Bazar nəzarət altındadır

Son həftələr ərzində ölkədə müşahidə edilən mənfi tendensiyalardan biri də ondan ibarətdir ki, istehlak məhsullarının qiymətlərində artım nəzərə çarpır. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, yanvar-sentyabr ayları ərzində istehlak məhsullarının və xidmətlərin qiymətləri 2015-ci ilin eyni dövrü ilə müqayisədə 11,2 faiz, o cümlədən ərzaq məhsulları 12,7 faiz, qeyri-ərzaq 15,9 faiz, əhaliyə göstərilən ödənişli xidmətləri 5,2 faiz bahalaşıb. 2016-cı ilin sentyabr ayında avqust ayına nisbətən istehlak məhsulları və xidmətlərin qiymətləri 2,3 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 4,0 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 1,6 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 0,6 faiz yüksəlib.

Pərviz Heydərov: "Yaxın perspektivdə ölkədə inflyasiyanın cilovlanacağını ehtimal etmək olar"

Son həftələr ərzində ölkədə müşahidə edilən mənfi tendensiyalardan biri də ondan ibarətdir ki, istehlak məhsullarının qiymətlərində artım nəzərə çarpır. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, yanvar-sentyabr ayları ərzində istehlak məhsullarının və xidmətlərin qiymətləri 2015-ci ilin eyni dövrü ilə müqayisədə 11,2 faiz, o cümlədən ərzaq məhsulları 12,7 faiz, qeyri-ərzaq 15,9 faiz, əhaliyə göstərilən ödənişli xidmətləri 5,2 faiz bahalaşıb. 2016-cı ilin sentyabr ayında avqust ayına nisbətən istehlak məhsulları və xidmətlərin qiymətləri 2,3 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 4,0 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 1,6 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 0,6 faiz yüksəlib.

Sual oluna bilər ki, bütün bunlar nəylə əlaqədardır? Başqa sözlə desək, bahalaşma niyə davam edir?.

İqtisadçı Pərviz Heydərov hesab edir ki, inflyasiya əsas etibarı ilə manatın məzənnəsinə təzyiqlə əlaqədardır. Onun sözlərinə görə, yay aylarında manat xarici valyutalar qarşısında çox təzyiqlərə məruz qaldı: "Bu isə idxalı stimullaşdırdı. Yeri gəlmişkən, yumşaq məzənnə siyasətinin ixracı stimullaşdırdığı mülahizəsinin nə dərəcədə yanlış olduğu faktı özünü ölkəmizin təcrübəsində bu dəfə də əyani şəkildə göstərdi. Belə ki, keçən il 2 dəfə devalvasiya həyata keçirilməsi, o cümlədən cari ilin əvvəlindən bəri manatın ABŞ dolları qarşısında tədricən ucuzlaşması prosesi ölkəmizdə ixracın nəyinki stimullaşdırılması ilə nəticələnmədi, əksinə, onun daha da azalması və idxalın genişlənməsi ilə xarakterizə olundu. Bu da bir daha onu diqtə edir ki, ixracın genişlənməsinə və artmasına nail olmaq üçün birinci növbədə daxili bazarın idxaldan asılılığının güclənməsinin qarşısı alınmalı, yerli istehsal açıq şəkildə himayə olunmalı, valyuta bazarında ciddi gərginlik yaranmasına bütün mümkün vasitələrdən istifadə edilməklə heç bir şəkildə yol verilməməlidir".

Maraqlı məqam ondan ibarətdir ki, bir sıra hallarda qiymət artımına süni amillər təsir göstərir ki, sözügedən məsələ ötən həftə sonu Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışı zamanı dövlət başçısının fikirlərində də əksini tapdı. Dvlət başçısı hər zaman olduğu kimi bu dəfə də süni qiymət artımının baş verməsinin yolverilməz olduğunu vurğuladı. Eyni zamanda prezident bu kimi mənfi hallara qarşı kskin mübarizə aparılmasının vacibliyini vurğulayaraq müvafiq qurumlara tapşırıqlarını verdi: "Süni qiymət artımına yol verilməməlidir, çox ciddi nəzarət olmalıdır. Həm ictimai nəzarət, həm dövlət orqanları tərəfindən nəzarət daha da güclü olmalıdır. Çünki biz imkan verə bilmərik ki, hansısa natəmiz insanlar, möhtəkirlər qiymətləri süni şəkildə qaldırsınlar və beləliklə, insanlarımız bundan əziyyət çəksin. Əlbəttə ki, idxal olunan malların qiyməti dünya bazarlarında formalaşır. Əgər dünya bazarında Azərbaycanda istehsal olunmayan hansısa malın qiyməti artırsa təbii ki, bizdə də artacaq. Ona görə, biz çalışmalıyıq ki, idxaldan asılılığı maksimum səviyyədə azaldaq, yəni, minimum səviyyəyə endirək. Eyni zamanda, daxildə istehsal olunan ərzaq məhsullarının tərkibində xarici komponent də var. Biz o komponenti də azaltmalıyıq. Bu istiqamətdə işlər gedir". Prezidentin bir digər diqqət yetirdiyi məsələ daxili istehsalın artması ilə bağlı idi ki, qeyd edilən istiqamətdə də ölkədə müəyyən addımlar atılır. Elə dövlət başçısının səsləndirdiyi fikirlərdə də bu aydın görünürdü: "Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması istiqamətində bu gün çox ciddi addımlar atılıb. Deyə bilərəm ki, sahibkarlar bu işlərə artıq böyük ruh yüksəkliyi ilə qoşulurlar. Ölkəmizdə böyük ruh yüksəkliyi var, xüsusilə kənd təsərrüfatı, emal və sənaye sektorlarında. Bakıda, böyük şəhərlərdə, bütün şəhər və rayonlarımızda çox böyük fəallıq müşahidə olunur. Bu da əlbəttə ki, həm bizim siyasətimizin təzahürüdür, - çünki özəl sektor sahibkarlığının inkişafı üçün çox ciddi addımlar atılıb, - eyni zamanda, bizim sahibkarlarımızın da məsuliyyətini göstərir. Sahibkar qazandığı vəsaiti ölkə iqtisadiyyatına qoymalıdır. Bu istiqamətdə 2017-ci ildə çox ciddi addımlar atılacaq".

Pərviz Heydərov da deyir ki, qeyd edilən zəruri tədbirlərin bir çoxu artıq, hökumət tərəfindən həyata keçirilməkdədir: "Məsələn, ölkə ərazisinə gətirilən bir sıra mallar üzrə gömrük idxal rüsumları dərəcələrinə tezliklə müvafiq dəyişikliklər olunacağı haqda qərar bunlardan biridir. Və bəlkə də, ən mühümüdür desək, heç də yanılmarıq. Çünki bu qərar bilavasitə daxili istehsalı himayə etmək məqsədi daşıyır. Eyni zamanda, ilin əvvəlindən bəri ixracı dəstəkləmək üçün də bir sıra təşviq xarakterli, subsidiya verilməsi və güzəştlərin tədbiqindən ibarət müvafiq addımlar atıldığı yaxşı məlumdur. Valyuta bazarına gəldikdə isə, burada da yayın sonuncu 2 ayında müşahidə olunan ajiotaj xeyli aradan götürülmüşdür. Və bunun davamlı xarakter daşıması üçün əlavə tədbirlər də görülməkdədir. Odur ki, yaxın perespektivdə ölkədə inflyasiyanın cilovlanacağını ehtimal etmək olar. Ancaq bu, ciddi şəkildə çox güman ki, məhz növbəti ilin I rübünün sonuna yaxın dövrdən tez müşahidə edilməyəcək. Amma hər halda bazar nəzarət altındadır. Təsadüfi deyil ki, ölkə Prezidenti İlham Əliyev də Nazirlər Kabinetinin 2016-cı ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda ölkədə süni qiymət artımının qarşısının alınması və idxaldan asılılığın minimuma endirilməsi ilə bağlı tapşırıqlar verib".

S.İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31