Xarici investorları niyə cəlb edə bilmirik?
Bunun üçün normal investisiya mühiti mövcuddur
21 Aprel 2016 14:25 İqtisadiyyatAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısı ölkəyə xarici investisiyaların cəlb edilməsilə bağlı tapşırıq vermişdi. Daha dəqiq mərkəzi və yerli icra hakimiyəti orqanları qarşısında konkret vəzifə qoyulmuşdu ki, Azərbaycanda xarici investorların faliyyətinə münbit şərait yaradılsın. Bəs reallıqda necə, dövlət başçısının tapşırıqlarının icrası hansı səviyyədə təmin olunur?
İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, 2016-2019-cu illərdə Azərbaycan iqtisadiyyatına investisiyaların ümumi həcminin 66,1 milyard manat olacağı proqnozlaşdırılır. Lakin son dövrlərdə neftin dünya bazar qiymətlərinin iki dəfədən çox aşağı düşməsi ölkənin gəlirlərinin azalması ilə nəticələnib. Buna uyğun olaraq, cari ilin dövlət büdcəsində nəzərdə tutulmuş əsaslı vəsait qoyuluşu əvvəlki illərlə müqayisədə az proqnozlaşdırılıb ki, bu da ölkə iqtisadiyyatına digər mənbələr hesabına vəsaitlərin cəlb edilməsini, o cümlədən real sektorun maliyyələşdirilməsi istiqamətində əhəmiyyətli addımların atılmasını şərtləndirir. Buna baxmayaraq nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi nəticəsində investisiya qoyuluşlarının 18.8 mlrd manat, o cümlədən xarici investisiyaların 8 mlrd manat olacağı, neft sektoruna 8 milyard, qeyri-neft sektoruna isə 10.8 mlrd manat investisiya yatırılacağı gözlənilir. Növbəti 3 ildə isə investisiyaların 47.3 mlrd manat, o cümlədən xarici investisiyaların 15.4 mlrd manat təşkil edəcəyi proqnozlaşdırılır. Dövlət Gömrük Komitəsindən verilən məlumata əsasən, 2015-ci ildə Azərbaycan Respublikasının xarici ticarət dövriyyəsinin həcmi 20 646 milyon ABŞ dolları, o cümlədən idxalın həcmi 9 221 milyon ABŞ dolları, ixracın həcmi isə 11 425 milyon ABŞ dolları təşkil etmişdir. Bu dövr ərzində Azərbaycan Respublikası 165 ölkə ilə ticarət sahəsində qarşılıqlı əməkdaşlıq etmiş və xarici ticarət saldosu müsbət 2 204 milyon ABŞ dolları olmuşdur. Maraqlıdır, bəs xarici investisiyaların Azərbaycana cəlb edilməsi üçün lazımi şərait varmı?
Məlumat üçün qeyd edək ki, ölkə iqtisadiyyatına investisiyaların cəlb olunması məqsədilə hökumət tərəfindən "açıq qapı" siyasəti həyata keçirilir. Hazırda Azərbaycan hökuməti ölkədə iqtisadi islahatların davam etdirilməsi, biznes mühitinin daha da yaxşılaşdırılması, qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı tədbirlərini davam etdirir. Daha dəqiq ölkəyə xarici investorların marağını artırmaq məqsədilə qanunvericilik bazası təkmilləşdirilir. Belə ki, Azərbaycan Respublikasının investisiya mühiti investorların hüquq və mənafelərinin qorunması, mülkiyyətin toxunulmazlığı, yerli və xarici sahibkarlara bərabər şəraitin yaradılması, Appelyasiya Şuralarının təşkili, "İnvestisiya fəaliyyəti haqqında", "Xarici investisiyaların qorunması haqqında", "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" Azərbaycan Respublikasının qanunları və bir sıra normativ sənədlərlə tənzimlənir. Paralel olaraq Azərbaycan Respublikası Prezidentinin "Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi haqqında" 19 oktyabr 2015-ci il tarixli 650 nömrəli Fərmanına əsasən, 2015-ci ilin 2 noyabr tarixindən İqtisadiyyat Nazirliyi tərəfindən dövlət təhlükəsizliyi ilə bağlı hallar istisna olmaqla lisenziyaların "ASAN xidmət" mərkəzləri vasitəsilə verilməsinə başlanılmışdır. Həmçinin Azərbaycan Respublikası Prezidentinin "Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında" 21 dekabr 2015-ci il tarixli 713 nömrəli Fərmanına əsasən lisenziya tələb olunan fəaliyyət növlərinin sayı 59-dan 37-yə endirilmiş, indiyə kimi verilmiş qüvvədə olan müddətli lisenziyalar müddətsiz elan olunmuş, yeni verilən lisenziyalar isə müddətsiz müəyyən edilmiş, lisenziyanın verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğləri təxminən 2 dəfə, regionlar üzrə 4 dəfə (regional televiziya və radio yayımı istisna olmaqla) azaldılmış, lisenziya verən dövlət orqanların sayı 23-dən 4-ə, lisenziyaların verilməsi müddəti 15 gündən 10 iş gününə endirilmiş, lisenziya verilməsi üçün tələb olunan prosedurlar isə sadələşdirilmişdir. Bundan başqa, ölkədə elektron xidmətlərin, müasir texnologiyaların və mütərəqqi beynəlxalq təcrübənin tətbiqi nəticəsində Azərbaycanda sahibkarlıq subyektlərinin "bir pəncərə" sistemi tətbiq edilməklə qeydiyyatı sadələşdirilmişdir. Elektron xidmətlərin tətbiqi nəticəsində fiziki və hüquqi şəxslərin sahibkarlıq fəaliyyətinin onlayn rejimində qeydiyyatına, vergi bəyannamələrin elektron qəbuluna başlanmışdır.
Azərbaycan Respublikası Nazirlər Kabinetin 8 sentyabr 2014-cü il tarixli 300 nömrəli Qərarına əsasən elektron imzanın alınması müddəti 2 gündən 1 günə endirilmişdir.
Həmçinin, "Tikinti layihələrinin ekspertizadan keçirilməsi Qaydaları"nın tələbinə uyğun olaraq, tikinti layihələrinin ekspertizasının "bir pəncərə" prinsipi ilə həyata keçirilməsinə başlanılmışdır.
Aparılan islahatların davamı olaraq, 2015-ci ilin oktyabrında Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası yaradılmış, Şuranın Əsasnaməsi və tərkibi təsdiq edilmişdir. Azərbaycan Respublikasının ərazisindən dəmir yolları, dəniz nəqliyyatı, dəniz limanları və dəniz terminalları vasitəsilə tranzit yüklərin daşınmasında "bir pəncərə" prinsipinin tətbiq olunması nəzərdə tutulmuşdur və "bir pəncərə" prinsipinin tətbiqi üzrə vahid dövlət orqanının səlahiyyətlərinin həyata keçirilməsi Kordinasiya Şurasına həvalə edilmişdir. Nəhayət ölkədə gömrük rejimi və vergitutma prosesləri sadələşdirilib. Ölkə başçısının 2016-cı il 18 yanvar tarixli 745 nömrəli Fərmanı ilə "İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası" təsdiq edilmişdir ki, həmin sənəd Azərbaycan Respublikasının Vergi Məcəlləsində və "Gömrük tarifi haqqında" Qanununda müəyyən edilmiş güzəştləri əldə etməyə əsas verir. Müvafiq olaraq Vergi Məcəlləsinə 2016-cı il 19 yanvar tarixində edilmiş dəyişikliklərə əsasən, investisiya təşviqi sənədini almış hüquqi şəxslər və fərdi sahibkarlar müvafiq olaraq mənfəət və gəlirin 50 faizinin vergisini, müvafiq əmlakına görə əmlak vergisini və mülkiyyətində və ya istifadəsində olan torpaqlara görə torpaq vergisini, həmçinin onların idxal etdikləri texnika, texnoloji avadanlıqlar və qurğular üzrə idxalda əlavə dəyər vergisini ödəməkdən 7 il müddətinə azad edilmişdir. Həmçinin "Gömrük tarifi haqqında" Azərbaycan Respublikasının Qanununda 2016-cı il 19 yanvar tarixində edilmiş dəyişikliklərə əsasən investisiya təşviqi sənədini almış hüquqi şəxslər və fərdi sahibkarlar, habelə sənaye, yaxud texnologiyalar parklarının rezidentləri tərəfindən texnika, texnoloji avadanlıq və qurğuların idxalı 7 il müddətinə, sənaye, yaxud texnologiyalar parklarının idarəedici təşkilatı və ya operatoru tərəfindən texnika, texnoloji avadanlıq və qurğuların idxalı isə idxal rüsumlarından azad edilmişdir. Həmçinin, "Qeyri-neft ixracının təşviqi ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 1 mart 2016-cı il tarixli 811 nömrəli Fərmanına əsasən, qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə ixrac gömrük bəyannaməsində nəzərdə tutulan dəyərin 3% baza olmaqla (məhsulların növündən asılı olaraq ixrac təşviqinin baza məbləğinə əmsallar tətbiq edilməklə) ixrac təşviqi ödəniləcəkdir. Eyni zamanda "Gömrük sistemində islahatların davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 4 mart 2016-cı il tarixli 1853 nömrəli Sərəncamına əsasən, elektron gömrük xidmətlərinin daha da genişləndirilməsi, gömrük rəsmiləşdirilməsi zamanı tələb olunan sənədlərin və prosedurların sayının minimuma endirilməsi, gömrük orqanlarına əvvəlcədən elektron formada qısa idxal bəyannaməsini təqdim etmək yolu ilə malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün "Yaşıl dəhliz" və beynəlxalq təcrübədə mövcud olan digər buraxılış sisteminin yaradılması və s. kompleks məsələlərin həlli ilə bağlı tapşırıqlar müəyyənləşdirilmişdir.Yeri gəlmişkən bir sıra beynəlxalq nüfuzli təşkilatlar Azərbaycanda yaradılmış investisiya mühitini yüksək qiymətləndirilər. Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən hazırlanan "Doing Business 2016" hesabatında Azərbaycan mövqeyini 17 pillə yaxşılaşdıraraq 63-cü pilləyə yüksəlmişdir. Ölkəmiz hesabatın "Biznesə başlama" göstəricisi üzrə 5 pillə, "Tikinti üçün icazələrin alınması" göstəricisi üzrə 36 pillə, "Kiçik investorların maraqlarının qorunması" göstəricisi üzrə 15 pillə, "Elektrik təchizatı şəbəkələrinə qoşulma" göstəricisi üzrə 49 pillə, "Müəssisənin bağlanması" göstəricisi üzrə 10 pillə və "Xarici ticarətin aparılması" göstəricisi üzrə 72 pillə irəliləmişdir. Bununla da Azərbaycan "Doing Business 2016" hesabatında dünyada 3 və daha çox islahat aparan 24 ölkədən biri olmuşdur. Dünya İqtisadi Forumu tərəfindən nəşr edilən 2015-2016-cı illər üzrə "Qlobal Rəqabətlilik Hesabatı"nda ölkəmiz regionda ən yüksək xalla birinci, hesabatın əhatə etdiyi 140 ölkə arasında isə 40-cı yerdə qərarlaşır. Bu göstərici inflyasiyanın aşağı dərəcəsi və əlverişli dövlət maliyyəsinin xarakterizə etdiyi güclü makroiqtisadi mühitlə bağlıdır. Deməli, ölkəyə xarici investisiyaların cəlb edilməsi üçün lazım olan bütün şərait mövcuddur, qalır məmurların məsələyə ciddi yanaşması. Əgər məmurlar şəxsi maraqlarını kənara qoyub bu işə ciddi yanaşsalar ölkəyə kifayyət qədər xarici investor cəlb etmək mümkün olar.
Alim