“Hökumət idxaldan gələn vergini minimuma endirməklə,... “

Ölkədə benzinin qiymətinin aşağı düşəcəyi barədə müxtəlif fikirlər səslənməkdədir. Buna səbəb isə bir müddət əvvəl Nazirlər Kabinetinin qəbul etmiş olduğu qərardır. Məlumat üçün qeyd edək ki, Nazirlər Kabineti "Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında" 19 yanvar 2001-ci il tarixli qərarına dəyişiklik edib.

"Daxili bazarda qiymətlərin stabil qalmasına şərait yaradıb"

Ölkədə benzinin qiymətinin aşağı düşəcəyi barədə müxtəlif fikirlər səslənməkdədir. Buna səbəb isə bir müddət əvvəl Nazirlər Kabinetinin qəbul etmiş olduğu qərardır. Məlumat üçün qeyd edək ki, Nazirlər Kabineti "Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında" 19 yanvar 2001-ci il tarixli qərarına dəyişiklik edib. Dəyişikliyə əsasən, ölkəyə idxal olunan bəzi mallar üçün aksiz vergisi azaldılıb. Belə ki, aviasiya benzini istisna olmaqla, mühərrik benzininin hər 1 tonu üçün aksiz vergisi 200 manatdan 1 manata endirilib. Bu qərar avqustun 16-dan etibarən 60 gün müddətində qüvvədədir. Nazirlər Kabineti həmçinin "Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında" 12 aprel 2001-ci il tarixli qərarına dəyişiklik edib. Dəyişikliyə əsasən, 92 oktanlı benzin üçün gömrük rüsumu 15%-dən 0%-ə endirilib.  Bəs görəsən sözügedən qərarların ölkədə benzinin qiymətinin aşağı düşməsinə hansısa formada təsiri olacaqmı?

İqtisadçı ekspert Vüqar Bayramov deyir ki, qərarla 95-dən az oktan ədədi ilə mühərrik benzinlərinə vergi və gömrük rüsumu güzəştləri tətbiq edilib. Bu isə o deməkdir ki, yalnız daha az oktanlı benzinlərin idxal xərci azalacaq: "Deməli, ölkəyə daha aşağı xərclə Aİ 92 markalı və ya oxşar benzin gətiriləcək. İkincisi, Aİ 92 markalı benzinin qiyməti Tarif Şurası tərəfindən tənizmləndiyi üçün bu qiymətə bazarın təsir imkanları məhduddur. Bununla yanaşı, əgər bu güzəştlərdən sonra ölkəyə idxal edilən Aİ 92 və ya oxşar markalı benzinin xərcində kəskin azalma olarsa o zaman şura tərəfindən qiymətlərə baxılıb benzinin qiymətinin aşağı salınması müzakirə edilə bilər". İqtisadçı deyir ki,  dəyişikliyə əsasən, 92 oktanlı benzin üçün gömrük rüsumu 15%-dən 0%-ə endirildiyini də nəzərə alsaq bu zaman xərc müşahidələrinə ehtiyac yaranacaq: "Amma bu halda güzəşt müddətinin uzadılması da əsas şərtdir. Aydındır ki, 2 aylıq güzəşt müddəti xərclərin monitorinqi və eləcə də qiymətin dəyişməsi üçün kifayət deyildir. İdxal edilən benzinin daxili istehlak qiymətinin aşağı salınması üçün həm güzəşt dairəsinin genişləndirilməsinə, həm də güzəşt müddətinin ən azı 1 illik dövrü əhatə etməsinə ehtiyac var. Üçüncüsü, güzəştlər çox qısa müddəti, yalnız 2 ayı əhatə etməsi də diqqəti cəlb edəndir. Güman olunur ki, bu qərar yerli benzin istehsalı həyata keçirən Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda təmir- yenidənqurma işlərinin aparılması ilə bağlıdır. Belə ki, yerli istehsalın azalmasının tələbə təsir etməməsi üçün növbəti 2 ayda idxalda güzəştlər tətbiq ediləcək. Bu zaman istehlakçılara yalnız yerli deyil, eyni zamanda oxşar markalı xarici benzin də təklif ediləcək. Belə görünür ki, 2 ay müddətinin seçilməsi də onunla bağlıdır ki, həmin müddətdə istehsalın əvvəlki səviyyəyə qayıtması proqnozlaşdırılır. Bundan sonra bu idxal ilə bağlı güzəştlər ləğv ediləcək".

Neft Araşdırmaları Mərkəzinin rəhbəri , iqtisadçı İlham Şaban isə bildirib ki, hökumət idxal aksiz dərəcələrinə yenidən baxıb və Ai-92 markalı benzinin 1 tonu üçün rüsum 200 AZN-dən 1 AZN-ə endirilib: "Bu, o deməkdirmi ki, benzindoldurma stansiyalarında Ai-92 markalı yanacağın qiyməti aşağı düşəcək? Əvvəla, bunu düşünənlər onu nəzərə almalıydılar ki, Ai-92 ölkəyə idxal olunmurdu ki, indi də Nazirlər Kabinetinin bu qərarından sonra qiymətə təsir edəcək bir amil ortaya çıxsın. İkincisi, Nazirlər Kabinetinin qərarı limitlidir, yəni 60 gün ərzində qüvvədədir. 15 oktyabrda qüvvədən düşəcək. Üçüncüsü, sadə bir məntiq var, əgər bu marka benzin yerli istehsaldırsa və hökumət də onun idxalı ilə bağlı stimullaşdırıcı, ancaq zaman məhdudiyyəti qoyulan bir qərar verirsə, demək bu, istehsal müəssisəsi ilə bağlı məsələdir". İlham Şaban qeyd edib ki, dünyadakı hər bir neftayırma zavodu ildə bir dəfə təmirə dayanır: "İstər Bakıda olsun, istər Təbrizdə, istərsə də Texasda. Çünki bunu texnoloji proseslər tələb edir. Sadəcə, hazırkı cari təmir işlərinin masştabı böyükdür və rezervuarlarda yığılan neft məhsulları ehtiyatları bu müddətdə ölkənin daxili tələbatını ödəməyə yetərli olmayacaq. Bu baxımdan, hökumət idxaldan gələn vergini minimuma endirməklə, daxili bazarda qiymətlərin stabil qalmasına şərait yaradıb. Başqa sözlə, aksiz vergisindən dövlət büdcəsinə çatacaq vəsaitdən idxal dövründə imtina edib".

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31