Sənaye parklarının yaradılması ölkə iqtisadiyyatına nə verəcək?

Azərbaycanda iqtisadi inkişaf strategiyası artıq modernləşmə xəttinə əsaslanmaqla tam innovativ yönümdə həyata keçirilir. Qlobal trendlərə uğurla uyğunlaşdırılan çevik iqtisadi siyasətin prioritet sahələrindən biri isə məhz sənaye sektorudur.

Azərbaycanda iqtisadi inkişaf strategiyası artıq modernləşmə xəttinə əsaslanmaqla tam innovativ yönümdə həyata keçirilir. Qlobal trendlərə uğurla uyğunlaşdırılan çevik iqtisadi siyasətin prioritet sahələrindən biri isə məhz sənaye sektorudur. "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının əsas istiqamətlərindən olan sənayenin davamlı inkişafının təmin edilməsi məqsədilə dövlət tərəfindən çoxsaylı layihələr hazırlanır. Belə layihələrdən biri də ölkədə sənaye parklarının yaradılmasıdır. Məlumat üçün qeyd edək ki, ölkə prezidenti İlham Əliyevin sərəncamları ilə Azərbaycanda Sumqayıt Kimya Sənaye Parkı, Balaxanı Sənaye Parkı, Sumqayıt Yüksək Texnologiyalar Parkı yaradılıb. Bu günlərdə Prezident İlham Əliyev Pirallahı Sənaye Parkının yaradılması haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, qeyri-neft sənaye sahələrinin davamlı inkişafı, sənaye sahəsində sahibkarlıq fəaliyyətinin daha da genişləndirilməsi, qabaqcıl texnologiyalara əsaslanan rəqabətqabiliyyətli və innovativ sənaye sahələrinin yaradılması, o cümlədən əczaçılıq sənayesinin inkişafı və dəstəklənməsi, əczaçılıq məhsullarının idxalından asılılığın azaldılması, əhalinin dərman vasitələrinə tələbatının ödənilməsində yerli istehsalın təşviq edilməsi və istehsal sahəsində əhalinin məşğulluğunun artırılması məqsədilə Bakı şəhərinin Pirallahı rayonu ərazisində Pirallahı Sənaye Parkı yaradılsın. Müəyyən edilir ki, Pirallahı Sənaye Parkı sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastrukturu və idarəetmə qurumları olan, müasir texnologiyaların tətbiqi yolu ilə sənaye, o cümlədən əczaçılıq sənayesi üzrə rəqabətqabiliyyətli məhsul istehsalı və xidmət göstərilməsi, habelə emal müəssisələrinin yaradılması üçün istifadə edilən, sahibkarların səmərəli fəaliyyətinə və inkişafına kömək edən ərazidir. Maraqlıdır, sənaye parklarının yaradılması ölkə iqtisadiyyatına hansı töhvələr verəcək? 

***

Ekspertlər hesab edirlər ki, sənaye parklarının yaradılması ölkə iqtisadiyyatının inkişafına və modernləşməsinə, sahibkarlığın dəstəklənməsinə, ölkənin ixrac qabiliyyətinin genişlənməsinə, məşğulluq səviyyəsinin yüksəlməsinə əhəmiyyətli təsir göstərəcək. Sənaye parklarının yaradılması ölkə iqtisadiyyatının, xüsusilə qeyri-neft sektorunun inkişafına, iqtisadiyyatın modernləşməsinə, innovativ və elmtutumlu iqtisadiyyatın formalaşmasına, yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli sənaye istehsalının genişləndirilməsinə, investisiya mühitinin cəlbediciliyinin artmasına, sahibkarlığın dəstəklənməsinə, ölkənin ixrac qabiliyyətinin genişlənməsinə, eləcə də məşğulluq səviyyəsinin yüksəlməsinə töhvə verəcək. Məlumat üçün qeyd edək ki, artıq sənaye parklarının yaradılması ilə bağlı müvafiq qanunvericilik bazası yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 24 aprel 2013-cü il tarixli fərmanı ilə təsdiq edilmiş "Sənaye parkları haqqında Nümunəvi Əsasnamə" sənaye parklarının yaradılması, idarə edilməsi və onlarda sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı məsələləri tənzimləyən çox mühüm baza sənədidir. Hazırda ölkədə müxtəlif təyinatlı sənaye parklarının (Sumqayıt Kimya Sənaye, Balaxanı Sənaye və Yüksək Texnologiyalar parkları) yaradılması istiqamətində tədbirlər həyata keçirilir. Qeyd edək ki, ölkədə sənaye parklarının işinin yüksək səviyyədə qurulması məqsədilə böyük təcrübəyə malik məsləhətçi şirkətlər cəlb edilib. Məsləhətçi şirkət tərəfindən təhlillər aparılmış, rəqabətqabiliyyətli yeni məhsulların istehsalı, xarici və yerli investorların cəlb edilməsi üçün təkliflər hazırlanmış, texniki tapşırığa uyğun olaraq xüsusi plan tərtib edilmiş, nəzərdə tutulan infrastruktur şəbəkəsi, sosial təyinatlı obyektlərin konseptual dizaynı hazırlanmışdır. Onu da bildirək ki, dövlət başçısı tərəfindən təməli qoyulmuş Balaxanı Sənaye Parkının yaradılması istiqamətində zəruri təşkilati işlər və müvafiq tədbirlər həyata keçirilir. Sumqayıt şəhərində Yüksək Texnologiyalar Parkı yaradılır ki, bu da ölkəmizdə İKT sahəsində ilk xüsusi rejimli zona olmaqla elmi araşdırmaların, elmtutumlu texnoloji məhsulların istehsalının əhəmiyyətli dərəcədə artmasına təkan verəcək.
Ekspertlər hesab edirlər ki, ölkədə sənaye parklarının yaradılması şübhəsiz ki, sahibkarlıq fəaliyyətinin genişlənməsinə imkan yaradacaq. Artıq bununla əlaqədar strateji hədəflər də bəllidir. Nəzərə almaq lazımdır ki, sənaye parklarının yaradılmasında əsas məqsədlərdən biri özəl sektorun inkişafının sürətləndirilməsi, sahibkarlıq fəaliyyətinin genişləndirilməsidir. Məlum olduğu kimi, birbaşa xarici investisiyaların cəlb edilməsi üçün əsas amillər əlverişli infrastrukturun yaradılması, cəlbedici güzəştlər mexanizmi, müvafiq prosedurların maksimal sadələşdirilməsi, o cümlədən elektron xidmətlərin təqdim edilməsi, idarəedici təşkilat tərəfindən təqdim olunan xidmətlər, layihənin maliyyələşdirmə imkanları, ən başlıcası isə dövlət dəstəyidir. İnvestisiya cəlbediciliyinin təmin olunması məqsədilə sənaye parklarının ərazisində yerli və xarici investorlar üçün bir sıra güzəştlər nəzərdə tutulur. Belə ki, Sumqayıt Kimya Sənaye Parkında fəaliyyət göstərəcək sahibkarlar üçün sənaye parkının rezidentləri 7 il müddətinə mənfəət, torpaq, əmlak vergilərindən və parkda istifadə məqsədilə idxal olunan texnika, texnoloji avadanlıqlar və qurğular ƏDV-dən azad edilmişdir. Bu, baza güzəştlər portfeli kimi qəbul edilir və zərurət yaranarsa, güzəştlər paketi daha da genişləndirilə bilər. Daha bir vacib məqam isə sənaye parklarının ərazisində ən müasir tələblərə cavab verəcək infrastrukturun yaradılmasıdır. Sənaye parklarının yaradılmasında sosial sahəyə də xüsusi diqqət yetiriləcək. Burada sənayenin müxtəlif sahələri üzrə onlarla müəssisənin fəaliyyət göstərməsi nəzərdə tutulur ki, bu da minlərlə yeni iş yerinin açılması deməkdir. 

Nurlan 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31