Manatın ucuzlaşması davam edəcəkmi?
Fikrət Yusifov: “Kəskin devalvasiyasının təkrarlanması həm nəzəri, həm də praktiki cəhətdən real görünmür” Son günlər manatın Amerika dollarına nisbətdə yenidən ucuzlaşması müşahidə edilir. Demək olar ki, hər gün müşahidə edilən bu dəyişiklik yenidən cəmiyyətdə ajiotaj yaradıb. Bir çoxları hesab edirlər ki, manatın ucuzlaşması yeni bir devalvasiyanı qaçılmaz edəcək. Ancaq bunun əksini söyləyənlər də var.
1 Noyabr 2016 13:57 İqtisadiyyatFikrət Yusifov: "Kəskin devalvasiyasının təkrarlanması həm nəzəri, həm də praktiki cəhətdən real görünmür"
Son günlər manatın Amerika dollarına nisbətdə yenidən ucuzlaşması müşahidə edilir. Demək olar ki, hər gün müşahidə edilən bu dəyişiklik yenidən cəmiyyətdə ajiotaj yaradıb. Bir çoxları hesab edirlər ki, manatın ucuzlaşması yeni bir devalvasiyanı qaçılmaz edəcək. Ancaq bunun əksini söyləyənlər də var.
"Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru Fikrət Yusifov deyib ki, manatın keçən ilin fevral və dekabr aylarının 21-də baş vermiş kəskin devalvasiyasının təkrarlanması həm nəzəri, həm də praktiki cəhətdən real görünmür. Onun sözlərinə görə, artıq manatın məzənnəsi rəsmi olaraq valyuta bazarında, tələb və təklif əsasında müəyyən olunur. Bu səbəbdən də onun məzənnəsində bundan sonra da hər hansı bir dəyişiklik tədricən baş verəcək. Lakin bu gün məzənnə ilə bağlı bütün məqamların tam olaraq bazarın öhdəsinə buraxıldığını demək sadəlövhlük olardı. Ümumiyyətlə, vəziyyət Mərkəzi Bankın nəzarəti altındadır: Manat tam sərbəst buraxılmayıb, o, idarə olunan üzən məzənnəyə keçirilib. Mərkəzi Bank milli valyutanın real dəyərini müəyyənləşdirmək məqsədilə bu sahədə əsas indikator rolunu oynayan qara bazarın məlumatlarından da istifadə edir. Əslində burada təccüblü heç nə yoxdur. "Qara bazar" manatın məzənnəsi ilə bağlı əsl reallığın nədən ibarət olduğunu müəyyənləşdirməkdə qeyri-rəsmi bir alət kimi istifadə oluna bilər". BİAB rəhbəri bildirib ki, cari ilin sonuna qədər və ondan sonrakı dövrdə manatın aqibəti, bugünkü məzənnəsinin real dəyərini əks etdirib-etdirməməsi kimi suallar indi cəmiyyətdə mövqeyindən asılı olmayaraq hər kəsi düşündürür: "Manatın məzənnəsində bundan sonra tədrici yumşalmaların baş verəcəyi gözləniləndir. Bunun əsas səbəbi isə neftin qiymətlərinin kəskin şəkildə aşağı düşməsi ilə müşayiət olunan qlobal iqtisadi böhranın yaratdığı valyuta itkiləridir. Valyuta gəlirləri bir tərəfdən neftin qiymətlərinin və onun hasilatının, digər tərəfdən isə qeyri- neft sektorundan ixracın həcminin aşağı düşməsi hesabına azalıb. Günün reallığı bundan ibarətdir ki, hazırda ölkənin tədiyyə balansında mənfi saldo yaranıb və bütövlükdə manatın möhkəm valyuta təminatında çətinliklər meydana çıxıb". İqtisadçı mövcud vəziyyətdə iş adamlarının atması lazım olan addımlar barədə də danışıb. Fikrət Yusifov həmçinin qeyd edib ki, sahibkarlar üçün də bütün maneələr tam aradan qaldırılmalıdır: "Bu gün yerli icra hakimiyyəti orqanlarının rəhbərləri ölkə prezidentinin onların qarşısında qoyduğu tələblərə uyğun olaraq iş adamlarının yanında olmalı, yəni üzlərini sahibkarlara tutmalıdırlar. Hər hansı bir müəssisənin nə səbəbdən işləməməsi və ya öz gücündən az çalışması yerli idarəetmə qurumlarını ən çox narahat edən bir məsələyə çevrilməlidir. Bir sözlə, indi məmur sahibkara yardımçı olmaq vəzifəsini öz üzərinə götürməlidir. Belə olursa, onda yerlərə yeni investisiyaların axını baş verəcək. Ölkə iqtisadiyyatının neftdən asılılığının aradan qaldırılmasının yeganə düzgün və ən qısa yolu budur. Son bir ildə ölkə başçısı tərəfindən sürətli iqtisadi islahatların aparılmasını və nəticə etibarılə real sektorun lazım ola biləcək bir səviyyədə inkişafını təmin etməyə yönəlik kifayət qədər qətiyyətli qərarlar qəbul edilib. İndi söz bu qərarların icrasını həyata keçirməli olan aidiyyəti icra strukturlarınındır. Milli valyutanın sabitliyi də məhz ölkə iqtisadiyyatının real sektorunun bundan sonra necə inkişaf edəcəyindən asılı olacaq. Hazırda bizim möhkəm valyuta ehtiyatlarımız 40 milyard dolları ötsə də, bu ehtiyatları manatın məzənnəsinin müəyyən bir səviyyədə saxlanılması məqsədlərinə istifadə etmək olmaz. Manatın məzənnəsini təmin edə biləcək əlavə valyuta gəlirlərini real sektordan ixracı artırmaq hesabına təmin etmək lazımdır".
Füzuli