Bank sektoru qısa zamanda praktik olaraq yenidən qurulmalıdır
Ötən ilin sonlarında ölkənin maliyyə bazarında yaşanan neqativ hallar ən çox bank sektorunda ciddi problemlərin olduğunu üzə çıxardı. Məlum oldu ki, banklar heç də göründüyü qədər sağlam fəaliyyətdə deyil, ölkədə fəaliyyət göstərən əksəriyyət banklar yaranan ən xırda çətinliyi belə aradan qaldırmaq iqtidarından kənardır. Elə bu səbəbdəndir ki, onlarla bank yaranmış çətinliyə tab gətirə bilməyərək fəaliyyətini dayandırdı. Bəs görəsən bank sektorunda mövcud olan problemlərin əsas səbəbi nədir və rentabelli fəaliyyət göstərməyən bankların müəyyən edilməsi üçün mütləq maliyyə bazarında hansısa problem yaranmalı idi?
8 Sentyabr 2016 13:21 İqtisadiyyatFikrət Yusifov: "Biz gec-tez bunu etməliyik"
"Çünkü bizə sağlam banklar lazımdır"
Ötən ilin sonlarında ölkənin maliyyə bazarında yaşanan neqativ hallar ən çox bank sektorunda ciddi problemlərin olduğunu üzə çıxardı. Məlum oldu ki, banklar heç də göründüyü qədər sağlam fəaliyyətdə deyil, ölkədə fəaliyyət göstərən əksəriyyət banklar yaranan ən xırda çətinliyi belə aradan qaldırmaq iqtidarından kənardır. Elə bu səbəbdəndir ki, onlarla bank yaranmış çətinliyə tab gətirə bilməyərək fəaliyyətini dayandırdı. Bəs görəsən bank sektorunda mövcud olan problemlərin əsas səbəbi nədir və rentabelli fəaliyyət göstərməyən bankların müəyyən edilməsi üçün mütləq maliyyə bazarında hansısa problem yaranmalı idi?
"Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru Fikrət Yusifov deyir ki, bank sektorunda bu günə mövcud olan problemlərin başlanğıcı bir qədər uzağa gedir. Onun sözlərinə görə, ölkə iqtisadiyyatının neftdən asılılığının kifayət qədər yüksək olduğu və valyuta gəlirlərinin 90 faizdən çoxunun məhz bu strateji məhsulun xaricə satışından daxil olduğu bir şəraitdə Mərkəzi Bank vəziyyəti real dəyərləndirməli və neftin qiymətlərində son onilliklər ərzində baş vermiş kəskin dəyişmələrin fərqində olmalı idi: "Çox təssüflər olsun ki, ölkənin pul-kredit siyasətinə cavabdeh olan Mərkəzi Bank bu vəziyyəti vaxtında lazımınca dəyərləndirə bilmədi. O, sadəcə olaraq ölkəyə gələn böyük neft pulları hesabına manatın məzənnəsini birinci devalvasiyaya qədər 15 faiz möhkəmləndirməyə üstünlük verdi. Dünya bazarlarında neftin qiymətlərinin kəskin şəkildə aşağı düşmsi səbəbindən ölkəyə daxil olan xarici valyutanın həcminin azalması, manata olan təziqləri artırdı. Mərkəzi Bank 15 milyard dollardan bir qədər artıq olan valyuta rezervlərini sürətlə manatın məzənnəsini sabitləşdirmək naminə əritməyə başladı. Bu da səhv addım idi. Heç olmasa bu dəfə vəziyyəti real qiymətləndirib, manatı Rusiyada, Qazaxstanda olduğu kimi üzən məzənnəyə keçirməklə valyuta ehtiyatlarını qorumaq lazım idi". İqtisadçının sözlərinə görə, belə olardısa Mərkəzi Bank valyuta ehtiyatlarının iki il ərzində 72 faiz azalmasına yol verməzdi: "Azərbaycan Mərkızi Bankı öz valyuta ehtiyatlarının böyük bir hissəsini manatın məzənnəsinin sabitliyi naminə xərcləsə də, iki devalvasiya ilə onun iki dəfə dəyərdən düşməsinin qarşısını ala bilmədi. Mərkəzi Bankın böyük neft pulları daxil olarkən manatın möhkəmləndirilməsi, bu pulların azaldığı bir dönəmdə isə onun məzənnəsinin sabit saxlanılmasına yönəlik siyasəti yanlış idi və belə siyasət özünü doğrulda bilməzdi. Baş verən prosseslər nəticə etibarilə milli valyutaya olan inamı əsaslı şəkildə dəyişdi. Əmanətlərini banklarda və evlərdə əsasən milli valyutada saxlayan insanlar, mümkün qədər onları xarici valyutaya dəyişməyə üz tutdular. Yaranmış vəziyyətdə banklar da kreditləri daha çox xarici valyutada verməyə başladılar. Bir sözlə dolların ölkəyə axını kəskin şəkildə azaldığı bir durumda, ona bütün səviyyələrdən basqılar edilməyə başlandı. Dollarlaşma özünün pik həddinə çatdı". Fikrət Yusifov bildirib ki, bu durum bankların fəaliyyətini getdikcə ağırlaşdırmalı idi: "Manata olan inamın azalması səbəbindən onun məzənnəsində baş verən iki kəskin devalvasiya bankların dollarla verdikləri kreditlərin geriyə qaytarılmasına ciddi problemlər yaratdı. Kreditlərin verilməsi maksimum məhdudlaşdırıldı. Bank öz məhsullarını və xidmətlərini satmaqla qazanc əldə edən müəssisədir. Onun əsas məhsulu isə müəssisə və təşkilatlara, əhaliyə verdiyi kreditlərdir. Bank kredit vermirsə və ya kreditlərin verlişini maksimum məhdudlaşdırırsa, deməli gec-tez onun fəaliyyətində problemlər baş qaldıracaqdır". Mərkəz rəhbərinin sözlərinə görə, ölkənin bank sistemini sağlamlaşdırılması, milli valyutaya olan inamın bərpa olunması yolunda Prezident İlham Əliyevin əmanətlərin üç il müddətinə tam sığortalanması barədə qəbul etdiyi qərar çox mühüm əhəmiyyət kəsb edən, qətiyyətli bir addımdır: "Maliyyə Bazarlarına Nəzarət Palatasının və Maliyyə Sabitliyi Şurasının yaradılması da bank sektorundakı durumu sabitləşdirmək və milli valyutaya olan inamı bərpa etməyə yönəlik ciddi addımlardır. Bu gün ölkənin bank sektorunu sağlamlaşdırmaq məqsədilə müxtəlif səviyyələrdə təkliflər səslənir. Müəyyən maliyyə alətlərindən istifadə olunmasına, başqa ölkələrdə mövcud olmuş təcrübələrdən istifadə etməyə dair təkliflər irəli sürülür. Bu təkliflərin hər biri normaldır. Lakin bir məsələni unutmaq lazım deyil ki, bank sektorunun mövcud durumunda onu sadə terapiya yolu ilə müalicə etmək mümkün deyil. Bu günə qədər 10-dan artıq bankın bağlanmasını və bu prossesin bu qaydada davam etməsini bank islahatları adlandırmaq olmaz. Banklar fəaliyyətindəki müəyyən nöqsan və çatışmazlıqlara görə bağlanır. Bağlanan banklara yerləşdirilmiş əmanətlərin və onların verdikləri kreditlərin geri qaytarılması ilə bağlı problemlər isə həll olunmamış qalır. Nəticə etibarilə bağlanan bankın əmanətlərini qaytarmaq yükü, onsuz da çətin durumda olan Əmanətlərin Sığortalanması Fondunun üzərinə düşür. Bu fondun vəsaitləri çatışmadıqda isə dövlət zəmanəti ilə borc götürmək zərurəti yaranır. Deməli, son nəticədə bu yükün bir hissəsi dövlətin üzərinə düşür. Ona görə də ölkənin bank sektoru qısa zaman kəsiyində praktik olaraq yenidən qurulmalıdır". Fikrəıt Yusifov deyib ki, yeganə döğru yolu mövcud bankların nizamnamə kapitalına tələbi 8-10 dəfəyə qədər artırmaqla onların məcburi qaydada bir araya gəlməsinə - yəni konsalidasiya olunmağa məcbur etməkdə görür: "Biz gec-tez onsuz da bunu etməliyik. Çünkü bizə sağlam banklar lazımdır. Bu gün ölkə iqtisadiyyatının real sektorunun əsaslı inkişafı yolunda hökumətin atdığı addımlar sağlam bank sisteminin mümkün qədər tez formalaşdırılmasını zəruri edir. Bizə son nəticədə çox geniş şəbəkəsi və maliyyə imkanları olan, üzünü ölkə iqtisadiyyatının real sektoruna tutmağı bacaran 5-6 bank kifayət edər. Bu fikirləri biz ilk dəfə deyil ki, səsləndiririk".
Süleyman