Bankların bağlanması müştəriləri narazı salıb
Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP-nin) Direktorlar Şurasının iyulun 21-də verdiyi qərarla “Dekabank” ASC, “Kredobank” ASC, “Parabank” ASC və “Zaminbank” ASC-nin lisenziyası ləğv edilib.
12 Avqust 2016 13:30 İqtisadiyyatMaliyyə Bazarlarına Nəzarət Palatası (MBNP-nin) Direktorlar Şurasının iyulun 21-də verdiyi qərarla "Dekabank" ASC, "Kredobank" ASC, "Parabank" ASC və "Zaminbank" ASC-nin lisenziyası ləğv edilib. Palata bu qərarını həmin bankların aktivlərini qanunvericiliklə tələb olunan qaydada təsnifləşdirmədiklərinə, mümkün zərərlər üzrə adekvat ehtiyatlar yaratmadıqları, məcmu kapitalın minimum məbləği tələbinə əməl etmədikləri, təhrif edilmiş hesabatları təqdim etdikləri, bütövlükdə cari fəaliyyətlərini etibarlı və prudensial qaydada idarə etmədikləri, eləcə də nəzarət orqanının verdiyi yazılı göstərişləri yerinə yetirmədikləri ilə əsaslandırıb. Qərar problemli və adekvat kapitallaşmamış bankların sistemdən kənarlaşdırılması vasitəsilə bank sektorunda risklərin azaldılması, maliyyə dayanıqlığının gücləndirilməsi, etimadın artırılması və bütövlükdə maliyyə sektorunun inkişafına istiqamətlənib. Artıq lisenziyası ləğv olunan bankların qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsinə başlanılıb. Lakin bəzi bankların daimi müştəriləri bankların bağlanması ilə bağlı qəbul edilən qərarla razılaşmır. Redaksiyamıza müraciət edən Respublika Veteranlar Təşkilatı, Ağsaqqallar Şurası bə Ziyalılar İttifaqının üzvü Vəfa Həbibzadə qeyd edir ki, "Parabank" ASC-nin fəaliyyətinin dayandırılmasına heç bir qanuni əsas yox idi. Çünki sözügedən bank 25 il əvvəl ölkə qanunvericiliyinə əsasən yaradılıb, ötən müddət ərzində isə banklar və cəmiyyət arasında böyük nüfuz qazanıb. Bank fəaliyyəti zamanı 16 min əmanətçinin etimadını qazana bilib. Çünki, bank müştərilərlə ən aşağı faizlə müqavilə bağlayırdı. Görünür bankın belə fəaliyyəti bəzi qurumların diqqətindən yayınmayıb: "Maliyyə Bazarlarına Nəzarət Palatası "sığortalanma oyunu" adı altında bankların bağlanması barədə qərar qəbul edib. Ancaq, körpə uşağa da məlumdur ki, dövlət bankı heç vaxt müflisləşmir, yalnız özəl banklar müflisləşdikdə öz fəaliyyətini dayandırır. Əks tədqirdə heç bir palata özəl bankın fəaliyyətini dayandıra bilməz. "Rarabank ASC-nin öz əmanətçi-mülkiyyətçiləri ilə normal, Konstitusiyanın tələbi əsasında, dövlət aktlarına uyğun münasibət qurması onun fəaliyyətinin davam etdirilməsinə əsas verirdi". Onun bildirdiyinə görə, məsələ ilə bağlı Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə, Baş bazir Artur Rəsizadə, Milli Məclisin sədri Oktay Əsədov və Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya müraciət edib. Müraciətdə bildirilib ki, bankın lisenziyası alınmadan onun sağlamlaşdırılması həyata keçirilə bilərdi: "Bizə bank tərəfindən verilən məlumata görə, "Parabank" ASC-nin 157 milyon manat civarında kredit portfeli var. Bank bununla tam normal şəraitdə fəaliyyətini davam etdirə bilər. Həm kreditlərini yığa, həm də əmanətləri qaytara bilər. Hesab edirirk ki, bankın lisenziyasının özünə qaytarılması ədalətin bərpa olunması kimi qəbul oluna bilər".
Nurlan