Maliyyə sektorunun dollarlaşması bankların likvidliyinə problem yaradır

Manat növbəti sınaq qarşısındadır. İki kəskin devalvasiyaya məruz qalmış milli valyutamız dəyərini yenidən kəskin itirmək təhlükəsi ilə üzləşib.

Manat növbəti sınaq qarşısındadır. İki kəskin devalvasiyaya məruz qalmış milli valyutamız dəyərini yenidən kəskin itirmək təhlükəsi ilə üzləşib. İyun ayından başlayaraq dəyərini tədricən itirməsi hələki təhlükəni sovuşdura bilməyib. Valyuta bazarında son həftələr yaranmış ajiotaj manata təzyiqi gündən-günə artırır. Qara bazarın getdikcə "çiçəklənməsi" xarici valyutaların qeyri-rəsmi dövriyyəsinə şərait yaratmaqla yanaşı manata ən böyük zərbəni vuran kapital axınını stimullaşdırır. İqtisadçı ekspert Samir Əliyev deyir ki, səbəb manatın yığım funksiyasını itirməsi tədavül və ödəniş funksiyasını isə getdikcə zəifləməsidir: "Manatın məzənnəsinin qeyri sabitliyi insanların - sahibkarların, əmanətçilərin, bankirlərin ona inamını sarsıdıb. O inamı ki, onu qazanmaq üçün illər tələb olunub. Bu gün ölkənin valyuta bazarında sabitliyi təmin etmək üçün xarici valyutaya olan tələb və təklif arasında fərqi minimuma endirmək vacibdir. İyun ayından başalayarq Mərkəzi Bank tərəfindən təşkil edilən valyuta hərraclarında dollara olan tələb təklifi 10-12 dəfə üstələyir. Buna səbəb bankların xarici valyutaya ehtiyaclarının artmasıdır. Valyuta bazarında mövcud gərginliyi azaltmaq üçün təklifin əhəmiyyətli artırılması və ya tələbin nəzərəçarpacaq dərəcədə azaldılması tələb olunur. Hər iki addım ajiotajı qısamüddətli yatırmağına rəğmən problemi həll edə bilməz. Neft Fondu və Mərkəzi Bank hesabına dollar təklifinin tam ödənilməsi bu valyutaya tələbi yalnız qısa müddətdə azalda bilər. Çünki iqtisadiyyatın dollarlaşması, xarici borcun getdikcə artması, rəsmi və qeyri-rəsmi kapital axını dollara tələbatı daim yüksək səviyyədə saxlayacaq. Samir Əliyev deyir ki, manat kütləsini məhdudlaşdırmaq, idxalı azaltmaq, rəsmi kapital çıxışına qadağa hesabına tələbi azaltmaq da çıxış yolu deyil: "Bu addımlar iqtisadi tənəzzülə yol aça bilər. Proses paralel aparılmalı, daha çox iqtisadi alətlərdən istifadəyə üstünlük verilməlidir. Ölkəyə neftdən kənar dollar axını çox azdır. Təkcə idxalatçı şirkətlərin aylıq tələbi 650-700 milyon dollar civarındadır. Bura dövlətin və özəl şirkətlərin, o cümlədən bankların xarici borca xidmət xərclərini, əhalinin dollar yığımını, xaricə kapital axınını əlavə etsək, aylıq tələbatın 1-1,2 milyard dollar civarında olduğunu görə bilərik. Üstəlik bağlanan bankların manatla qaytarılan əmanətlərinin dollara çevrilməsi, banka manatla ödənilən xarici valyuta kreditlərinin dollara konvertasiyası tələbatı daha da artırır. Bu həddə tələbatın qarşılığında valyuta təklifinin aylıq həcmi 700-800 milyon dollardan çox deyil. Aylıq 300-400 milyon dollarlıq valyuta çatışmazlığını Neft Fondunun aktivləri və Mərkəzi Bankın ehtiyatları hesabına müvəqqəti aradan qaldırmaq olar. Ancaq bu, problemin ömrünü uzatmaq və onun taleyini dünya bazarlarında neftin bahalaşmasına bağlamaqdan başqa bir şey deyil. Problem sistem xarakter daşıdığından məsələnin həlli köklü yanaşma tələb edir. Manatın məzənnəsinin sabitliyi yalnız dayanıqlı makroiqtisadi sabitlik və iqtisadi inkişaf fonunda mümkündür. Ölkənin maliyyə sektorunun sürətlə dollarlaşması milli valyutaya təzyiqi artırmaqla yanaşı makroiqtisadi sabitliyi risk altına qoyur". İqtisadçının sözlərinə görə, maliyyə sektorunun dollarlaşması bankların likvidliyinə problem yaradır, iqtisadiyyatın pulla təminatını pisləşdirir: "Əmanəti xarici valyutada cəlb edən banklar krediti də həmin valyutada verməyə məcburdur. Əks halda bankın valyuta mövqeyi pozula bilər və qeyri-sabit məzənnə siyasəti dövründə zərərə düşə bilər. Bank əmanəti dollarla qəbul edib, krediti milli valyutada verdikdə bank sistemində valyuta riski artır. Çünki bankların valyuta öhdəlikləri onların valyuta akitvlərini üstələyəndə milli valyutanın məzənnəsinin aşağı salınması onun aktivlərinin xalis dəyərini aşağı salır və bankı ödəmə qabiliyyətini itirmək riskinə atır. Bütün bunlar dollarlaşmanın Azərbaycan iqtisadiyyatına, o cümlədən maliyyə sisteminə vurduğu ağır zərbələrdir.

Azərbaycanda makroiqtisadi sabitliyin təmin olunması, milli valyutanın iqtisadiyyatda rolunun artırılması və əhalinın inamının bərpası üçün mövcud problemin həllinə strateji yanaşma tələb olunur. Bu yanaşma özündə etibarlı pul-kredit və məzənnə siyasətini, aşağı və sabit inflyasiya səviyyəsini, maliyyə bazarının genişlənməsini ehtiva etməlidir. Bütün bunlara iqtisadiyyatda dollarlaşma səviyyəsini aşağı salmaqla nail olmaq olar. Ona görə də hökumət əksdollarlaşma (de-dollarlaşma) strategiyası hazırlamalı, makroiqtisadi sabitliyə yönəlik tədbirlərin icrasına başlamalıdır. İqtisadiyyatda dollarlaşma səviyyəsinin aşağı salınması vacib olmaqla yanaşı, uzunmüddətli və mürəkkəb prosesdir. Ancaq kompleks tədbirlər və düzgün koordinasiya hesabına uğurlu nəticəyə nail olmaq mümkündür. İqtisadiyyatda idxalın yüksək səviyyəsi əksdollarlaşma prosesini ləngidən amildir. Valyuta bazarını və maliyyə alətlərinin inkişaf etdirmədən dollardan imtina çətin görünür. Çevik valyuta məzənnəsi əsasında inflyasiya hədəflənməsi rejimi və büdcə maraqlarından çıxış etməyən pul-kredit siyasəti maliyyə bazarının əksdollarlaşması üçün əlverişli əsas ola bilər. Hesab edirəm ki, Azərbaycanda hökumətin və Mərkəzi Bankın iştirakı ilə Əksdollarlaşma Strategiyası hazırlanmalı və sənəddə bazar və inzibati mexanizmləri nəzərdə tutan tədbirlər əksini tapmalıdır".

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31