İqtisadi və siyasi islahatlar öz bəhrəsini verəcək
Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası, iclasda Azərbaycan Prezidenti İlham Əliyevin diqqət çəkdiyi bir sıra vacib məqamlar, eləcə də Azərbaycanın cari ilin sonuna qədər müşahidə ediləcək mümkün iqtisadi göstəriciləri ilə bağlı “Ekonimiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru Fikrət Yusifovun “OLAYLAR”-a müsahibəsi
11 Oktyabr 2016 13:49 İqtisadiyyatFikrət Yusifov: "Hər bir sahibkar vicdanla işləməyə və ölkə iqtisadiyyatına öz töhvəsini verməyə borcludur"
Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası, iclasda Azərbaycan Prezidenti İlham Əliyevin diqqət çəkdiyi bir sıra vacib məqamlar, eləcə də Azərbaycanın cari ilin sonuna qədər müşahidə ediləcək mümkün iqtisadi göstəriciləri ilə bağlı "Ekonimiks" Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru Fikrət Yusifovun "OLAYLAR"-a müsahibəsi
-Fikrət bəy, həftə sonu Azərbaycan Prezidentinin iştirakı ilə Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirildi. Ümumiyyətlə, cari ilin 9 ayının sosial iqtisadi göstəricilərini necə qiymətləndirirsiniz?
-Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyev dünya iqtisadiyyatında baş verən prosseslərə münasibət bildirərkən bu fikirləri səsləndirdi: "2016-cı il dünya iqtisadiyyatı üçün çox ağır il olmuşdur. Tarixdə bəlkə də ən ağır illərdən biridir. Dünya iqtisadiyyatında böhranlı vəziyyət davam edir. Bu böhrandan həm təbii resurslarla zəngin olan ölkələr, eyni zamanda, istehlakçı ölkələr əziyyət çəkir". İqtisadiyyatı neftlə bağlı olan ölkələr böhrandan daha çox əziyyət çəkirlər. Çünkü onların valyuta gəlirləri də neftin qiymətləri qədər azalıb. Bu böhran ilində Azərbaycan öz iqtisadiyyatının neftdən asılılığını aradan qaldırmaq üçün çox önəmli qərarlar qəbul etdi. Artıq cari ilin sonlarına yaxın bu qərarların nəticələri hiss olunmağa başlayıb. Bu çox yaxşı haldır. Deməli bu gedişlə, yaxın iki il ərzində aparılan islahatların nəticələri kifayət qədər yüksək ola biləcək. Təkcə kənd təsərrüfatı sahəsində pambıq, barama, tütün və başqa strateji məhsulların istehsalında bu il əldə olunan və bundan sonrakı illərdə əldə ediləcər göstəricilər əvvəlki illərlə müqaisədə 10 dəfələrlə və bəzən daha çox olacaqdır. Hökumətin bu yanaşımı tək iqtisadiyyatın aqrar sektoruna aid deyil. Yaxın perspektivdə iqtisadiyyatın digər bölmələrinə aid olan sahələrin hər birində belə sıçrayışlı inkişaf gözlənilir. Bura ilk növbədə tranzit yükdaşımaları və turizmi əlavə etmək lazımdır. Bu yaxınlarda dünyanın bir nömrəli iqtisadi forumu - Davos Dünya İqtisadi Forumu iqtisadiyyatımızda ümumi azalmalara baxmayaraq, Azərbaycan iqtisadiyyatını rəqabət qabiliyyətliliyinə görə dünyada 37-ci yerə layiq görmüşdü. Bu fakt Azərbaycanda iqtisadiyyatın tam doğru bir şəkildə idarə olunmasından və aparılan islahatların səmərəliliyindən xəbər verir.
-Prezident iclasda bir daha süni qiymət artımının aradan qaldırılmasının vacibliyini vurğuladı. Sizcə dövlət başçısının bu iradından nəticə çıxarılacaqmı?
-Süni qiymət artıranlar kimlərdir? Bunlar sadəcə möhtəkirlərdir. Biz bu mıvzuda manatın son devalvasiyasından sonra geniş danışmışdıq. İdxal vergiləri artırıldıqdan sonra xaricdən gətirilən malların və ya komponentləri xaricdə istehsal olunan yerli istehsal malların qiymətlərində müəyyən dəyişiklikləri hər kəs başa düşür. Ancaq bu prossesə sırf yerli xamalla məhsul istehsal edənlərin də qoşulması yaranmış fürsətdən daha çox qazanc əldə etmək məqsədi daşıyır. Vətənini, vətəndaşlarını, dövlətini sevən birisinin varlanmaq xatirinə yaranmış vəziyyətdən bu qədər eybəcər bir formada istifadə etməsi utanc verən bir işdir. Dövlət belələrinə qarşı mübarizə aparacaq. Belələrinə veriləcək hər hansı bir cəza isə onların layiqli qazancı olacaqdır.
-Prezidentin bir iradı da sahibkarlara oldu. Sizcə sahibkarlar bundan sonra öz fəaliyyətlərində dönüş yaradacaqlarmı?
-Son bir ildə Prezdent tərəfindən imzalanmış onlarla Fərman və Sərəncamlara nəzər salsaq, onların hər birinin sahibkarlığın qarşısındakı maneələrin aradan qaldırılmasına və bütıvlükdə sahibkarlığa geniş meydan açılmasına tuşlandığı tam aydın olar. Yoxlamaların dayandırılmasından, vergi və gömrük islahatlarından tutmuş, sahibkarlara bütün səviyyələrdən olan dövlət dəstəyini hədəfləyən bu addımlardan sonra hər bir sahibkar vicdanla işləməyə və ölkə iqtisadiyyatına öz töhvəsini verməyə borcludur.
-Ümumiyyətlə, cari ilin 9 ayının sosial iqtisadi göstəriciləri ilin sonu ilə bağlı hansı perspektivi vəd edir?
-İlin sonuna doğru iqtisadi geriləmənin bir xeyli səngiməsi və gələn ildən isə tədrici artımların baş verəcəyi gözləniləndi. Bunu artıq beynəlxalq maliyyə və iqtisadi qurumlar da təsdiq edirlər. Azərbaycanda aparılan iqtisadi və siyasi islahatlar mütləq öz bəhrəsini verəcəkdir.
-Bu arada dolların manata nisbətən bir qədər ucuzlaşmasını şərtləndirən amillər hansılardı və bu proses davamlı olacaqmı?
-Manatın məzənnəsində yaranan sabitlikdə ölkənin bank sisteminə dövlət səviyyəsində göstərilən qayğının rolu az deyil. Bəllidir ki, bu günlərdə Azərbaycan Dövlət Neft Fondu öz ehyiyatlarının bir milyard dollar məbləğində hissəsini depozit şəklində Beynəlxalq Banka yerləşdirdi. Bu addım bir neçə məqsədi reallaşdırmağı nəzərdə tutur. Əvvəla depozitə görə Neft Fondu xarici banklarda olduğundan daha çox qazanc əldə edə biləcək. İkincisi, bu yolla Beynəlxalq Banka xarici banklar qarşısındakı öhdəliklərinin həllnə şərait yaranacaq və nəhayət bu dəstək valyuta bazarına öz müsbət təsirini göstərəcəkdir. Güman edirəm ki, addımlar bu və ya başqa şəkildə bundan sonra da davam etdiriləcək. Burada əsas məqsədlərdən biri manatın sabitliyini qoruyub saxlamaqdan ibarətdir. Çünkü iqtisadi inkişafın təmin edilməsində milli valyutanın sabitliyi vacib şərtlərdən biridir.
Süleyman