Manatı necə xilas etmək olar?

“Manatın məzənnəsinin necə dəyişəcəyi yenə də gündəmin əsas müzakirə mövzusudur. Dolların bahalaşması gözlənilən idi və mən bu il mayın ayının sonunda ABŞ pulunun manata nisbətən tezliklə güclənəcəyini proqnozlaşdırmışdım. May ayından sonra dollar manata nisbətən 14 faiz dəyər qazanıb.

Ekspert: "Mərkəzi Bank prosesi tənzimləməyincə, manatın zəifləməsi davam edəcək"
 

"Manatın məzənnəsinin necə dəyişəcəyi yenə də gündəmin əsas müzakirə mövzusudur. Dolların bahalaşması gözlənilən idi və mən bu il mayın ayının sonunda ABŞ pulunun manata nisbətən tezliklə güclənəcəyini proqnozlaşdırmışdım. May ayından sonra dollar manata nisbətən 14 faiz dəyər qazanıb. Dollara tələb yüksəkdir, bu isə nəticədə onun valyuta bazarımızda bahalaşmasına səbəb olur". Bunu deyən iqtisadçı ekspert Vüqar Bayramovun sözlərinə görə, əgər banklar hərraca 700 milyon dollara təkliflə gedirlərsə və həmin aksiondan sadəcə 50 milyon dollar aparırlarsa deməli, ABŞ pulu bahalaşmalıdır və nə qədər ki, tələb ilə təklif arasında bu disbalans var, dollar möhkəmlənməkdə davam edəcək. Onun sözlərinə görə, hərraca son zamanlara yalnız Dövlət Neft Fondunun çıxması, Mərkəzi Bankın son aylar pul xərcləməməsi ondan xəbər verir ki, baş bank prosesə müdaxilə etməkdə maraqlı görsənmir. Təbii ki, 15 milyard dollarlıq valyuta ehtiyatlarının cəmi 4 milyardan bir az artığını qoruyub saxlayan Mərkəzi Bankın ehtiyatlı davranışı anlaşılandır. 11 milyard dollar pul xərcləyən, amma hələ də manatın kursunu stabilləşdirə bilməyən Mərkəzi Bank üçün, güman ki, indi daha prioritet məzənnə siyasətini dəyişmək olacaq. Aydındır ki, tənzimlənən üzən məzənnə siyasəti səmərəli deyil. Amma Rusiya və Qazaxıstanda olduğu kimi liberal məzənnə siyasətinə keçid də riskli görsənir. 2016-cı ilin ötən aylarında hərraclara 3.03 milyard dollar çıxaran Dövlət Neft Fondu isə sadəcə öz büdcə öhdəliklərini yerinə yetirənədək hərraclara çıxacaq. Deməli, manatın məzənnəsi ilə bağlı 2 mümkün yol var. Birincisi, MB mövcud tənzimlənən üzən valyuta rejimini davam etdirəcəksə, o zaman mərhələli şəkildə dollar möhkəmlənəcək. Bu məzənnə siyasəti son 3 ayda dolların manata nisbətən hər 100 dollarda 25 manat möhkəmlənməsinə səbəb olub. İkincisi, MB məzənnə siyasətini dəyişir və kursu bazar müəyyənləşdirir və bu halda bazarda dollar sıçrayışla dəyər qazanır. MB yəqin ki, gec-tez liberal məzənnə siyasətinə keçəcək. Amma bunu nə zaman edəcək, proqnozlaşdırmaq mümkün deyil. Çünki bu inzibati qərardır. Amma dollara tələb ilə təklif arasındakı gündəlik 14 dəfəlik fərq hər iki mümkün yolda dolların möhkəmlənəcəyindən xəbər verir. Bəs manatın yenidən kəskin dəyər itirməsinin qarşısını necə almaq olar? "2015-ci ildə təklif etdiyim kimi valyuta ehtiyatlarının bir hissəsinin ölkəyə gətirilərək banklar vasitəsi ilə sahibkarlara güzəştli kredit formasında verilməsinə ehtiyac var. Birinci mərhələdə 4 milyard dollar Azərbaycana gətirilə bilər. Bu bir tərəfdən imkan verəcək ki, sahibkarlar güzəştli kredit alsınlar və real sektora "isti pullar" daxil olsun, digər tərəfdən xarici valyutaya olan tələb qarşılanacaq və təklif ilə tələb arasında balans bərpa ediləcək. Nəticədə, bu zaman MB artıq daha az itkilər ilə liberal valyuta rejiminə keçə bilər. Düşünürəm ki, yalnız bu yolu seçərək manatı xilas etmək olar". Onun sözlərinə görə, Mərkəzi Bank valyuta bazarına müdaxilə edib prosesi tənzimləməyincə, manatın zəifləməsi prosesi davam edəcək: "Bu gün bazarda bir milyard dollara yaxın tələbat olsa da, Dövlət Neft Fondu ancaq 50 mln dollar vəsait çıxarır ki, bu da dollara olan tələbatı ödəmədiyindən manatın zəifləməsi prosesi gedir. Nə qədər qəribə olsa da, Mərkəzi Bank valyuta bazarındakı prosesə müdaxilə etmir. Mərkəzi Bankın da bazara müdaxilə etməməsi manatın zəifləməsinə gətirib çıxaran amillərdən biridir". Ekspertin fikrincə, Mərkəzi Bank bazara müdaxilə edib interversiya edərsə, o zaman manatın məzənnəsində sabitləşmə yarana bilər. "Mərkəzi Bank prosesə müdaxilə etmədikcə, biz manatın zəifləməsi prosesini müşahidə edəcəyik. Ancaq Mərkəzi Bank da öz valyuta ehtiyatlarının az olmasını nəzərə alaraq, bazara müdaxilə etməkdən ehtiyatlanır. Çünki son illərdə Mərkəzi Bank manatın sabit saxlanması üçün 12 milyard dollar xərclənsə də, nəticədə manatın yenə ucuzlaşması prosesi davam etdi. Artıq dollar manata nisbətdə 14 faiz mövqeyini möhkəmlədib". V. Bayramov hesab edir ki, əgər Mərkəzi Bank manatın kəskin zəifləməsində maraqlı deyilsə, o zaman bazar müdaxilə edib konkret addımlar atmalıdır. "Belə ki interversiya etməli, marja yenidən baxıb, onu azaltmalı, hansı ki, bu yolla manatın möhkmlənməsinə nail olmaq olar. Digər bir məqam isə mərkəzləşdirilmiş kreditləri ünvanlı qaydada paylamalıdır ki, bu kreditlər dollar alınmasına yönəlməsin. Özəl banklar kişik biznesin idarəolunmasına verilməlidir. Özəl bankların kişik biznesin idarəedilməsinə verilməsi həm onların fəaliyyətin güclənməsinə, həm də dollara olan tələbatının ödənilməsinə yardım edər. Bu da nəticə etibarı ilə manatın möhkəmlənməsinə gətirib çıxarar. Manatın möhkəmlənməsi üçün xarici sərmayə ölkəyə cəlb edilməli, kompleks iqtisadi tədbirlər planı həyata keçirilməlidir. Bu yolla manatın möhkəmlənməsinə nail olmaq olar. Mərkəzi Bank bu addımları atmadıqca manatın zəifləməsi prosesi davam edəcək. Ekspert onu da deyib ki, əgər Mərkəzi Bank manatın möhkəmlənməsi ilə bağlı ciddi addımlar atmasa və valyuta bazarına müdaxilə etməsə, o zaman manatın kəskin ucuzlaşmasının şahidi ola bilərik: " Hökumət prosesin qarşısını almaq üçün ciddi tədbirlər planı həyata keçirib, problemli aktivlərin sağlamlaşdırılması istiqamətində addımlar atmalıdır. Problemli aktivlərin sağlamlaşdırılması üçün ilkin olaraq yeni qanunun qəbuluna ehtiyac var. Bunun ardınca problemli aktivlərin, kredirtlərin sağlamlaşdırılamsı üçün də yeni dövlət qurumunun yaradılmasına və proqramlarının qəbul edilməsinə ehtiyac var".

Alim 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31