Ölkədə manat qıtlığı var?

Pərviz Heydərov: “Bu qiymətləndirmə tamamilə, səhv fikirdir və yanlış mülahizədir”

Keçən ilin sonlarında dünya bazarlarında neftin qiymətlərində baş verən ciddi dəyişiikliklər əksər neft ixrac edən ölkələr kimi Azərbaycana da təsirsiz ötüşmədi. İstər iqtisadi, istərsə də ölkənin maliyyə sektorunda müşahidə edilən mənfi tendensiya Azərbaycanı da böhranın astanasına gətirdi. Ancaq neft ixrac edən və iqtisadiyyatını yalnız neftlə bağlayan digər ölkələrdən fərqli olaraq Azərbaycan qısa zamanda bu böhranı önləməyə, mərhələli şəkildə onu aradan qaldırmağa müvəffəq oldu. Birbaşa dövlət başçısının nəzarəti və ciddi tapşırıq, tövsiyyələri əsasında həyata keçirilən antiböhran tədbirləri qısa zamanda öz müsbət tərəflərini göstərdi. Bir çoxlarının əhali arasında ajiotaj yaratmaq məqsədilə dövriyyə buraxdığı "üçüncü devolvasiya olacaq" proqnozları da özünü doğrultmadı. Əksinə tədricən manat Amerika dollarına nisbətdə möhkəmlənməyə başladı. Heç şübhəsiz ki, bu prosesə Prezident İlham Əliyevin imzalamış olduğu bir sıra fərman və sərəncamlar, qəbul edilən sənədlər, antiböhran tədbirləri öz müsbət təsirini göstərdi. Artıq bir aya yaxındır ki, manat dollar qarşısında möhkəmlənir və hər ötən gün dolların ucuzlaşması müşahidə edilir. Ancaq bəzi dairələr yenə də, bu prosesdə bir əmma axtarmağa, həyata keçirilən məqəsədyönlü işlər və antiböhran tədbirləri nəticəsində əldə olunan müsbət dəyişikliklərə kölgə salmağa çalışırlar. Son bir ayda milli valyutanın Amerika dollarına nisbətdə bahalaşma və möhkəmlənməsini qəribə də olsa, bazarda manatın məhdudlaşması ilə əlaqələndirirlər. Heç şübhəsiz ki, bu cür əsassız dəyərləndirmələr və əhali arasında çaşqınlıq yaratmağa yönəlik fikirlər iqtisadçılar tərəfindən təkzib edilir. Bu cür qiymətləndirmənin heç bir əsasının olmadığı faktlarla sübuta yetirilir.
İqtisadçı ekspert Pərviz Heydərov da deyir ki, son günlər manatın məzənnəsinin möhkəmlənməsini bəziləri həm də sözügedən valyuta üzrə mövcud bazanın məhdudlaşması ilə izah edirlər. Guya ki, həm də manat qıtlığı mövcuddur. Pərviz Heydərov bildirib ki, bu qiymətləndirmə tamamilə, səhv fikirdir və yanlış mülahizədir: "Sadəcə olaraq, ortada dollar artıqlığı vəziyyəti yaranıb. Manat bazası 2014-cü ilin demək olar ki, ikinci yarısından etibarən azalmaqdadır. Və bu proses 2015-ci il ərzində də fasiləsiz olaraq davam etmişdir. Düzdür, ola bilsin ki, bu sahədə Mərkəzi Bankın (AMB) sonradan uçot dərəcəsinin səviyyəsini qaldırması da (2016-cı ilin fevralın 15-də 5 faizə, martın 4-də isə 7 faizə) mühüm rol oynayıb. Ancaq, unutmaq lazım deyil ki, 2015-ci ilin iyul ayının 7-də 3,5 faizdən 3 faizə endirilmişdi. Bu addım manat bazasının azalması qarşısını almışdımı ?.Sözsüz ki, yox. Bəs, bu nə məntiqsiz izah və mülahizədir?". Pərviz Heydərovun sözlərinə görə, manat bazasını məhdudlaşdıran ölkədə ilk növbədə məhz dollarizasiya prosesi oldu: "Belə ki, banklarda əmanətlərin manatdan dollara konvertasiya edilməsi, əhalinin yastıq altındakı manatlarını dollara mübadilə etməsi, üstəlik bankların kredit təklifini də dayandırması və buna uyğun olaraq da Azərbaycan
Mərkəzi Bankından vəsait cəlbinin avtomatik olaraq azalması, neftin qiymətinin enməsiylə əlaqədar isə qeyri-leqal dövriyyə və ödənişlərin azalması, daha dəqiq desək tamamilə kəsilməsi, həmçinin dövlət büdcəsi xərclərinin də kəskin şəkildə azalması manatı ortadan "yığışdırdı". Xatırladaq ki, 2015-ci ilin dövlət büdcəsi nəzərdə tutulduğu kimi yerinə yetirilmədi. Xərclər hissəsii 84,3 faiz icra olundu ki, buna səbəb isə Neft Fondundan nəzərdə tutulan transfert həcminin az həyata keçirilməsi oldu. Yəni, büdcənin xərclər hissəsində 1,1 milyard manat qənaət edildi. Bütün bunlara əsasən də, dövriyyədən manat kütləsi necə deyərlər, anbarlarda yığılıb qalmalı oldu. Odur ki, sual olunur: indi dollar təklif olunur, onu dəyişməyə guya, manat yoxdur? Var. Sadəcə olaraq, Azərbaycan Mərkəzi Bankı belə istəyir. Və adı çəkilən qurum valyuta bazarına yaxın perespektivdə bu dəfə manatla intervensiya etməyi hədəf tutur. Bunun üçün də bacardıqca daha möhkəm və sərt pul-kredit siyasəti yeridir".


Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31