Problemli kreditlərə son

Milli Məclisin payız sessiyasında “Kredit büroları haqqında” qanun layihəsinin müzakirəyə çıxarılacağı gözlənir. Məlumat üçün qeyd edək ki, kredit büroları banklar və digər borc verən təsisatlar, bank olmayan kredit təşkilatları və investisiya təsisatları banklardan və kredit verən institutlardan kredit və yaxud digər formada borc götürmüş və ya belə bir borcu götürmək arzusu olan fiziki və hüquqi şəxslərin əvvəlki borclarının tarixi və həmçinin borc almaq istəyənin ödəmə qabiliyyətinin qiymətləndirilməsinə imkan verən digər məlumatların toplandığı bir məlumat bazasıdır.

"Kredit büroları haqqında" qanun bu problemi aradan qaldıracaq
 

Milli Məclisin payız sessiyasında "Kredit büroları haqqında" qanun layihəsinin müzakirəyə çıxarılacağı gözlənir. Məlumat üçün qeyd edək ki, kredit büroları banklar və digər borc verən təsisatlar, bank olmayan kredit təşkilatları və investisiya təsisatları banklardan və kredit verən institutlardan kredit və yaxud digər formada borc götürmüş və ya belə bir borcu götürmək arzusu olan fiziki və hüquqi şəxslərin əvvəlki borclarının tarixi və həmçinin borc almaq istəyənin ödəmə qabiliyyətinin qiymətləndirilməsinə imkan verən digər məlumatların toplandığı bir məlumat bazasıdır. Başqa sözlə, bu kredit bürosu elə bir məlumat bazasıdır ki, orada kredit almaq istəyən hər bir şəxsin əvvəlki borcları, onların ödənmə intizamı, ödənmə statusu, o cümlədən vaxtı keçmişlər varsa onlar barədə, nə qədər müddətdə vaxtı keçməsi, ödəmə qrafiki kimi digər məlumatları özündə əks etdirən məlumat bazasıdır. Belə məlum olur ki, "Kredit büroları haqqında" qanunun tətbiqi kredit üçün tələb olunan şərtləri daha da sərtləşdirəcək. Maraqlıdır, sözgüdən qanunun tətbiqi müştərilər üçün hər hansı əlavə problem yaratmayacaq? 
Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı "Kredit büroları haqqında" qanun layihəsinin əhəmiyyətindən danışaraq bildirib ki, bu qanun layihəsi ilə bağlı Azərbaycan hökuməti beş ildir bir sıra beynəlxalq təşkilatlarla birlikdə işləyir. Hələ beş il bundan əvvəl Dünya Bankı və Azərbaycan Respublikasının Mərkəzi Bankı o zaman bank tənzimlənməsi ilə məşğul olan bir orqan kimi aparıcı bankların, maliyyə qurumlarının iştirak etdiyi xüsusi işçi qrup yaratmışdı. Bu işçi qrup qanunun ilkin layihəsini hazırlamışdı. Sonradan bu qanun layihəsi bir neçə dəfə müxtəlif instansiyalarda müzakirələrdən keçdi və nəhayət, təxminən iki il əvvəl həmin müzakirələr dayandırıldı. Maliyyə Bazarlarına Nəzarət Palatası formalaşdıqdan sonra bu qanunvericilik təşəbbüslərinin statusu ilə maraqlandı. Bunun da mühüm səbəbi var. Çünki kredit büroları insanların populyar maliyyə xidməti olan bank kreditlərindən istifadəsini yüngülləşdirən ən mühüm institutlardan biridir. Yeri gəlmişkən qeyd edək ki, təxminən on ilə yaxındır ki, Azərbaycanda bu məlumat bazasına oxşar sistem fəaliyyət göstərir. Bu, vaxtilə "Banklar haqqında" qanun əsasında Mərkəzi Bankda yaradılmış mərkəzi kredit reyestridir. Sadəcə olaraq mərkəzi kredit reyestri ilə kredit büroları arasında bir mühüm fundamental fərq var. Mərkəzi kredit reyestri "Bank haqqında" Qanun əsasında yaradılıb və onun əsas mandatı requlyatorun, yəni bank tənzimləyicisinin bankların vermiş olduğu kreditlərin vəziyyətini, bununla da bankların aktivlərinin keyfiyyətini və kapital durumunu qiymətləndirməyə xidmət edir. Ona görə də məhz bu mandata uyğun məlumatlar toplayır. "Kredit büroları" isə potensial borc alanların banklardan daha sürətlə, daha az məsrəflə, daha məqbul şərtlərlə kredit almasına dəstək verəcək bir məlumat bazasıdır. Qanunun əsas məqsədi isə maliyyə inklüzivliyini, hər bir insanın və iş adamının maliyyə xidmətinə sərbəst qaydada çıxışını təmin etməkdir. İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov deyib ki, "Kredit büroları haqqında" qanun layihəsi vacib sənəddir. Çünki, ölkədə kredit bürolarının yaradılması kreditlərin verilməsinin təkmilləşdirilməsinə xidmət edir. V.Bayramov bildirib ki, kredit büroları yaradılması imkan verəcək ki, daha təkmil formada kreditləri təklif etmək mümkün olsun. Bunun üçün büro və büroya üzv olan banklar konkret meyarlar müəyyənləşdirə biləcəklər: "Kredit bürolarının yaradılmasının əsas üstünlüyü ondan ibarətdir ki, yalnız səmərəliliyin artırılması deyil, eyni zamanda şəffaflığın gücləndirilməsi baxımından vacibdir. Bu, konkret meyarlarla krediti ödəmə qabiliyyəti olan vətəndaşların kreditlərə əlçatanlığı baxımından önəmlidir. Vətəndaşlar kreditlərə daha şəffaf və səmərəli şəkildə çıxış imkanları əldə edəcəklər. Eyni zamanda, kredit bürolarının yaradılması problemli kreditlərin aradan qaldırılması baxımından da vacibdir". Ekspert əlavə edib ki, bank sektorunda problemli kreditlərin aktivlərdəki sayının azaldılması da mümkün olacaq: "Ödəmə qabiliyyəti olan vətəndaşlar üçün kredit bürolarının yaradılması olduqca məqbuldur. Çünki az sayda, sadə prosedurlarla və bəlli meyarlarla vətəndaşlar kredit almaq imkanına malik olacaqlar. Bu da kreditə müraciət, kreditə çıxış imkanlarının asanlaşması deməkdir. Yəni, vətəndaş birmənalı şəkildə bundan qazanacaq".

Nurlan 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31