Manatın taleyini nə gözləyir?

Pərviz Heydərov: “Manatın ABŞ dolları qarşısında məzənnəsinə təzyiq göstərən amillərdən birini də məhz ölkədən kənara kapital axını təşkil edir”

Pərviz Heydərov: "Manatın ABŞ dolları qarşısında məzənnəsinə təzyiq göstərən amillərdən birini də məhz ölkədən kənara kapital axını təşkil edir"

Samir Əliyev: "Banklarda dollar qıtlığı var"

Son günlər ölkədə yenidən cəmiyyəti təşvişə salacaq informasiyalar yayılmaqdadır. İddia edilir ki, sentyabr ayının əvvəllərində Azərbaycanda növbəti devalvasiya prosesi baş verəcək. Sayca üçüncü devalvasiya nəticəsində manatın dollara nisbətən dəyərinin bir qədər aşağı düşəcəyi, 1 AZN-in 2,02 dollar təşkil edəcəyi qeyd olunur. Cəmiyyəti çaşdırmağa yönəlmiş bu informasiyalardan yola çıxan bəzi banklar artıq bir neçə gündür ki, dollar satışını dayandırıblar. Bəs görəsən doğurdan da söylənilənlər baş verə bilərmi? Daha dəqiq desək manatın dollara nisbətən dəyəri kəskin şəkildə aşağı düşəcəkmi? Və belə bir arzuedilməz situasiyanın meydana gəlmə təhlükəsi nədən qaynaqlanır?

İqtisadçı ekspert Pərviz Heydərov deyir ki, manatın ABŞ dolları qarşısında məzənnəsinə təzyiq göstərən amillərdən birini də məhz ölkədən kənara kapital axını təşkil edir: "Belə ki, bir var ölkədən kənara çıxarılan xarici valyuta vəsaiti investisiya, yəni bu və ya digər ölkə iqtisadiyyatında gəlir gətirmək məqsədilə yatırılmaq üçün iistifadə olunur, bir var idxal əməliyyatları, yəni kənardan istehlak malları alınıb gətirilməsi üçün həyata keçirilir. Bir də varki daşınmaz əmlak, mal və mülk alınması məqsədilə icra edilir. Sonuncu heç bir şəkildə geri qayıtmır və bunu ölkəmiz üçün sözün həqiqi mənasında bir növ itki kimi dəyərləndirmək olar. Əlbəttə, biz, vətəndaşlarımızın xarici ölkələrdə daşınmaz əmlak almaları və mülk sahibi olmalarının əleyhinə deyilik və bunu təqdir edirik. O baxımdan ki, adamlarımız nə qədər varlı olsalar, bu, bir o qədər yaxşıdır. Lakin iqtisadiyyatın müəyyən vəziyyətlərində sözügedən tendensiya geniş xarakter daşıyarsa, bu, istər-istəməz təhlükəli xarakter kəsb edir və mənfi təsir göstərir". İqtisadçının sözlərinə görə, təqdirəlayiq haldır ki, qonşu Türkiyədə ev alanlarımızın sayı nisbətən azalıb: "Belə ki, bu ilin iyul ayında azərbaycanlılar Türkiyədən 39 ədəd mənzil alıblar ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 42,64 faiz az deməkdir. Bu ilin ilk 7 ayında isə azərbaycanlılar Türkiyədən cəmi 375 ədəd mənzil alıblar. Hansı ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 24,67 faiz az təşkil edir. Xatırladaq ki, ötən il təkcə iyul ayında azərbaycanlılar Türkiyədən 68 ədəd, ilk yeddi ayında isə cəmi 458 ədəd mənzil almışdılar. Ümumiyyətlə, 2015-ci ildə Türkiyədən mənzil alan əcnəbilər sırasında ilk beşlikdə bizim vətəndaşlar qərarlaşırdılar ki, siyahı belə idi: İraq, Səudiyyə Ərəbistanı, Rusiya, Birləşmiş Ərəb Əmirlikləri, İngiltərə və Azərbaycan. Cari ildə isə 8-ci yerdəyik". Pərviz Heydərov deyib ki, burada qardaş ölkədə son vaxtlar siyasi sabitsizliyin də rolu var: "Lakin, daxili valyuta bazarımızda ABŞ dollarına qarşı mövcud tələb hər halda nə camaatın "yastıqlarının altındakı manat" məsələsidir, nə də kimlərinsə qazanc əldə etmək istəyi. Mübadilə

əməliyyatların yenə çox hissəsini valyuta satışı təşkil edir ki, bu isə vətəndaşların valyutanı əsasən almaqla məşğul olduqları, yəni, onu satmadıqları deməkdir".

İqtisadçı ekspert Samir Əliytev də deyir ki, hazırda hamını bir sual düşündürür: manatı nə gözləyir?. "Etiraf edim ki, bu sualı cavablandırmaq çox çətindir. Hətta hökumətin daxilində bununla bağlı qeyri-müəyyənlik mövcuddur. Ən azı maliyyə blokunda Mərkəz Bankla Maliyyə Naziriyi arasında həmişəki fikir ayrılığı qalmaqdadır. Yayın əvvəlində sentyabra qədər kəskin məzənnə dəyişikliyinin olmayacağını qeyd etmişdim. Kəskin məzənnə dəyişikliyi baş vermədi. Doğrundan da yüksək tələbata rəğmən manat dollara münasibətdə dəyərini iyunda 3.3 faiz, iyulda 3 faiz itirdi. Yəqin ki avqust ayında da ucuzlaşma həmin səviyyədə olacaq. Halbuki mayda manat 1,1 faiz bahalaşa bilmişdi. Bu 3 ay ərzində yumşaq devalvasiyanın şahidi olduq. Manat bu müddətdə dəyərini 9 faixz itirdi". İqtisadçı bildirib ki, iyun ayından başlayaraq valyuta hərraclarında tələb təklifi 10-12 dəfə üstələməsi manatın məzənəsində təsirini göstərdi: "Hətta neftin bahalaşması manatı xilas edə bimədi. Tələbatın yüksək olmasının səbəbləri çoxdur: idxalın artması, bankların borc öhdəliklərini yerinə yetirməsi, bağlanan bankların qaytarılan əmanətlərinin dollarlaşması, turizm mövsümü və s. Qısası banklarda dollar qıtlığı var. Bankdan kənar dollarlar ya ölü kapital kimi yatır, ya da kapital şəklində ölkəni tərk edir. Sentyabrdan başlayaraq yeni şərait yaranır. Təəssüf ki, manatın sabitliyi təmin edəcək şərait yoxdur".

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31