Türkiyənin Yunanıstandakı 2 hərbi attaşesi İtaliyaya, Banqladeşdəki 2 diplomatı Nyu-Yorka qaçıb
"Yunanıstandakı iki hərbi attaşe - polkovnik Halis Tunc və polkovnik İlhan Yaşıtlı ailələri ilə birlikdə İtaliyaya qaçıblar".
11 Avqust 2016 14:28 İqtisadiyyat"Yunanıstandakı iki hərbi attaşe - polkovnik Halis Tunc və polkovnik İlhan Yaşıtlı ailələri ilə birlikdə İtaliyaya qaçıblar".
"Habertürk" xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu NTV telekanalına müsahibəsində deyib.
"Onlar avqustun 6-da ailələri ilə birlikdə xüsusi maşınlarla qayıqlara minərək İtaliyaya doğru hərəkət ediblər. Bunu Yunanıstan rəsmiləri də təsdiqləyib. Tuncun qardaşı Hollandiyada yaşayır. Bu iki xaini Türkiyəyə gətirmək istiqamətində çalışırıq", - deyə M.Çavuşoğlu vurğulayıb.
"Səudiyyə Ərəbistanından başqa ölkəyə qaçmaq istəyən Küveytdəki hərbi attaşemizi krallıq öz təyyarəsi ilə bizə göndərdi. Əfqanıstandakı iki general-mayor Dubaya gedib. Birləşmiş Ərəb Əmirlikləri də onları xüsusi təyyarə ilə Türkiyəyə təhvil verib. Diplomatlarımız arasında da qaçanlar var. Banqladeşdəki iki diplomatımız Nyu-Yorka qaçıb", - deyə nazir bildirib.
Qeyd edək ki, İlhan Yaşıtlı Türkiyə Silahlı Qüvvələrinin, Halis Tunc isə Hərbi Dəniz Qüvvələrinin attaşesidir. Onlar ailələri ilə birlikdə Yunanıstandan qaçıblar. Türkiyə Xarici İşlər Nazirliyi avqustun 7-də Yunanıstanın müvafiq qurumundan İ.Yaşıtlı və H.Tuncun akkreditasiyalarının ləğv edilməsini istəyib. Yunanıstan XİN də həmin gün Türkiyə tərəfinin istəyini təmin edib.