Konstitusiyaya dəyişikliklər idarəetməni daha da təkmilləşdirəcək

Sentyabrın 26-da keçirilməsi nəzərdə tutulan ümumxalq səsverməsinə çıxarılan bir sıra məsələlər birbaşa ölkənin iqtisadi inkişafı ilə bağlıdır. Belə ki, Konstitusiyaya təklif olunan dəyişikliklərdə sahibkarlıq və xüsusi mülkiyyət barədə də bir sıra müddəalar əks olunur. Ekspertlərin qənaətinə görə, məhz bu məsələlər ölkədə uzun müddətdən bəri həllini gözləyən iqtisadi problrmlərin çözülməsinə şərait yaradacaq.

Referendum təşəbbüsü həyata keçirilən islahatlar fəlsəfəsindən irəli gəlir
 

Sentyabrın 26-da keçirilməsi nəzərdə tutulan ümumxalq səsverməsinə çıxarılan bir sıra məsələlər birbaşa ölkənin iqtisadi inkişafı ilə bağlıdır. Belə ki, Konstitusiyaya təklif olunan dəyişikliklərdə sahibkarlıq və xüsusi mülkiyyət barədə də bir sıra müddəalar əks olunur. Ekspertlərin qənaətinə görə, məhz bu məsələlər ölkədə uzun müddətdən bəri həllini gözləyən iqtisadi problrmlərin çözülməsinə şərait yaradacaq. İqtisadçı alim, İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüskarı olduğu "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Referendum Aktı layihəsində əksini tapan əlavə və dəyişikliklər eyni zamanda ölkəmizdə aparılan iqtisadi islahatların miqyasının genişlənməsinə, idarəetmə sistemin optimallaşdırılmasına və səmərəliliyinin artırılmasına imkan yaradacaq. Bu dəyişikliklər post-neft dövründə iqtisadiyyatın diversifikasiyası ilə bağlı həyata keçirilən islahatların sürətləndirilməsinə geniş baza formalaşdıracaq. V.Bayramov bildirib ki, Konstitusiya Aktı layihəsinə əlavə edilmiş 4 yeni maddə (103, 106,108,110) idarəetmə sisteminin institutsionaı təkmilləşməsi, onların səlahiyyətlərinin optimallaşdırılması və dəqiqləşdirilməsinə imkan yaratmaqla iqtisadi islahatların daha yaxşı koordinasiyası və miqyasının genişləndirilməsinə imkan yaradacaqdlr. Həmin dəyişikliklərə əsasən, bir sira inkişaf etmiş ölkələrdə olduğu kimi Azərbaycanın siyasi idarəçilik sistemində ilk dəfə olaraq Azərbaycan Respublikasının Birinci vitse-prezidenti və vitse-prezidentləri vəzifələrinin təsis edilməsi nəzərdə tutulub. İstər birinci vitse-prezident, istərsə də vitse- prezidentlər institutlarının yaradılması islahatların idarəedilməsinə və qərarların optimallaşdırılmasına imkan yaradacaq. Bir sıra inkişaf etmiş ölkələrdə vitse-prezident institutunun uğurla fəaliyyət göstərdiyini nəzər alsaq bu praktika Azərbaycan üçün də əlverişli olacağını söyləmək mümkündür: "Belə ki, bu islahatların aparılmasına daha modern və fərqli yanaşmasının reallaşması deməkdir. Eyni zamanda, yeniləşən idarəetmə sistemi iqtisadi proqramların icrasında cevikliyi də artıra biləcək. Nəticədə yeni dəyişikliklər Nazirlər Kabinetinin fəaliyyətinin islahatların daha dərindən dəstəklənməsi istiqamətində qurulması demək olacaq. Bu iqtisadi islahatların genişləndirilməsi üçün koordinasiya edilmiş və eləcə də modernləşmiş yeni idarəetmə aparatının formalaşması deməkdir. Belə ki, idarəetmə sistemində həyata keçiriləcək dəyişikliklər iqtisadiyyatın şaxələnməsinə hədəflənən islahatlar üçün institutsional baza formalaşdıracaq. Bütövlükdə, Azərbaycan Respublikasının Konstitusiyasında ediləcək dəyişikliklər iqtisadiyyatın diversifikasiyası ilə bağlı daha geniş miqyaslı islahatların aparılmasına zəmin və baza yaradacaq". Milli Məclisin deputatı, "Yeni Azərbaycan" referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndəsi Hüseynbala Mirələmov bildirib ki, sentyabrın 26-da ölkəmizdə Konstitusiyaya əlavə və dəyişikliklərlə əlaqədar ümumxalq səsverməsi - referendumun keçirilməsi məhz ölkəmizdə müxtəlif sahələri əhatə edən islahatlar fəlsəfəsindən irəli gəlir: "Sirr deyil ki, ölkəmizdə siyasi, iqtisadi, mədəni, hüquqi və digər sahələrdə, o cümlədən idarəetmə sistemində ardıcıl islahatlar həyata keçirilir. Yəni, davamlı inkişaf naminə müəyyən olunmuş strateji hədəflərə çatmaq üçün böyük işlərə start verilib. Prezident İlham Əliyev vurğulayıb ki, 2016-cı il dərin islahatlar ili kimi tarixdə qalacaq. Şübhə yoxdur ki, islahatların, başlanmış böyük işlərin nəticələri gələcək illərdə özünü göstərəcək. Start verilən islahatlar hansısa ayrılıqda götürülmüş bir istiqaməti əhatə etmir. Bu islahatlar müxtəlif istiqamətləri əhatə etməklə ümumi inkişafa daha effektiv təsir göstərir. Bütövlükdə isə, həyata keçirilən və reallaşdırılması nəzərdə tutulan islahatlar sayəsində ölkəmiz daha yüksək nailiyyətlər əldə etmək gücündədir. Son illərdə qlobal miqyasda müşahidə edilən arzuolunmaz maliyyə-iqtisadi və siyasi böhranlarla müqayisədə Azərbaycanın davamlı inkişaf göstəriciləri ölkənin hər bir vətəndaşında böyük nikbinlik və sonsuz qürur doğurur. Çünki respublikamız dünya üçün çətin keçən illərdə də öz inkişafını inamla davam etdirir və bütün sahələrdə böyük uğurlara imza atır. Azərbaycanın nailiyyətlərinin təməlində isə ölkədə məqsədyönlü siyasət sayəsində əldə olunan möhkəm daxili sabitlik, xalqla iqtidar arasındakı güclü həmrəylik dayanır. Prezident İlham Əliyevin xalqın iradəsinə əsaslanan və respublikanın davamlı iqtisadi inkişafına, cəmiyyətdən gələn sosial sifarişlərin dolğun şəkildə ödənilməsinə yönələn siyasəti ictimaiyyətin müxtəlif təbəqələri tərəfindən dərin rəğbətlə qarşılanaraq güclü şəkildə dəstəklənir. Yəni Azərbaycanın spesifik milli inkişaf yolunun ən xarakterik cəhəti məhz bu amillə şərtlənir". Onun sözlərinə görə, ölkəmizdə reallaşdırılan islahatlar sırasında ardıcıl və davamlı xarakter daşıyan demokratik islahatları xüsusi qeyd etmək lazımdır: "Əlbəttə, burada başlıca məqsəd hüquqi dövlətin təməllərinin daha da möhkəmləndirilməsidir. Hüququn aliliyi, ictimai həyatın bütün sahələrində qanunun hökmranlığı prinsiplərinin mühafizə olunması dövlətin və vətəndaşların qarşılıqlı məsuliyyətinin güclənməsini təmin etməklə yanaşı, hüquqi dövlətin təməllərini də möhkəmləndirib. Bütövlükdə, Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikada demokratiya quruculuğu yetkin mərhələyə daxil olub. Vətəndaşların hüquq və azadlıqlarının daha yüksək səviyyədə qorunması, qanunun aliliyinin tam təmin edilməsi istiqamətində işlər davam etdirilir. Korrupsiya və rüşvətxorluğa, insan alveri, beynəlxalq cinayətkarlıq və qaçaqmalçılığa qarşı mübarizənin gücləndirilməsi, elektron hökumətin qurulması, "ASAN xidmət" sisteminin yaradılması, qeydiyyat və vergi ödəmələri prosedurlarının sadələşdirilməsi, müxtəlif sahələrdə qanunvericiliyin təkmilləşdirilməsi və digər addımlar bunu təsdiq edir. Onu da qeyd edək ki, ölkəmizdə idarəetmə sahəsində həyata keçirilən islahatlar yeni mərhələyə qədəm qoyub. Burada daha çox bir-birini təkrarlayan, bənzər funksiyalar yerinə yetirən qurumların işinin tənzimlənməsi, idarəetmədə islahatların davamlılığına nail olunması, o cümlədən neqativ hallara qarşı ictimai nəzarət mexanizminin formalaşdırılması kimi amilləri də xüsusi qeyd etmək lazımdır. Bütün bu sadalananların timsalında qeyd edə bilərəm ki, Konstitusiyaya təklif olunan dəyişikliklər idarəetməni daha da təkmilləşdirəcək, hüquqların etibarlı təminatçısı olacaq və islahatların səmərəliliyini təmin edəcək".

Alim 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31