Vəziyyətin tənzimlənməsi məqsədilə koordinal addımlar atılmalıdır
Ölkənin maliyyə sektorunda son həftələr ərzində arzuedilməz tendensiya müşahidə edilməkdədir. Bu daha çox Amerika dollarının milli valyutaya nisbətən bahalaşmasında özünü göstərir.
5 Sentyabr 2016 12:43 İqtisadiyyatYaxın iki il ərzində real sektorda iki minə qədər kiçik və orta müəssisənin yaradılmasına ciddi ehtiyac var
Ölkənin maliyyə sektorunda son həftələr ərzində arzuedilməz tendensiya müşahidə edilməkdədir. Bu daha çox Amerika dollarının milli valyutaya nisbətən bahalaşmasında özünü göstərir. Düzdür, Azərbaycan Mərkəzi Bankının dolların manata olan məzənnəsi ilə bağlı son açıqlamasında bu fərq özünü ciddi şəkildə göstərməsə də, ancaq qara bazarda situasiya tamamilə fərqlidir. Təəccüblü və təəssüfeedici məqam ondan ibarətdir ki, qara bazarda bir Azərbaycan manatı 1,81 dollar həcmində müəyyənləşib. Təbii ki, yaranmış vəziyyət cəmiyyətdə ciddi təşvişə səbəb olub. Bəziləri növbəti devalvasiyanın baş verəcəyindən ehtiyatlanaraq əlində olan son milli valyutasını da dollara dəyişməyə üstünlük verir. Bəs görəsən qarşıdakı müddətdə proses hansı istiqamətə doğru gedəcək və əhalinin təşvişinə əsas varmı? Bu və ya digər məsələlərlə bağlı "Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru Fikrət Yusifovun fikirlərini öyrəndik. İqtisadçı hesab edir ki, manatın keçən ilin fevral və dekabr aylarında olduğu kimi birdən - birə, kəskin ucuzlaşacağı real görünmür. Onun sözlərinə görə, əslində manatın üzən məzənnəyə keçirilməsindən sonra heç buna ehtiyac da qalmır: "Zəruri olan halda bazar özü valyuta birjası vasitəsilə manatın məzənnəsini tənzimləyə bilər. Xüsusi indikator rolunu oynayan qara bazar isə vəziyyətin nəbzini özünəməxsus qaydada daha həssas bir şəkildə müəyyən edir. Sentyabr ayının 2-də qara bazarda artıq 1 dolların 1 manat 81 qəpiyə satılması faktı qeydə alındı. Mərkəzi Bankın rəsmi kursu isə həmən günə 1 dollar üçün 1 manat 63 qəpik müəyyən edilmişdi. Deməli qara bazarın məzənnəsi ilə rəsmi məzənnə arasında fərq 18 qəpik olub. Bu çox ciddi kənarlaşmadır. Bilmirəm Mərkəzi Bankın rəhbərliyi, Maliyyə Bazarlarına Nəzarət Palatası və Maliyyə Sabitliyi Şurası vəziyyəti necə qiymətləndirirlər. Ancaq rəsmi məzənnə ilə qeyri-rəsmi məzənnə arasında belə uçurum, ciddi narahatçılıq üçün bir əsasdır". Fikrət Yusifovun sözlərinə görə,, bu vəziyyəti yetirən əsas səbəblərdən biri də budur ki, son günlər banklar xarici valyuta satışını tam dayandırıblar: " Bunu görə qara bazardakı mıhtəkirlər isə yaranmış vəziyyətdən maksimum yararlanmaq qərarı veriblər". Mərkəz rəhbəri onu da qeyd edib ki, bütün düyada gedən iqtisadi tənəzzülün bizdən də yan keçmədiyi bir dönəmdə, manatın məzənnəsində bəzi yumşalmaların baş verməsi təbii bir haldır: "Neftin qiymətlərində baş verən kəskin ucuzlaşmalardan sonra ölkəyə daxil olan valyutanın həcminin əsaslı şəkildə azalması nəticə etibarılə tədiyyə balansımızdakı müsbət saldonun mənfi saldoya çevrilməsinə gətirib çıxardı. İndi qarşıda duran əsas vəzifə iqtisadiyyatın real sektorunun sürətli inkişafını təmin etməklə bu sektordan ixracın həcminin artırılmasına nail olmaqdan ibarətdir. Bu hesaba daxil olacaq valyuta gəlirləri ölkənin tədiyyə balansındakı kəsirin aradan qaldırılmasını təmin edə biləcəkdir. Bu variantın alternativi yoxdur. Yaranmış vəziyyətin tənzimlənməsi məqsədilə kordinal addımların atılmasına ehtiyac var. Hesab edirik ki, yaxın iki il ərzində real sektorda iki minə qədər kiçik və orta müəssisənin yaradılmasına ciddi ehtiyac var. Bu məqsədlə Neft Fondunun vəsaitlərindən 5 milyard dollara qədər vəsaitin çıxarılaraq dediyimiz məqsədə istifadə edilməsi çox yerinə düşərdi. Mətbuat səhifələrində bu təklifi daha geniş formada oxucularımıza bir neçə dəfə təqdim etmişik. Bu yolla yaxın bir neçə ilə tədiyyə balansındakı vəziyyətin tarazlaşdırılması mümkün ola bilər. Əks halda manatın getdikcə dəyərdən düşməsi, infilyasiyanın sürətlənməsi və əsas makro göstəricilərin pisləşməsi baş verər ki, bu da arzuolunan deyil". Fikrət Yusifov bildirib ki, manatın məzənnəsində baş verən ucuzlaşmalar birbaşa qiymətlərə təsir edir: "Xüsusilə da xaricdən möhkəm valyuta ilə alınıb gətirilən malların qiyməti dərhal qalxır. Təssüflər olsun ki, belə qiymət artımları təkcə xaricdən alınıb gətirilən mallara şamil edilmir, yerli xammal əsasında daxili istehsalla məşğul olan iş adamları da sonradan tədricən öz məhsullarının qiymətlərini eyni səviyyədə qaldırırlar". İqtisadçı onu da diqqətə çatdırıb ki, Dövlət Gömrük Komitəsinin statistik məlumatlarında cari ilin 7 ayı ərzində ixracın həcminin 38,57 faiz azalması bildirilir: "Bu azalma bir tərəfdən neftin qiymətlərinin, digər tərəfdən isə onun hasilatının aşağı düşməsi ilə bağlıdır. Bütövlükdə 7 ay ərzində idxal və ixrac arasında 167,5 milyon ABŞ dolları həcmində mənfi saldo əmələ gəlib. Ölkənin tədiyyə balansındakı isə ümümilikdə mənfi saldo 250 milyon dollara yaxındır. Yaranmış vəziyyət manatın məzənnəsinə təziqləri artıran başlıca səbəblərdən birincisidir. Milli valyutanın məzənnəsinə təsir edən bir başqa səbəb isə yaranmış panik durumda hər kəsin əlindəki manatı ehtiyac oldu-olmadı, birinci imkan düşən kimi dollara çevirmək cəhdidir. Apardığımız araşdırmalar göstərir ki, hətta bir çox təşkilatlar ayın axırında işçilərinə əmək haqqı şəkilində ödəyəcəkləri vəsaiti də əvvəlcədən dollara dəyişib, ayın axırında onu daha sərfəli kursla manata çevirərək əmək haqqı ödəyirlər. Digər tərəfdən, büdcədən ayrılan vəsaitlərin - xüsusilə də təmir-tikinti, abadlıq işləri üçün ayrılan vəsaitlərin böyük bir qismi dərhal dollara çevrilir. Nəticə etibarilə tədiyyə balansında mənfi saldonun mövcud olduğu bir məqamda, xarici valyutaya bütün səviyyələrdən basqılar edilir. Belə olan halda təbii ki, manatın məzənnəsində hər gün baş verən ucuzlaşmaları başa düşmək çətin deyil. Nəzərə alaq ki, ölkədə xarici valyutaya təbii ehtiyac təkcə idxal mallarını alıb gətirmək üçün yaranmır. Ortada başqa uyğun məqamlar da var. Bu sıraya xaricə turist kimi gedən vətəndaşların özləri ilə apardıqları xarici valyutanı, təhsil və müalicə üçün xaricə çıxarılan valyutanı, xaricdən kredit götürmüş müəssisələrin (o cümlədən bankların) ilin sonuna doğru vaxtı çatmış öhdəliklər üzrə etdikləri ödənişləri, başqa ölkələrdə yatrımlar etmək məqsədilə baş verən kapital axınını da əlavə etdikdə, mənzərənin bir o qədər də ürəkaçan olmadığı aydın olur".
Süleyman İsmayılbəyli