İqtisadi Əməkdaşlıq Təşkilatı Gömrük Ekspertləri Alt Komitəsinin iclası keçirilib

Oktyabrın 17-18 tarixlərində Tehran şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatı Gömrük Ekspertləri Alt Komitəsinin 3-cü iclası keçirilib.

Oktyabrın 17-18 tarixlərində Tehran şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatı Gömrük Ekspertləri Alt Komitəsinin 3-cü iclası keçirilib. Bu barədə Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, tədbirdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin nümayəndə heyəti iştirak edib. İclasın ilk iş günündə əvvəlki toplantıların qərarları nəzərdən keçirilib, İƏT-in gömrük işi üzrə müqavilələrinə - "Qaçaqmalçılıq və gömrük qaydalarının pozulmasına dair İqtisadi Əməkdaşlıq Təşkilatının məlumat bazasının yaradılması və fəaliyyəti barədə" və "Gömrük məsələlərində qarşılıqlı inzibati yardım haqqında" sazişlərə qoşulmaqla bağlı cari vəziyyət müzakirə olunub. Sonra sessiyalar üzrə davam edən iclasda İƏT üzv dövlətlərinin gömrük əməkdaşları üçün təlim kursları və İƏT ölkələri arasında gömrük üzrə məlumatların elektron mübadiləsi barədə təkliflərə baxılıb, İƏT üzv dövlətləri arasında gömrük əməkdaşlığının gücləndirilməsi ilə bağlı təşəbbüslər, tədbirlər və planlar nəzərdən keçirilib. İclasın sonuncu iş günündə isə İqtisadi Əməkdaşlıq Təşkilatı və Ümumdünya Gömrük Təşkilatı arasında Gömrük Əməkdaşlığına dair Anlaşma Memorandumuna yenidən baxılmasının mümkünlüyü ilə bağlı müzakirələr aparılıb və İƏT Gömrük Ekspertləri Alt Komitəsinin yekun hesabatı qəbul edilib.
Xatırladaq ki, oktyabrın 19-da Tehran şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının Gömrük Xidməti Rəhbərləri Şurasının 7-ci iclası keçiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31