Banklar tərəfindən kreditlərin xarici valyuta ilə təklifinə müəyyən məhdudiyyətlər tədbiq edilməlidir
1 Aprel 2016 14:17 İqtisadiyyat"Ölkədə banklar tərəfindən kreditlərin xarici valyuta ilə təklifinə müəyyən məhdudiyyətlər tədbiq edilməlidir". "OLAYLAR"-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən iqtisadçı ekspert Pərviz Heydərov bildirib ki, banklar üçün manatla kredit verməkdənsə, onu xarici valyuta ilə təklif etmək daha sərfəlidir: "Çünki bu, əvvəla onların vəsaitlərinin çox hissəsinin hələ əhali əmanətlərini manatdan xarici valyutaya konvertasiya etməmişdən öncə də sözügedən pul vahidiylə təşkil etməsi səbəbindən irəli gəlirdi. İkincisi də nəzərə alsaq ki, bankların əsas gəlir mənbəyini istehlak kreditləri təşkil edir - onların alışını maliyyələşdirdikləri malların da demək olar, hamısı xarici valyuta ilə alınıb gətirilir. Üçüncüsü isə, devalvasiyadan sonra manatla kredit vermək ümumiyyətlə, riskli məsələdir. Odur ki, bankları əslində, qınamaq da mümkün deyil". Pərviz Heydərov hesab edir ki, bu vəziyyəti aradan qaldırmağın isə 2 əsas yolu var: "Ya Mərkəzi Bank (AMB) tərəfdən banklar kifayət qədər ucuz manat vəsaitləri ilə təmin edilməlidir, ya da inzibati qadağalar tədbiq edilməlidir. Birincisi mümkün deyil ona görə ki, AMB manatın məzənnəsi ilə bağlı yaranmış real situasiya ilə əlaqədar mərkəzi kreditləşdirmə üzrə faiz - uçot dərəcəsini hazırda qaldırmaq məcburiyyəti qarşısında qalıb. Odur ki, qalır ikinci yol. Belə ki, dollarla kredit vəsaitlərinin ya olduqca aşağı faizlə təklif olunması üçün limit qoyulmalıdır və yaxud da ümumiyyətlə, xarici valyuta ilə borc təklifləri müəyyən müddətə dayandırılmalıdır. Başqa sözlə desək, qadağan olunmalıdır. Hesab edirəm ki, dollarla depozit cəlbini məhdudlaşdırmaq məqsədilə onun sığortalanan hissəsi üzrə faiz dərəcəsinin 3 %-ə endirilməsi kimi, bu da real şəraitdə kifayət qədər effektli tədbir ola bilər".