Valyuta qıtlığını necə aradan qaldırmaq olar?
Son günlər ölkənin maliyyə bazarında cərəyan edən proseslər, dollara olan tələbatın ödənilməsində yaranan problemlər müəyyən mənada ajiotaj yaradıb. Bazarlarda müşahidə edilən dollar qıtlığı belə bir fikir formalaşdırıb ki, tezliklə dollar yenidən manata nisbətən bahalaşacaq.
5 Sentyabr 2016 13:13 İqtisadiyyatQısamüddətli dövrdə ölkəyə xarici investisiyanın gəlişini təmin etmək zəruridir
Son günlər ölkənin maliyyə bazarında cərəyan edən proseslər, dollara olan tələbatın ödənilməsində yaranan problemlər müəyyən mənada ajiotaj yaradıb. Bazarlarda müşahidə edilən dollar qıtlığı belə bir fikir formalaşdırıb ki, tezliklə dollar yenidən manata nisbətən bahalaşacaq.
İqtisadçı Rövşən Ağayev də deyir ki, valyuta defisiti bazarda ciddi ajiotaj yaradıb. Onun sözlərinə görə, hətta bəzi banklar valyuta satışını tamam dayandırıb: "Bəziləri 100 dollardan 300 dollaradək limit qoyub. Ötən ilin fevral ayından sonra indiki səviyyədə ajiotaj müşahidə edilməmişdi". Rövşən Ağayev hesab edir ki, kəskin defisitin bir neçə ehtimal olunan səbəbi var: "Birincisi, iyun ayının sonunadək Mərkəzi Bank "Aqrarkredit" vasitəsilə Beynəlxalq Bankın problemli aktivlərinə 3 milyard manat yönətməliydi. Bankın 2015-ci il hesabatında göstərilən bu proses baş veribsə, heç şübhəsiz iyul-avqust aylarında həmin vəsaitin hansısa hissəsi bankın valyuta öhdəliklərinin icrasına yənəldilib. İkincisi, hökumət 2016-cı ildə büdcə vasitəsilə əvvəlki illərdə olmadığı qədər - təxminən 1 milyard dollara yaxın borc ödəməyi nəzərdə tutmuşdu. Mümkündür ki, bu borcların aktiv qaytarılma dövrü ilin 2-ci yarısına təsadüf edir. Üçüncüsü, banklar və şirkətlər manatın ucuzlaşma təhlükəsi perspektivini nəzərə alaraq izafi xərclərdən qaçmaq üçün mümkün qədər daha çox valyuta borcundan yaxa qurtarmağa çalışır. Həmçinin bəzi qrupların referendumdan sonrakı mərhələdə kapital təhlükəsizliyi üçün riskləri nəzərə alması ölkədən kapital qaçışını sürətləndirə bilər". İqtisadçı bildirib ki, Dövlət Neft Fondunun vəsaitlərinin depozit kimi banklara yatırılması çıxış yolu deyil: "Söz yox, qısa müddətdə ajiotajı yatıracaq. Amma Fondun gətirdiyi 3-5 milyard dolları bazar iştirakçıları elə 3-5 ayda əllərindəki manata dəyişərək ya xarici borclara ödənəcək, ya da ölkədən çıxaracaqlar. Yaxud yığıma yönəldib saxlayacaqlar. Nəticədə banklar Fonda valyuta ilə borclu qalacaq, amma verə biləcəyi yenə manat olacaq". Rövşən Ağayevin sözlərinə görə, uzunmüddətli dövrdə çıxış yolu ölkənin tələbatına uyğun ixrac gəlirləri təmin etməkdir: "Bu gəlirlər valyuta tələbatına uyğun arasıkəsilməz (müntəzəm) mənbə olmalı, birdəfəlik dəstək fondu kimi bazara daxil olmamalıdır. Qısamüddətli dövrdə ölkəyə xarici investisiyanın gəlişini təmin etmək. Problem ondadır ki, ökənin valyuta gəlirləri kəskin azalıb, amma valyuta ehtiyaclarını nəinki sabit saxlamaq mümkün olub, əksinə xeyli artıb. Bu artım özünü həm kapital qaçışı, həm də xarici borcların kütləvi qaytarılması formasında göstərir. Hazırkı vəziyyətdə idxalın həcmi sabitdir. Aylıq təxminən 650-700 milyon manat. Valyuta bazarında ajiotajı tədiyyə balansının gəlirlər və maliyyə hesablarında axtarmaq lazımdır. Söhbət transferlər, investisiyalar, kapital axını formasında ölkəyə daxil olan və çıxan xarici valyutanın nisbətindən gedir".
İqtisadçı onu da qeyd edib ki, hazırda alqı-satqı obyekti olan daşınar və daşınmaz əmlak dövriyyəsinin həcmi bir neçə yüz milyard dollardı. Rövşən Ağayev həmçinin bazar sərbəst olmasını vacib sayıb: "Mərkəzi Bankın müdaxilə etmədiyi bazarda hansı məzənnə olacaqsa, real məzənnə də o olacaq. Bunun hansı səviyyədə olduğunu oz zaman görmək mümkündür.
İqtisadçı Qubad İbadoğlu da qeyd edib ki, valyuta bazarlarında gərginlik var və bir neçə gündür ki, valyuta satışının əsas dövriyyəsi qara bazarlara transfer olunub: "Rəsmi və qeyri-rəsmi məzənnələr arasında fərq 10 faizə yaxınlaşır. Azərbaycanda yaranmış dollar qıtlığının başlıca səbəbini FED-in gözlənilən qərarında deyil, milli iqtisadiyyat, xüsusilə də qeyri-neft ixracatında yaranmış acınacaqlı vəziyyətlə, ölkədən kapital axını və Mərkəzi Bankın mövcud situasiyaya adekvat olmayan yalnış siyasəti ilə izah etmək olar". İqtisadçı bildirib ki, dövlətin, şirkətlərin, bankların borc öhdəliklərini, vətəndaşların cari ehtiyaclarını ödəməyə əlavə olaraq valyuta qazanılmalıdır. Valyutanı qazanmaq üçün isə rəqabətə dözümlü, yüksək texnologiyalı, innovativ mal və xidmət istehsal etmək lazımdır: "Bu isə iqtisadiyyatın modernləşdirilməsi, eləcə də təhsilin səviyyəsindən asılıdır. İqtisadiyyatın modernləşdirilməsi üçün isə ölkəyə xarici sərmayələr gəlməli və əlverişli investisiya mühiti formalaşdırılmalıdır. Təəssüf ki, bu hədəflərə qısa zaman çərçivəsində nail olmaq mümkün deyil. Bu müddətdə manatı reanimasiyadan çıxartmaq mümkün olmayacaq. Ona görə də vaxt itirmədən islahatlara və iqtisadiyyatda təxirəsalınmaz tədbirlərə başlanılmalıdır".
Füzuli