Pambıqçılığın inkişafına nə mane olur?
"Pambıqçılığın inkişafı iqtisadi məsələlərin həlli ilə yanaşı, eyni zamanda, sosial məsələdir. Çünki mənə verilən məlumata görə, bu il 24 rayonda pambıq tarlalarında 70 minə yaxın insan işləyəcək və bu, məşğulluğun artırılması deməkdir.
22 Sentyabr 2016 13:08 İqtisadiyyatBunun üçün kifayət qədər əmək resursları var
"Pambıqçılığın inkişafı iqtisadi məsələlərin həlli ilə yanaşı, eyni zamanda, sosial məsələdir. Çünki mənə verilən məlumata görə, bu il 24 rayonda pambıq tarlalarında 70 minə yaxın insan işləyəcək və bu, məşğulluğun artırılması deməkdir. Son 13 il ərzində ölkəmizdə 1 milyon 300 min iş yeri yaradılıb. Bu, tarixi nailiyyətdir. İşsizliyin aradan qaldırılması istiqamətində çox ciddi addımlar atılıb. Ancaq bu, daimi proses olmalıdır. Nə üçün? Çünki bəzi başqa ölkələrdən fərqli olaraq Azərbaycanda demoqrafik dinamika çox müsbətdir. Bu da bizim iqtisadi inkişafımızla bağlıdır və əhali artır. Əgər 1970-ci illərdə əhali təqribən 7 milyon nəfər idisə, bu gün 10 milyona yaxınlaşır. Əgər o illərdə pambıq yığımına tələbələri cəlb edirdilərsə, bu gün buna ehtiyac yoxdur. Çünki bizdə kifayət qədər əmək resursları var. Ona görə, pambıqçılığın inkişafı yeni iş yerlərinin yaradılması deməkdir. Hesab edirəm ki, gələn il əkin sahələri daha da artacaq və beləliklə, işləyənlərin sayı da artmalıdır. Pambıq əkilən rayonlarda yüz minlərlə insan bu işlərə cəlb ediləcək". Əlbəttə, məhsuldarlıqla bağlı olan məsələlər də gündəlikdədir. 1970-ci illərdən fərqli olaraq bu gün dünyada daha da müasir texnologiyalar var və biz o texnologiyaları Azərbaycana gətiririk və gətirməliyik ki, məhsuldarlıq daha da artsın. Əgər keçən il hektardan məhsuldarlıq 20 sentner idisə, hesab edirəm ki, biz görüləcək tədbirlər nəticəsində bunu təqribən 30-35, bəlkə də 40 sentnerə qaldıra bilərik. Beləliklə, özünüz yaxşı bilirsiniz ki, bu, nə deməkdir. Mən Prezident Administrasiyasının bu işlərdə fəaliyyətini xüsusilə vurğulamaq istəyirəm. Vaxt məhdudiyyətinə baxmayaraq biz məhz Prezident Administrasiyasının səyi və yerli icra orqanlarının rəhbərlərinin fəaliyyəti nəticəsində bu il bu dönüşə nail ola bildik. İcra başçıları da, fəallar da, zəhmətkeşlər də çox yaxşı işlədilər. Bir daha demək istəyirəm ki, 2016-cı il pambıqçılığın inkişafı üçün həlledici il olacaq. Bu, bir başlanğıcdır və əminəm ki, bundan sonra pambıqçılıq Azərbaycanda sürətlə inkişaf edəcək, geniş vüsət alacaq. Dediyim kimi, bunun həm insanlara, həm dövlətə böyük xeyri olacaq". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Sabirabadda pambıqçılığın inkişafı məsələlərinə dair keçirilən respublika müşavirəsində irəli sürüb. Dövlət başçısının çıxışından bəlli olur ki, Azərbaycanda pambıqçılıq sahəsini daha da inkişaf etdirmək üçün kifayət qədər imkanlar var. Özü də dünya bazarında neftin qiymətinin düşməsi fonunda bu sahənin inkişaf etdirilməsi zərurəti yaranır. Elə isə, ölkədə pambıqçılığın inkişafına maneə olan amillər hansılardır? Millət vəkili, Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavini Eldar Quliyev deyib ki, Azərbaycanın başqa dövlətlərlə müqayisədə əkinə yararlı torpaqları o qədər də çox deyil:"Yaxşı olardı ki, əlimizdə olan yararlı torpaqlardan da tam istifadə olunsun. Vaxtilə Heydər Əliyev tərəfindən MDB ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda torpaq islahatları keçirildi və torpaqlar əhaliyə paylandı. Aqrar siyasət komitəsi olaraq biz əminik ki, bu gün çox sayda əkinə yararlı torpaqlar məmurlar tərəfindən çəpərlənib, buna görə də onun bəhrəsini görə bilmirik. Nəzərə almaq lazımdır ki, həmin torpaqlarda taxıldan tutmuş, meyvə-tərəvəzədək hər bir məhsul əkilə bilər. Bu gün Azərbaycan hər bir məhsulu istehsal etmək imkanına malikdir. Əgər yerli istehsalı inkişaf etdirsək, özümüzü bu məhsullarla tam təmin etməklə bərabər, idxaldan, ixraca keçə bilərik. Nəticədə ölkəyə külli miqdarda valyuta cəlb etmiş olarıq. Cənab Prezident çox haqlı olaraq irad tutdu ki, bəziləri 99 illik müqavilə ilə hektarlarla əkinə yararlı torpağı çəpərləyib. Burda 5-10 sotdan söhbət getmir. Söhbət məmurlar, oliqarxlar tərəfindən 500-1000 hektarlarla torpaq sahələrinin hasarlanmasından gedir. 2015-ci ilin sonu 2016-cı ilin əvvəlində qanuna edilən dəyişikliklə torpağı əkməyən sahibkarların cəzalanacağı müəyyən edildi. Bu gün əkin adı ilə torpaqlarda evlər tikirlər, imarətlər ucaldırlar. Bu baxımdan ölkə başçısının iradları çox yerindədir. Və Prezidentin də vurğuladığı kimi, torpaqlar geri qaytarılmalı, həmin adamlar cəzalandırılmalıdır". Sədr müavini İqtisadiyyat Nazirliyi, Əmlak Məsələləri üzrə Dövlət Komitəsi, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən bu sahədə gərgin işlər aparıldığını bildirib: "Məhz onların araşdırması nəticəsində əkilməyən torpaqlar aşkarlanıb. Bir tərəfdən deyirik ki, əkilməyən torpaqlarda meliorasiya, irriqasiya işləri aparaq. Halbuki, bizim əkinə yararlı torpaqlarımız hasarlarda qalıb. Mən hesab edirəm ki, həmin məmurlar xalqın düşmənidir. Cənab Prezidentin də dediyi kimi, artıq dənizdən quruya çıxmaq lazımdır. Bütün dünyada olduğu kimi Azərbaycanda da neft bumu öz mövqeyini itirib. Biz iqtisadiyyatımızı neft üzərində qura bilmərik. Ona görə də, qeyri-neft sektorunu inkişaf etdirməliyik. Biz yalnız pambıq istehsal etməklə yerli istehsalı stimullaşdıra bilərik. Pambıq əkməklə yüngül sənayeni, kənd təsərrüfatını inkişaf etdirə bilərik. Bildiyiniz kimi çiyiddən yağ alınır, bu da istifadə olunan ərzaq məhsuludur. Mal-qaranı yedizdirmək üçün pambığın jımıxından istifadə edilə bilər. Bunun da kənd təsərrüfatı sahəsində, heyvandarlığın inkişafında çox böyük rolu var. Eyni zamanda, pambıq çöplərində mebel sənayesində geniş istifadə mümkündür. Digər tərəfdən səhiyyədə pambıq lazımlıdır. Hərbi sənayedə barıtın bir hissəsi pambıqdan düzəldilir. Bu siyahını uzatmaq da olar.Əminəm ki, ölkə başçısının əkinə yaralı torpaqların zəbt edilməsilə bağlı verdiyi göstərişlər 2017-ci ildə həll olunacaq". Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov bildirib ki, hazırda dünya bazarında pambıq tələbatdan 2 dəfə artıqdır: "Yəni o ölkələr ki, pambıq istehsalı ilə məşğul olur, onların anbarlarındakı pambıq tələbatdan 2 dəfə çoxdur. Pambığa olan tələbat isə getdikcə azalır. Bu həm ümumi amillərlə, həm də dünyada gedən böhranla bağlıdır.Ən çox pambıq istehsal və istehlak edən Çin də istehlakı azaldıb. Bu isə tələbatın olmaması ilə bağlıdır. Dünyada pambıq istehsalından gəlir götürən çox ciddi "oyunçular" var. Həmin ölkələr tam müasir texnologiyalarla təmin olunublar. Elə fermerlər var ki, 1 hektardan 6 ton məhsul götürür". Ekspert Azərbaycanda da pambıqçılığın inkişaf etdirilməsinin mümkünlüyünü qeyd edib: "Ölkədə pambıqçılığı inkişaf etdirməzdən əvvəl bu sahə ilə bağlı elmi inkişaf etdirmək lazımdır. Özümüz torpaq, iqlim şəraitinə uyğun sortlar yetişdirməli, toxumçuluğu inkişaf etdirməliyik. Pambıqçılıqda mövcud olan problemlərin aradan qaldırılması istiqamətində işlər görməliyik. Ən əsası rəqabət mühiti yaratmalıyıq. İnzibati qayda ilə Azərbaycanda pambıqçılığı inkişaf etdirmək olmayacaq".
Nurlan