan tarixi saziş imzalandı. Bu həm XX əsrdə dünyanın qlobal enerji layihələrindən biri, həm də Azərbaycanın ən yeni tarixinin parlaq və əlamətdar səhifəsi idi.
ARDNF-beynəlxalq səviyyəli maliyyə təşkilatı
"Əsrin müqaviləsi"nin imzalanmasından sonra bu sahədə həyata keçirilən layihələr, həmin layihələrdən gələn gəlirlərin səmərəli şəkildə istifadəsi qarşıda duran əsas vəzifələrdən idi. Bunu gözəl bilən ümummilli lider Heydər Əliyev hələ "Əsrin müqaviləsi"nin imzalandığı ilk günlərdən bəyan edirdi ki, neft Azərbaycanın ən böyük sərvətidir və ondan olduqca qənaətlə istifadə etmək lazımdır. Neftdən gələn gəlirlərin Azərbaycanın bütün nəsilləri arasında ədalətli şəkildə bölünməsini vacib hesab edən ümummilli lider bu sahədən əldə edilən gəlirlərin düzgün və səmərəli şəkildə istifadəsi məsələsini daim diqqətdə saxlayırdı. Elə bunun əyani sübutu idi ki, Heydər Əliyevin 1999-cu il, 29 dekabr tarixli fərmanı ilə Dövlət Neft Fondu yaradıldı. Məlumat üçün qeyd edək ki, Azərbaycan Respublikasının Dövlət Neft Fondunun yaradılması prosesi zamanı beynəlxalq təcrübə yaxından öyrənilmiş, bu təcrübəyə malik ölkələrlə qarşılıqlı faydalı əməkdaşlıq edilmişdi. Yaradıldığı gündən şəffaflıq Neft Fondunun fəaliyyətinin əsas prinsiplərindən birini təşkil etdi. Qısa müddət ərzində Neft Fondu şəffaflığın təmin edilməsi baxımından çox yüksək səviyyədə inkişaf etdi, müasir standartlara cavab verən, beynəlxalq səviyyəli maliyyə təşkilatına çevrildi. Fondun yaradılması nəticəsində neft sazişlərinin həyata keçirilməsi ilə əlaqədar əldə edilən gəlirlərin toplanması və səmərəli idarə edilməsi mexanizmi nəzərdən keçirildi. Burada neft-qaz ehtiyatlarının işlənməsindən əldə edilən gəlirlərin istifadəsində israfçılığa, əyintilərə səbəb ola biləcək halların qarşısının alınması, eləcə də şəffaflığın tam təmin edilməsi ön planda dururdu. Dövlət Neft Fondunun fəaliyyətinin başlıca istiqamətləri ölkə iqtisadiyyatının inkişafına təkan vermək, daha dəqiq, strateji əhəmiyyət kəsb edən enerji layihələrini, eləcə də mühüm sosial layihələri maliyyələşdirmək, neftdən qazanılan vəsaitləri indiki və gələcək nəsillər üçün qoruyub saxlamaq, artırmaq, eyni zamanda hasilatda şəffaflıq prinsipini təmin etməkdən ibarət idi. Təsadüfi deyil ki, Heydər Əliyevin fərmanı ilə Dövlət Neft Fondundan ilk maliyyə vəsaiti məhz Azərbaycanın ən ağrılı problemlərindən biri olan qaçqın və məcburi köçkünlərin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılmasına, çadır düşərgələrinin ləğvinə yönəldildi. Sonrakı illərdə isə neftdən gələn gəlirlər əhalinin sosial rifah halının yaxşılaşdırılması, infrastruktur layihələrinin həyata keçirilməsi, regional proqramların icrasına da sərf edildi ki, bu da ümumilikdə Azərbaycan iqtisadiyyatının dinamik inkişafına təkan verdi.
Sosial-iqtisadi inkişafa təkan verən strategiya
Azərbaycanın sosial-iqtisadi inkişafına təkan verən neft strategiyası 2003-cü ilin oktyabr ayında Heydər Əliyev siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyevin hakimiyyətə gəlməsi ilə özünün yeni mərhələsinə qədəm qoydu. Prezident İlham Əliyevin, 2003-cü il, noyabrın 24-də imzaladığı "Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında" fərmanında neft gəlirlərindən düzgün istihadəni nəzərdə
tutan uzunmüddətli strategiyanın hazırlanmasının mühüm vəzifələri müəyyənləşdirildi. Həmin fərmanda ölkə iqtisadiyyatında müşahidə olunan dinamik inkişafın sürətləndirilməsi yolları dəqiq göstərildi. Bu Dövlət Neft Fondunda toplanmış gəlirlərdən səmərəli istifadə olunmasına dövlət tərəfindən göstərilən həssas münasibətin göstəricisi idi. Bunun əyani sübutlarından biri kimi Prezident İlham Əliyevin 2004-cü il, sentyabr ayının 27-də imzaladığı fərmanla təsdiq edilmiş "Neft və qaz gəlirlərinin istifadə olunması üzrə uzunmüddətli strategiya"nı göstərmək olar. Strategiyanın imzalanması Prezident İlham Əliyevin neft sahəsində gəlirlərin idarə olunması, onlardan səmərəli istifadə, həmçinin şəffaflığın gözlənilməsi məsələlərinə kifayət qədər ciddi yanaşdığını ortaya qoyurdu. Qısa müddətdə hazırlanan regional proqram və onun uğurlu icrası Azərbaycanda neft gəlirlərindən necə səmərəli istifadə olunduğunu ortaya qoydu. Məhz neft gəlirlərindən səmərəli istifadənin nəticəsi idi ki, ardıcıl olaraq həyata keçirilən regional proqramlar ölkənin sürətli inkişafına təkan verdi. Ümumilikdə Azərbaycanın simasını müsbətə doğru dəyişdi. Bu gün də Azərbaycan zamanında atmış olduğu doğru, obyektiv addımlar sayəsində öz uğurlu inkişaf yolunu davam etdirir. Hazırda bir çox dünya ölkələrinin üzləşdiyi qlobal iqtisadi və maliyyə böhranına rəğmən Azərbaycan ondan minimum dərəcədə əziyyət çəkir. Bunun isə başlıca səbəbi zamanında ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi neft strategiyası və günümüzdə həmin strategiyanın Prezident İlham Əliyev tərəfindən uğula davam etdirilməsidir. Bu uğuru, əldə edilən nailiyyətləri ARDNF-in cari ilin yanvar-sentyabr ayları ərzində açıqladığı statistikadan da aydın görmək mümkündür. Belə ki, hesabat dövrü ərzində ARDNF-nin 2016-cı il büdcəsinin icrası çərçivəsində 3 260,0 milyon manat vəsait dövlət büdcəsinə transfert edilib. Bundan başqa qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 73,8 milyon manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 39,1 milyon manat, Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsinə 48,6 milyon manat, eləcə də digər istiqamətlərə müəyyən miqdarda vəsait ayrılıb.
Beləliklə, neftdən əldə edilən gəlirlərin iqtisadiyyatın digər vacib sahələrinə, xüsusilə də qeyri-neft sektoruna, istehsal sahibkarlığına yönəldilməsi, yeni müəssisə və zavodların açılması yolu ilə işsizlik probleminin aradan qaldırılması, bir sözlə əhalinin sosial müdafiəsinin gücləndirilmısi günümzdə də prioritet hesab olunur. Dövlət başçısının çevik və işlək mexanizmlər üzərində həyata keçiriyi uğurlu sosial-iqtisadi inkişafın nəticəsi olaraq bu gün Azərbaycan dünyanın sürətlə inkişaf edən ölkələrindən birinə çevrilib.
Süleyman İsmayılbəyli
Yazı "Azərbaycan Respublikası Dövlət Neft Fondu ilə Azərbaycan Mətbuat Şurasının "Azərbaycanın müstəqilliyinin iqtisadi bünovrəsində milli neft strategiyasının rolu: Azərbaycan Respublikası Dövlət Neft Fondu milli neft strategiyasının tərkib hissəsi kimi"mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur"