“Son bir ildə qəbul edilmiş qətiyyətli qərarlar...”

2017-ci ilin dövlət büdcəsi barədə göstəricilər cəmiyyətə açıqlandıqdan dərhal sonra ənənəvi olaraq fəaliyyətlərini yerli-yersiz hökuməti, hakimiyyəti tənqid etmək üzərində quranlar yenidən hərəkətə keçdilər. Növbəti ilin dövlət büdcəsinin gəlir və xərclər hissəsinin nisbətən azalmasını əldə bayraq tutan bəzi şəxslər cəmiyyəti çaşdıraraq guya Azərbaycanın dərin böhran astanasında olduğunu iddia edirlər. Təbii ki, onların bu cür qərəzli və qeyri-obyektiv dəyərləndirmələrinə qarşı əsaslı arqumentlər gətirən, vəziyyətin heç də fəlakətli həddə olmadığını faktlarla sübut edən ekspertlər, iqtisadçılar da var.

Fikrət Yusifov: "Yaxın iki ildə ölkə iqtisadiyyatının neft amilindən asılılığını tam aradan qaldıracaq"

"İqtisadi artım templəri təmin olunacaq"

2017-ci ilin dövlət büdcəsi barədə göstəricilər cəmiyyətə açıqlandıqdan dərhal sonra ənənəvi olaraq fəaliyyətlərini yerli-yersiz hökuməti, hakimiyyəti tənqid etmək üzərində quranlar yenidən hərəkətə keçdilər. Növbəti ilin dövlət büdcəsinin gəlir və xərclər hissəsinin nisbətən azalmasını əldə bayraq tutan bəzi şəxslər cəmiyyəti çaşdıraraq guya Azərbaycanın dərin böhran astanasında olduğunu iddia edirlər. Təbii ki, onların bu cür qərəzli və qeyri-obyektiv dəyərləndirmələrinə qarşı əsaslı arqumentlər gətirən, vəziyyətin heç də fəlakətli həddə olmadığını faktlarla sübut edən ekspertlər, iqtisadçılar da var.

"Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru Fikrət Yusifov da deyir ki, son günlər mətbuat səhifələrində ölkənin mövcud iqtisadi vəziyyətini az qala "fəlakətin bir addımlığındayıq" kimi təqdim etməyə cəhdlər göstərilir. İqtisadçı bu cür dəyərləndirmələrlə razı olmadığını da vurğulayıb: "Bəli, bütün dünyada gedən iqtisadi geriləmələr Azərbaycandan da yan keçməyib. Ancaq bu fəlakət deyil. Əgər bizbu gün 3,9 faiz ümumi iqtisadi azalmanı və 11 faizlik illik inflyasiyanı fəlakət sayıb, "SOS" çağrışı ediriksə, onda səriştəsiz idarəçilik nəticəsində 1991-1993-cü illərdə iqtisadiyyatda yaranmış o xaosa nə ad verməliyik? İqtisadçı olan hər kəs çox gözəl bilir ki, məhz həmin o durumdan sonra da ölkədə 1700-1800 faiz illik inflyasiya baş verdi. Yaranmış vəziyyətdə iqtisadiyyatın bərpasına yönəli addımlar yalnız 1993-cü ilin sonlarından atılmağa başlandı. Ona qədər isə iqtisadiyyatın acınacaqlı halı heç kimi maraqlandırmırdı. Məhz 1993-cü ilin sonlarından başlayan sistemli bərpa tədbirləri 1995-ci ilin axırlarına yaxın vəziyyətin sabitləşməsinə gətirib çıxara bildi". Fikrət Yusifov bildirib ki, bu gün iqtisadi duruma "SOS" qiyməti verərkən istifadə olunan bütün məlumatlar Dövlət Statistika Komitəsinin məlumatlarıdır: "Bu həmin o Statistika Komitəsidir ki, ölkədə iqtisadi artım templəri yüksək olduğu dönəmlərdə müxalif cəbhədə hər dəfə onun rəqəmlərinə bir inamsızlıq ifadə olunurdu. Bu gün nədənsə Dövlət Statistika Komitəsinin yayımladığı və real iqtisadi durumu əks etdirən bu rəqəmlərdən hər kəs məmuniyyətlə istifadə edib, mövcud iqtisadi duruma qiymət verməyə çalışır və heç kim onların dürüstlüyünü şübhə altına almır .Yaxşı, əgər bu məlumatlar qəbul edilirsə, onda nə üçün onların yalnız iqtisadiyyatın haradasa gerilədiyini göstərən hissələrindən istifadə olunur?

Axı keçən ilki Ümumi Daxili Məhsulun 45.1 milyard manatdan cəmisi 1,7 milyard manat və ya 3,9 faiz azalması nə üçün "SOS" qiyməti almalıdır? Axı başqa sahələrdə müsbət nəticələr az deyil. Cari ilin doqquz ayında sənaye məhsullarının istehsalında 0,2, qeyri-neft sənayesində 3,6, çox əlverişsiz iqlim şəraitinə baxmayaraq kənd təsərrüfatında 2,4, informasiya və rabitə xidmətlərində 5,5 faiz artım müşahidə olunub. 2016-cı ilin yanvar-sentyabr aylarında əsas kapitala 10,3 milyard manat məbləğində vəsait yönəldilib. Bu vəsaitin 8,2 milyard manatı və ya 80,2 faizi məhsul istehsalı obyektlərinin, 1,6 milyard manatı (15,5 faizi) xidmət sahələri üzrə obyektlərin, 440,3 milyon manatı (4,3 faizi) isə ümumi sahəsi 1205,5 min kvadrat metr olan yaşayış evlərinin tikintisinə sərf olunub. Əsas kapitala yönəldilmiş vəsaitlərin 4,0 milyard manatını və ya 39,0 faizini daxili investisiyalar, 6,3 milyard manatını və ya 61,0%-ni xarici investisiyalar təşkil edib. Ağıllı xarici investorlar iqtisadiyyatı "SOS" çağrışı vəziyyətində olan bir ölkəyə, onun büdcəsinin gəlirlərinin 40 faizdən çox olan bir həcmdə investisiyanı heç vaxt yatırmazlar. İqtisadiyyatı "SOS" durumda olan bir ölkəyə Davos İqtisadi Forumu rəqabət qabiliyyətliliyinə görə 37-ci yeri heç vaxt verməz. İqtisadiyyatı "SOS" durumda olan bir ölkənin 40 milyard dollardan çox valyuta rezervləri ola bilməz! Bu qəbildən olan çoxlu başqa misallar da gətirmək olar". Fikrət Yusifov iqtisadi mövzuda yazan həmkarlarını obyektiv olmağa səsləyib. Bildirib ki, nöqsan olan məqamları isə heç bir yazardan az tənqid etmir: "Tənqid edərkən obyektivliyi itirmək olmaz. Obyektivliyi itirməklə müəllif özünün bütün yazdıqlarını şübhə altına almış olur. Azərbaycan iqtisadiyyatının mövcud durumunu düzgün qiymətləndirməyən və pessimist əhval-ruhiyyəyə köklənmiş həmkarlarıma sonda onu demək istəyirəm ki, əgər bir ölkənin iqtisadiyyatına 9 ayda az qala Gürcüstan və Ermənistanın bir illik büdcəsi qədər investisiya yatırılırsa, onda hansı "SOS"-dan söhbət gedə bilər? Əgər bu gün yaranmış durumda hökumət əl-qolunu yanına salıb heç nə etməsəydi, onda rahatsızlıq üçün əsas ola bilərdi. Son bir ildə qəbul edilmiş və ölkə iqtisadiyyatında kordinal dəyişikliklərə aparan qətiyyətli qərarlar yaxın iki ildə ölkə iqtisadiyyatının neft amilindən asılılığını tam aradan qaldıracaq və iqtisadi artım templəri təmin olunacaq. Buna heç kimin şübhəsi olmasın".

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31