Daxili bazarı öz məhsullarımızla təmin etməliyik
Ötən ilin sonlarında dünya bazarlarında neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi dünya iqtisadiyyatında, əsas etibarilə də neft ixrac edən ölkələrin iqtisadiyyatında ciddi problemlərə gətirib çıxardı. Proqnozlaşdırılmadan, yaranmış mənfi tendensiya neft ixrac edən ölkələr üçün bir reallığı ortaya qoydu ki, heç də bütün dövrlərdə neftdə bel bağlamaq olmaz, iqtisadiyyatın digər sahələri, ümumiyyətlə qeyri-neft sektoru da inkişaf etdirilməlidir. Dünya bazarlarında neft qiymətlərində baş verən ucuzlaşma Azırbaycana da müəyyən mənada təsir göstərsə də, lakin bu təsirlər o qədər də riskli və təhlükəli xarakter daşımırdı.
13 Oktyabr 2016 13:19 İqtisadiyyatPərviz Heydərov: "Bunun üçün idxal mütləq məhdudlaşdırılmalıdır"
Ötən ilin sonlarında dünya bazarlarında neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi dünya iqtisadiyyatında, əsas etibarilə də neft ixrac edən ölkələrin iqtisadiyyatında ciddi problemlərə gətirib çıxardı. Proqnozlaşdırılmadan, yaranmış mənfi tendensiya neft ixrac edən ölkələr üçün bir reallığı ortaya qoydu ki, heç də bütün dövrlərdə neftdə bel bağlamaq olmaz, iqtisadiyyatın digər sahələri, ümumiyyətlə qeyri-neft sektoru da inkişaf etdirilməlidir. Dünya bazarlarında neft qiymətlərində baş verən ucuzlaşma Azırbaycana da müəyyən mənada təsir göstərsə də, lakin bu təsirlər o qədər də riskli və təhlükəli xarakter daşımırdı. Buna səbəb olan isə başlıca iki amil idi. Birincisi, Azərbaycan digər neft ixrac edən ölkələrdən fərqli olaraq neft gəlirlərinin büdcəyə daxil olduğu ilk illərdən qeyri-neft sektorunun inkişaf etdirilməsi istiqamətində məqsədyönlü addımlar atmışdı. Buna ən bariz nümunə 2003-cü ildən etibarən icra olunmağa başlanan Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramıdır. Bu da öz növbəsində Azərbaycanın böhrana hazırlıqlı olduğunu şərtləndirirdi. Digər bir müsbət amil isə Azərbaycan hökumətinin böhranın ilk günlərində antiböhran tədbirlərinə start verməsi və onun uğurla icrası idi. Amma ümumilikdə, neft böhranı bir daha qeyri-neft sektoruna daha çox diqqət ayırmağın vacibliyini ortaya qoydu ki, bu da çox müsbət məqamdır. Təsadüfi deyil ki, keçən ilin dekabrından başlayaraq qeyri-neft sektorunda müxtəlif istiqamətlərin inkişaf etdirilməsi əsas diqqət mərkəzinə çevrilib. Bu məqsədlə iqtisadçılar tərəfindən zaman-zaman müəyyən təkliflər, təşəbbüslər də irəli sürülür. İqtisadçı Pərviz Heydərov deyir ki, adətən qeyri-neft sektorunda istehsal müəssisələrini yaradıb, sonra bazar haqda düşünmürlər. Onun sözlərinə görə, əvvəl bazarı nəzərə alıb, istehsal sahələrini yaradırlar: "Bunun üçün isə marketinq deyilən bir sahə var. Hesab edirəm ki, Azərbaycanda əgər, qeyri-neft sektorunu inkişaf etdirmək istəyiriksə, marketinq sahəsinə də diqqət yetirmək lazımdır. Belə ki, müxtəlif istiqamətlər üzrə təcili olaraq marketinq ixtisası üzrə mütəxəssislər yetişdirmək lazımdır. Ümumiyyətlə, bazar amili mühüm şərtdir. Mən, bütün şərhlərimdə ilk növbədə daxili bazarın qayğısına qalmaq lazım gəldiyini vurğulamışam. Biz, ilk növbədə yerli bazarı idxal məhsullarının asılılığından qutarmalıyıq. Əks təqdirdə ixracımızı da genişləndirə bilməyəcəyik. Bəli, elə məhsullar vardır ki, dünya bazarlarında onlara böyük ehtiyac vardır. Ancaq, bunlar hamısı xammal məhsullarıdır. Belə ki, inkişaf etmiş ölkələrdə demək olar ki, hansı növ emal məhsulları varsa və buna ehtiyac duyurlarsa, bunu özləri istehsal edə bilirlər. Odur ki, emal məhsulları ilə bizim dünya bazarlarına çıxmağımız nəyinki yaxın, hətta orta perespektivdə də belə real görünmür". Pərviz Heydərov bildirib
ki, bunun üçün gərək, yüksək rəqabətqabiliyyətli məhsullar istehsal edə bilək: "Bu isə asan deyil. O mənada ki, əvvəla gərək, yüksək texnologiya olsun. İkincisi kadr potensilı olmalıdır. Tutaq ki, texnologiyanı və sairi pulla alıb gətirdik. Yəni ki, müvafiq investisiya yolu ilə bunları təmin etdik. Bəs, yüksək ixtisaslı kadrları yetişdirmək və mütəxəssislər əldə etmək məgər, bir günün, ayın və yaxud ilin işidirmi ?. Şübhəsiz ki, istənilən sahədə yüksək səviyyəli kadr yetişdirmək azı 5-10 ilin məsələsidir. Odur ki, hesab edirəm, ixracımızı hələlik sırf xammal məhsulları üzərində qurmağa çalışsaq məsləhətdir. Ancaq daxili bazarı isə bacardıqca, öz məhsullarımızla təmin etməliyik. Bunun üçün isə idxal mütləq məhdudlaşdırılmalıdır. Əvvəl, buna inzibati yolla nail olmaq lazımdır. Yəni, yerli istehsal himayə olunmalıdır. Demirəm ki, tələbatımızı məsələn, 40-45 faiz ödəyə bildiyimiz məhsulların da xaricdən gətirilməsinə qadağan qoyaq. Amma hansı məhsul növü üzrəsə daxili tələbatı 75-80 faizdən çox ödəməyə imkanımız varsa, məhz həmin növ məhsulların kənardan gətirilməsini məhdudlaşdırmalıyıq". İqtisadçının sözlərinə görə, nəzərə almaq vacibdir ki, istənilən məhsul növü üzrə alıcı kütləsi hər yerdə var: "Sadəcə, hər şey tədiyyə (alıcılıq) qabiliyyətinə bağlıdır. Ölkəmizin vətəndaşları maddi cəhətdən imkan əldə etdikcə, təbii ki, daha çox keyfiyyətli və geniş çeşiddə mallara tələbat nümayiş etdirəcəklər. Bu isə istehsalı həm kəmiyyətcə, həm də keyfiyyətcə daima yüksəltməyi zərurətə çevirəcək. Bu elə bir prosesdir ki, sonda istər-istəməz rəqabətqabiliyyətli məhsul istehsalı ilə nəticələnməlidir. Artıq, bu mərhələdə ixrac da reallığa çevriləcək və o da genişlənəcəkdir".
Süleyman