Turizm mövsümü uğurlu oldu

Artıq Azərbaycanda yay turizmi mövsümü başa çatıb. Ötən illərlə müqayisədə bu mövsümdə ölkəmizə gələn turistlərin sayının artdığını nəzərə alsaq yay turizminin Azərbaycanda səmərəli keçdiyini söyləyə bilərik.

Ruslan Quliyev: "Həm statistik göstəricilər, həm də aparılan müşahidələr belə deməyə əsas verir"

"Turizm fəaliyyəti heç də kampaniya xarakterli deyil və 365 gün ərzində ölkənin bütün potensialı təbliğ edilməlidir"

Artıq Azərbaycanda yay turizmi mövsümü başa çatıb. Ötən illərlə müqayisədə bu mövsümdə ölkəmizə gələn turistlərin sayının artdığını nəzərə alsaq yay turizminin Azərbaycanda səmərəli keçdiyini söyləyə bilərik. Məlumat üçün onu da qeyd edək ki, başa vurduğumuz mövsümdə Azərbaycana turist kimi gələn xaricilər arasında ərəb turistlər daha çox üstünlük təşkil edib. Təkcə cari ilin iyul ayında Birləşmiş Ərəb Əmirliyindən ölkəmizə səfər edən xarici vətəndaşların sayı 10 073 nəfər təşkil edib ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 100 dəfə çoxdur.
2011-ci ildə Mədəniyyət və Turizm Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin "Atlantis Holidays" MMC şirkəti arasında "Körfəz əməkdaşlıq ölkələri - bazar əlaqələrində iştirakın istiqamətlənməsi və ictimai əlaqələr xidmətinin təmin edilməsi haqqında" müqavilə imzalanmış və həmin ildən etibarən sözügedən ölkədə Nazirliyin təmsilçi ofisi fəaliyyət göstərməkdədir. 2011-ci ildə etibarən şirkət Körfəz ölkələrindən turistlərin cəlb olunması və ümumi turist ziyarətlərinin artırılması, turistlərin ölkəmizə səyahət etməsinin stimullaşdırılması, regionda Azərbaycanın maraqlarının şirkət tərəfindən təmsil olunması, Azərbaycanın Körfəz ölkələrində təbliğat və təşviqat kampaniyalarının təşkil olunması, birgə tədbirlərin keçirilməsi, reklamların yerləşdirilməsi, info və press turların təşkil edilməsi kimi işlər görüb. Təsadüfi deyildir ki, 2015-ci il ərzində Fars körfəzi ölkələrindən Azərbaycana gələn xarici vətəndaşların sayında 57.5 faiz artım baş verib. Bununla yanaşı qeyd edək ki, Birləşmiş Ərəb Əmirliklərindən 2016-cı ilin yanvar-iyun aylarında ölkəmizə gələn xarici turistlərin sayı 10 086 nəfər təşkil edib. "Mastercard" və "CrescentRating" müsəlman turistlərin səyahət istiqamətləri və tələblərini araşdıran "Müsəlmanların Qlobal Səyahət İndeksi 2016" adlı hesabatında da Azərbaycan ön öndə ola ölkələr sırasında yer alıb. Hesabata əsasən, Malayziya, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Türkiyə ən yüksək indeks göstəricilərinə malik olmaqla müsəlman turistlər üçün ən məşhur istiqamətlər siyahısında ilk sıralardadır. 130 turizm istiqamətini əhatə edən araşdırma nəticəsində İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ölkələri sırasında Azərbaycan 20-ci yerdə qərarlaşıb. Bu arada onu da qeyd etmək lazımdır ki,   "Şahdağ" Turizm Mərkəzində də yay mövsümü başa çatıb   "Şahdağ" Turizm Mərkəzi sentyabr ayının 27-dən etibarən 2016-cı il yay mövsümünü bağlı elan edir. Məlumat üçün bildirək ki, sayca dördüncü olan bu yay mövsümü ərzində mərkəzə   üz tutan turistlərin sayı 30 000-dən çox olub. Onların 50%-dən çoxunu xarici ölkələrdən olan turistlər, xarici turistlərin 80%-dən çoxunu isə ərəb ölkələrindən gələn turistlər təşkil edib. Ümumilikdə əcnəbi qonaqların, xüsusilə BƏƏ, Səudiyyə Ərəbistan, İraq, Qatar, Oman, Küveyt, Bəhreyn kimi ölkələrdən olan qonaqların əvvəlki mövsümlərə nisbətən çoxluq təşkil etdiyi   bu mövsüm bir-birindən maraqlı tədbirləri və əyləncələri ilə yadda qalmış, mərkəzdə göstərilən xidmətlərin say və keyfiyyətinin yaxşılaşdırılması istiqamətində işlər görülüb. Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan "Şahdağ" Turizm Mərkəzinin tək xizək kurortu kimi deyil, eləcə də yay istirahət mərkəzi kimi tanıdılması məqsədilə bu mövsüm ərzində xarici turizm şirkətləri üçün info-turlar, eləcə də xarici ölkələrin mətbuat nümayəndələri üçün press-turlar təşkil olunur. Qeyd edək ki, mövsümlərarası dövrdə mərkəzdəki beş ulduzlu "Şahdağ Hotel və Spa" ilə yanaşı regionun ən böyük SPA mərkəzi xüsusi sağlamlıq və bərpaedici detoks proqramı ilə qonaqların ixtiyarında olacaq. Artıq hazırlıqlarına start verilmiş qış mövsümünün açılışı isə ənənəvi olaraq dekabr ayının əvvəllərində baş tutacaq.
Göründüyü kimi cari ilin yay aylarında ölkədə turizmin inkişafında müsbət dinamika qeydə alınıb. Bəs görəsən bu sahənin ekspertləri, mütəxəssisləri nə düşünürlər? Bu yolla ölkədə turizmi daha yüksək səviyədə inkişaf etdirmək mümkün olacaqmı?. Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının sədri, Milli Qeyri Hökumət Təşkilatları Forumunun Turizm İnkişaf Mərkəzinin direktoru Ruslan Quliyev də deyib ki,   yay turizm mövsümü Azərbaycan üçün səmərəli oldu. Onun sözlərinə görə, həm statistik göstəricilər, həm də aparılan müşahidələr belə deməyə əsas verir. Ruslan Quliyev qeyd edib ki, bu mövsüm daha çox Körfəz ölkələrindən Azərbaycana turist axını müşahidə edilib: "Ancaq etiraf etmək lazımdır ki, bazar heç də birqütblü inkişaf etməməlidir. Bizim üçün MDB məkanı, Qərbi və Şərqi Avropa ölkələri, eləcə də Türkiyə maraqlıdır.  Onu da deyim ki, son 3-5 il ərzində Körfəz ölkələrində aparılan uğurlu marketinq siyasətinin bəhrəsini bu gün biz gördük. Bildiyiniz kimi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin Türkiyə Cümhuriyyəti, Birləşmiş Ərəb Əmirlikləri, Almaniya və Rusiya Federasiyasında turizm nümayəndəlikləri var. Gələcəkdə də həmin nümayəndəliklərin sayını artırmaq lazımdır. Onu da qeyd etmək yerinə düşər ki, turizm fəaliyyəti heç də kampaniya xarakterli deyil və bu işlə 24 saat məşğul olmaq lazımdır.  Konkret olaraq bu istiqamətdə ardıcıl olaraq fəaliyyət göstərmək zəruridir". Ruslan Quliyev deyib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bir müddət əvvəl imzalamış olduğu Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında Sərəncamından irəli gələrək görüləcək işlər də gələcəkdə ölkəmizə turist axınının artmasına müsbət təsir göstərəcək amillərdən olacaq: "Sərəncamda əksini tapan maddələrdən birində xüsusi bir məqamı da qeyd etmək lazımdır. Bu da Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə birlikdə ölkənin turizm potensialının təşviqi, turizm müəssisələrinin dünyada tanıdılması, ölkəyə turist axınını artırmaq məqsədilə prioritet hesab olunan ölkələrdə fəaliyyət göstərən Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində turizm nümayəndələrinin təyin və onların fəaliyyətinin təmin edilməsi ilə bağlı təkliflərin hazırlanmasıdır.   Əvvəllər bizdə belə bir prosedur yox idi. Ancaq Türkiyənin timsalında bunu görmək mümkündür. Belə ki, bu ölkənin xaricdəki səfirliklərinin nəzdində kültür və tanıtım müşavirlyi mövcuddur. Onların illik büdcələri ilə ölkələrinin tanıdılması istiqamətində müəyyən fəaliyyətləri var. Məlum terror aksiyaları və dövlət çevrilişi cəhdindən sonra Türkiyəyə gələn turistlərinin sayının azalmasını siyasi hadisələrlə əlaqələndirsələr də, ancaq araşdırmalar onu göstərir ki, son iki ildə Türkiyə Cümhuriyyəti bu vaxta qədər həyata keçirdikləri nəhəng tanıtım kampaniyalarını azaldıblar. Yəni turistlərin Türkiyəyə gəlişinin azalması marketinq fəaliyyətinin azalması ilə əlaqələndirilir. Ona görə də hesab edirəm ki, 365 gün ərzində ölkənin bütün potensialı təbliğ edilməlidir. Bura həm ölkənin turizm potensialı, həm də investisiya və mədəni potensialı daxildir. Bunu istənilən sahədə çalışan hər bir vətəndaş dünyaya bəyan etməyi bacarmalıdır. Bir sözlə bu fəaliyyət hər bir insanın həyat tərzinə çevrilməlidir. Əks təqdirdə arzu edilən, istənilən müvəffəqiyyət sual altında qalır"

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31