Manatın kəskin devalvasiyası real görünmür
Artıq cari ilin birinci yarısı başa çatdı. Qlobal səviyyədə müşahidə edilən iqtisadi təlatümlər, böhran Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşməyib. Lakin hkumətin həyata keçirdiyi bir sıra islahatlar böhranın Azərbaycana təsirlərini minimuma endirib. Bəs görəsən qarşıdakı müddətdə Azərbaycan iqtisadiyyatını nə gözləyir? Bu və ya digər suallarla “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru Fikrət Yusifovla söhbətləşdik. “OLAYLAR”-a verdiyi müsahibədə Fikrət Yusifov son günlər manatın dollara nisbətən məzənnəsinin yenidən kəskin şəkildə aşağı düşəcəyi, növbəti devalvasiyanın baş vermə ehtimalı barədə yayılan xəbərlərə də münasibət bildirib.
1 Sentyabr 2016 12:55 İqtisadiyyatFikrət Yusifov: "Ancaq bütün dünyada gedən iqtisadi tənəzzülün bizdən də yan keçmədiyi bir dönəmdə, manatın məzənnəsində bəzi yumşalmaların baş verməsi mümkündür"
"Buna təbii bir hal kimi baxmaq lazımdır"
Artıq cari ilin birinci yarısı başa çatdı. Qlobal səviyyədə müşahidə edilən iqtisadi təlatümlər, böhran Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşməyib. Lakin hkumətin həyata keçirdiyi bir sıra islahatlar böhranın Azərbaycana təsirlərini minimuma endirib. Bəs görəsən qarşıdakı müddətdə Azərbaycan iqtisadiyyatını nə gözləyir? Bu və ya digər suallarla "Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru Fikrət Yusifovla söhbətləşdik. "OLAYLAR"-a verdiyi müsahibədə Fikrət Yusifov son günlər manatın dollara nisbətən məzənnəsinin yenidən kəskin şəkildə aşağı düşəcəyi, növbəti devalvasiyanın baş vermə ehtimalı barədə yayılan xəbərlərə də münasibət bildirib.
-Fikrət müəllim, hazırda ölkədəki iqtisadi durumu necə dəyərləndirirsiniz?
-Cari ilin ötən dövrü ərzində ölkə iqtisadiyyatının real sektorunun inkişafını hədəfləyən bir çox mühüm qərarlar qəbul edilmiş və ciddi islahatlara start verilmişdi. Lakin hər kəsə bəllidir ki, hazırkı dönəm iqtisadi tənəzzülün özünü aşkar büruzə verdiyi bir dönəmdir. Belə ki, Dövlət Statistika Komitəsinin rəsmi məlumatları ilə, ümumilikdə ilin 7 ayı 3 faiz iqtisadi azalmalarla müşahidə olunub və bu azalma qeyri-neft sektoru üzrə 5,4 faiz təşkil edib. Neftlə bağlı iqtisadiyyatda azalmalar təbii bir hal kimi dəyərləndirilsə də, neftsiz iqtisadiyyatda azalmalar bir qədər narahatçılıq doğurur. Cari ilin 6 ayı ərzində qeyri-neft sektorundan ixracın 27,0 faiz azalması isə o deməkdir ki, yaranmış bu vəziyyətin səbəbləri aidiyyatı qurumlar tərəfindən ən qısa zaman kəsiyində dərindən araşdırılmalı və onların aradan qaldırılması məqsədilə təxirəsalınmaz tədbirlər görülməlidir. Bütövlükdə iqtisadi geriləməyə baxmayaraq, pozitiv məqamlar da az deyil. Məsələn, cari ilin 7 ayı ərzində qeyri-neft sənayesində və kənd təsərrüfatında 2,6 faiz, informasiya və rabitə xidmətləri sahəsində 12,5 faiz, pərakəndə ticarət dövriyyəsində 2,0 faiz artım müşahidə olunmuşdur. Real sektordan daha pozitiv nəticələr aqrar sahədən gözlənilirdi. Lakin təssüf ki, bu gözləntilər özünü tam döğrultmadı.
-Bu ilin müvafiq dövrünə qədər olan iqtisadi göstəricilər nikbin, yaxud bədbin düşünməyə əsas verir?
-Göstəricilər böhran dövrünün göstəriciləridir. Bu sırada real sektordan ixracın həcminin kəskin azalması ciddi siqnaldır. Qalan göstəriciləri yaranmış vəziyyətdə normal dəyərləndirmək lazımdır. Nikbinlik üçün ən böyük əsasımız isə ölkə iqtisadiyyatının real sektorunun sürətli inkişafını təmin edəcək islahatlara start verməyimizdir. Azad sahibkarlığın qarşısında geniş fəaliyyət meydanı açacaq bu islahatlarla biz yaxın illər içərisində iqtisadiyyatımızın neftdən asılılığını optimal bir həddə qədər endirməyi hədəfləmişik.
-Bu arada dolların kəskin şəkildə bahalaşacağı, üçüncü devalvasiyanın baş verəcəyi bildirilir. Belə bir təhlükə gözləniləndirmi?
-Ölkənin bank sektorundakı durum bir qədər mürəkkəbdir. Hal hazırda banklara yerləşdirilmiş əmanətlərin və onlar tərəfindən müştərilərə verilmiş kreditlərin 2/3 -si xarici valyutanın payına düşür. Bank sektorundakı bu durum kordinal addımların atılmasını tələb edir. Bank sektorundakı islahatlarla bağlı ölkə Prezidentinin imzaladığı son sərəncamlar çox tədqirəlayiqdir. İndi söz bu islahatları öz axarı ilə aparmalı olan aidiyyatı qurumlarındır. İqtisadi islahatların uğuru eyni zamanda ölkədə sağlam bank sisteminin olmasından çox asılıdır. Mövcud durum və gözləntilər əsas verir deyək ki, manatın kəskin devalvasiyası real görünmür. Ancaq bütün dünyada gedən iqtisadi tənəzzülün bizdən də yan keçmədiyi bir dönəmdə, manatın məzənnəsində bəzi yumşalmaların baş verməsi mümkündür. Buna təbii bir hal kimi baxmaq lazımdır. Neftin qiymətlərində baş verən kəskin ucuzlaşmalardan sonra ölkəyə daxil olan valyutanın həcminin əsaslı şəkildə azalması, tədiyyə balansımızdakı müsbət saldonun mənfi saldoya çevrilməsinə gətirib çıxardı. İndi qarşıda duran əsas vəzifə iqtisadiyyatın real sektorunun sürətli inkişafını təmin etməklə bu sektordan ixracın həcminin artırılmasına nail olmaqdan ibarətdir. Bu hesaba daxil olacaq valyuta gəlirləri ölkənin tədiyyə balansındakı kəsrin fərqin aradan qaldırılmasını təmin edə biləcəkdir. Artıq bir ilə yaxındır ki, hökumət tərəfindən iqtisadiyyatın real sektorunun sürətli inkişafını təmin edə biləcək çox ciddi addımlar atılır. Oktyabr ayında isə ölkə iqtisadiyyatının yaxın, orta və uzaq perspektivlər üçün yol xəritəsi ortaya qoyulacaqdır. Bu sənəd yeni iqtisadi modelin əsaslarını özündə əks etdirəcəkdir. Hesab edirəm ki, yaxın bir perspektivdə biz bütün bu çətinlikləri arxada qoya bilmək iqtidarındayıq.
-Bəs, bir sıra mal və məhsulların, ərzaq və siqaretin qiymətinin qalxmasına təsir edən amillər hansılardır?
-Bu ilk növbədə idxal olunan mallara və məhsullara aid olan bir məsələdir. Aydındır ki, idxal malları xarici valyuta ilə alınır və həmən mallar daxili bazarda milli valyuta ilə satılır. Manatın məzənnəsində son vaxtlar baş verən yumşalmalar fonunda bəzi məhsulların qiymətlərində baş verən artımların da əsas səbəbi budur.
Siqaretin qiymətlərinin bahalaşmasının əsas səbəblərindən biri hazırda dünya bazarlarında tütünün qiymətlərinin bahalaşmasıdır. Azərbaycan bu gün siqaretə olan daxili tələbatının 20-25 faizini daxili istehsal hesabına ödəyir. Bazarın yerdə qalan tələbatı idxal hesabına təmin olunur. Manatın məzənnəsində son aylarda baş verən ucuzlaşma da idxal olunan siqaretlərin qiymətlərinin bahalaşmasının səbəblərindən biridir.
-Sizcə, süni şəkildə qaldırılan qiymətləri tənzimləmək mümkün olacaqmı və bunun üçün hansı addımlar atılmalıdır?
-Qiymətləri real olaraq bazar tənzimləyir. Dövlət qiymətlərin səviyyəsinə dolayı yollarla təsir edə bilər. Məsələn, vergi dərəcələrinin azaldılması və ya vergitutma qaydalarının istehsalçıların, satıcıların xeyrinə dəyişdirilməsi qiymətlərə təsir edə biləcək addımlar ola bilər. Yeri gəlmışkən, bu günlərdə Prezidentin vergi islahatlarının dərinləşdirilməsini nəzərdə tutan Sərəncamı ilə marketlərdə tutulan Əlavə Dəyər Vergisi həmişə olduğu kimi malın dəyərindən deyil, bu malın qiymətinə ticarət müəssisəsinin etdiyi qiymət əlavəsindən hesablanıb tutulacaqdır. Bu qayda tətbiq edildikdən sonra marketlər tərəfindən qiymətləri əsaslı şəkildə azaltmaq imkanları yaranacaqdır. Baxın, mıvcud qaydalarla əgər market bir malı 10 manata alıb və bu qiymətə özünün 2 manatlıq qiymət əlavəsini edirsə, onda malın alıcılar üçün son satış qiyməti 12 manat, ondan ƏDV-si icə 18 faiz dərəcə ilə 2 manat 16 qəpik olmalıdır. Yeni qaydalar bu vəziyyəti əsaslı şəkildə dəyişdirir. İndi ƏDV yalnız malın ümumi dəyərindən - yəni 12 manatdan deyil, yalnız marketin bu qiymətə etdiyi 2 manatlıq qiymət əlavəsindən tutulacaq və deməli cəmisi 36 qəpik olacaqdır. Beləliklə yeni qaydalarla 12 manatlıq mal alan alıcı əvvəlkindən 6 dəfə az - yəni 2 manat 16 qəpik əvəzinə cəmisi 36 qəpik ƏDV ödəməli olacaq. Bu qədər güzəştdən sonra marketlər də qiymətləri müvafiq qaydada aşağı salmağa borcludurlar.
Süleyman İsmayılbəyli