İlin sonuna doğru dollara tələb artacaq
Ekspert: “Manatın bazar dəyərinin möhkəmləndirilməsinə çalışmaq lazımdır” Dollara artan tələb Mərkəzi Bankın valyuta ehtiyatlarının son 1 ayda 4,13 milyard dollardan 4,0 milyard dollaradək azalmasına səbəb olub. Mərkəzi Bankın rezervlərində iyul ayından müşahidə edilən azalma tendensiyası isə davam etməkdədir. 2014-ci ilin iyul ayında 15,19 milyard dollar ehtiyata sahib olan Mərkəzi Bank həmin puldan cəmi 4 milyard dolları saxlaya bilib. Bu arada Dövlət Neft Fondu da valyuta hərraclarında bu ilin oktyabr ayı ərzində 371 milyon dollar satdığını açıqladı. Beləliklə, oktyabrda dollara tələbin artması Neft Fondu ilə yanaşı Mərkəzi Bankı da xərcə salıb. Maraqlıdır, manatın ucuzlaşmasına hansı amillər səbəb olub?
4 Noyabr 2016 13:38 İqtisadiyyatEkspert: "Manatın bazar dəyərinin möhkəmləndirilməsinə çalışmaq lazımdır"
Dollara artan tələb Mərkəzi Bankın valyuta ehtiyatlarının son 1 ayda 4,13 milyard dollardan 4,0 milyard dollaradək azalmasına səbəb olub. Mərkəzi Bankın rezervlərində iyul ayından müşahidə edilən azalma tendensiyası isə davam etməkdədir. 2014-ci ilin iyul ayında 15,19 milyard dollar ehtiyata sahib olan Mərkəzi Bank həmin puldan cəmi 4 milyard dolları saxlaya bilib. Bu arada Dövlət Neft Fondu da valyuta hərraclarında bu ilin oktyabr ayı ərzində 371 milyon dollar satdığını açıqladı. Beləliklə, oktyabrda dollara tələbin artması Neft Fondu ilə yanaşı Mərkəzi Bankı da xərcə salıb. Maraqlıdır, manatın ucuzlaşmasına hansı amillər səbəb olub?
İqtisadçı ekspert Vüqar Bayramov bildirib ki, Mərkəzi Bank bu müddətdə manat bazasının inzibati yollar ilə azaldılması strategiyasını davam etdirsə də bu dollara olan tələbin optimallaşmasına səbəb olmayıb. Belə ki, 2014-ci ildə 11,7 milyard manat pul bazasına sahib idiksə, bu ayın əvvəlinə bu rəqəm 7,45 milyard manatadək azalıb. Nəticədə, dolların manata məzənnəsinin artması fonunda Mərkəzi Bankın "az manat - dollara az tələb" reseptinin reallıqda dərdə çarə olmadığını göstərir: "Son dövrlər müflis olan banklara görə 650 milyon manatdan artıq kompensasiya ödəyən Əmanətlərin Sığortalanması Fondu bu vəsaitin yarından çoxunu son 1 ayda Bank Standard-ın əmanətçilərinə ödəyib. Nəticədə, dövriyyəyə daxil olan "kompensasiya manatları" dollara tələbi daha da artırıb. Manat isə dollara nisbətən həm rəsmi məzənnədə, həm də bazar kursunda dəyər itirməkdədir. Sentyabrın ortalarında manat möhkəmlənən zaman proqnozlaşdırdığım kimi, dollara tələb artmaqda davam edəcək. Arada "manatın qısa dalğaları" ola bilər, amma bu heç də bazarda uzun müddətli təsirə malik olmayacaq. Bu baxımdan, dollara tələb artmaqda davam edəcək. Bir tərəfdən ilin sonunadək, idxalın artması, özəl və dövlət müəssisələrin borc ödənişləri və bayram səfərləri xarici valyutaya tələbi artıracaq, digər tərəfdən, Mərkəzi Bankın rezervlərinin 4 milyard dollarlıq "psixoloji qapının" ağızında dayanması, neftin qiymətinin proqnozlaşdırıldığı kimi aşağı düşməsi və Neft Fondunun büdcə transferlərinin azalması manata təzyiqi artırır. Belə olan halda, öncədən proqnozlaşdırıldığı kimi Mərkəzi Bankın liberal üzən valyuta rejiminə keçməsi daha da real görsənir. Bütün hallarda isə, "dollar növbəti aylarda da valyuta bazarımızda topu öz meydançasında" asanlıqla saxlaya biləcək". Onun sözlərinə görə, manatın ucuzlaşmasının birinci səbəbi odur ki, manatın möhkəmlənməsini təmin edəcək iqtisadi faktorlar yoxdur. Bir tərəfdən manatın məzənnəsini Mərkəzi Bank inzibati yolla müəyyənləşdirilməyə çalışır: " Lakin əvvəlki kimi tam inzibati deyil, üzən məzənnə siyasəti olsa da tənzimlənən üzən məzənnə siyasətidir, liberal üzən məzənnə siyasəti deyil. İnzibati tənzimlənmə siyasəti olan zaman Mərkəzi Bank birbaşa məzənnəni müəyyənləşdirirdi və həmin məzənnəyə uyğun olaraq bazar məzənnəsi müəyyənləşdirilirdi. İndi Mərkəzi Bank yenə də aktivdir və buna uyğun olaraq bazara təsiri var. Həmçinin kommerisiya banklarının dollar sifarişinin də bazara təsiri var. Bu o deməkdir ki, Mərkəzi Bank bazarda əsas oyunçudur, ancaq yeganə oyunçu deyil. Bazar , yəni komersiya bankları da məzənnəyə təsir göstərir. Mərkəzi Bankın manatın məzənnəsi ilə bağlı yanaşması ondan ibarətdir ki, manat bazasının azaldılması nəticə etibarilə dollara tələbin azalmasına gətirib çıxara bilər". Ekspert əlavə edib ki, təklif edilən yol qısamüddətli dövr üçün effektlidir və artıq həmin qısa müddət başa çatıb: "Mən ötən ilin sonunda da hazırladığım təkliflər paketində qeyd etmişdim ki, Mərkəzi Bank məzənnəyə qısamüddətli deyil, daha çox strateji mövqedən yanaşmalıdır. Nə qədər ki, qısamüddətli dövr üçün prioritetlər müəyyənləşdirilir, o qədər də manat bir müddət dəyər itirəcək, sonra qısa müddət möhkəmlənəcək, sonra yenidən dəyər itirəcək. Praktiki olaraq, manatın bazar dəyəri müəyyənləşdirilməyəcək. Ona görə də, strateji olaraq manatın bazar dəyərinin möhkəmləndirilməsinə çalışmaq lazımdır. Dollara tələb yüksəkdir və bu səbəbdən manatın məzənnəsi aşağı düşüb. İlin sonuna doğru da dollara tələb artacaq, çünki ilin sonunda ölkəyə daha çox mal idxal olunur. Bu da valyutaya tələb deməkdir. İlin sonunda istər bankların, istər şirkətlərin, istərsə də dövlətin xarici borc öhdəlikləri həyata keçirilir. Həmçinin ilin sonunda xaricə gedənlərin sayında artımlar müşhidə olunur. Bütün bunlar dollara tələb deməkdir.Yığım vasitəsi olaraq da vətəndaşlar dollara üstünlük verirlər. Diqqət etdinizsə, əvvəlki aylarda dolların möhkəmlənməsi hər 100 manata görə, 30-40 qəpik civarında idisə, indi birdən-birə 80 qəpik oldu. Gün ərzində bəzən manat hər yüz dollara görə, 1 manat dəyər itirir. Bunu şərtlərindən faktorlar var. Dünya bazarında neftin qiymətinin aşağı olması, dollara tələbin yüksək olması, idxalın artması və ixracın hiss edilən dərəcə artmaması da manatın zəifləməsinə təsir göstərir". Onun sözlərinə görə, kommersiya banklarının vəziyyəti də birbaşa manata təsir göstərir. 10 bank müflis olub və bu 10 banka görə Əmanətlərin Sığortalanması Fondu əmanətlərin qaytarılması üçün 650 milyon manat vəsait ödəyib. Yalnız sonuncu müflis olan "Bank Standard"a görə 350 milyon manatdan artıq vəsait ödənilib. Həmin vəsaitlərin bir qismi dollarladır və Fond həmin dollarları alıb ödəyir. Çünki Fondun dollarları yoxdur. Digər qismi isə manatladır. Dollarla qaytarılan əmanətlər manatdan konvertasiya olunaraq verilir, manatla verilənlər isə demək olar ki, ən azı 90 faiz (bizim sorğular bunu göstərir) kompensasiya ödənildikdən sonra vəsait dollara çevrilir: "Deməli, 350 milyon dollar artıq bazara daxil olub. Bu da ona gətirib çıxarır ki, dollara tələb artır. Kompensasiyanın ödənilməsi davam edir və onu alan vətəndaşların da investisiya imkanları məhdud olduğu üçün dollar almağa üstünlük verirlər. Bizim keçirdiyimiz sorğuda əmanətlərini alan vətəndaşların heç biri daşınmaz əmlak və ya torpaq aldığını bildirmədi. Vəsaiti kiçik olanlar qızıl almağa üstünlük verirlər. Amma heç bir vətəndaş vəsaitlərini əmlak bazarına vəsait yönətmir. Deməli, bu vəsaitlər dollarlaşır, onun bir qismi banka gedir, bir qismi isə evlərdə saxlanılır. Ona görə də, manatın məzənnəsi birbaşa bank sektorunun hansı səviyyədə sağlam olmasından asılı olacaq. Uzunmüddətli dövr üçün manatın məzənnəsinin strateji olaraq müəyyənləşdirilməsinə ehtiyac var. Mən məhələli şəkildə liberal üzən məzənnə siyasətinə keçidi məqsədəuyğun hesab edirəm. Bu gün Mərkəzi bankın cəmi 4 milyardı var və bazarda manevr imkanları məhduddur. Neft Fondundan transferlər də azalıb".
Alim