Manatın dollar qarşısında mövqeyi güclənəcək

"Bu gün həm dünyada, həm də ölkədə baş verən proseslər manata müvəqqəti olsa da güvənlik verir. Neftin qiymətinin sabitləşməsi və FED rəhbəri xanım Canet Yelenin uçot dərəcələrini ehtiyatla qaldırmaq niyyəti barədəki açıqlaması dünyada dolların möhkəmlənməsini bir müddət ertələyib". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri iqtisadçı Samir Əliyev səsləndirib. Bildirib ki, dollar əsas valyutalara münasibətdə ucuzlaşmağa başlayıb və bu, manata xarici təzyiqi azaldır: "Digər tərəfdən Mərkəzi Bankın manat kütləsini azaltması nəticəsində banklar manat qıtlığı ilə üzləşib. Elə bunun nəticəsidir ki, valyuta hərracında bankların dollara tələbatı kəskin azalıb. Elə buna görə də manatın son günlər bahalaşması müşahidə edilir. Eyni zamanda vergi ödənişi dövrü yaxınlaşdığından şirkətlər, xüsusilə iri şirkətlər xarici valyutada olan vəsaitlərini manata çevirirlər. Ona görə də həm bazara əlavə dollar çıxarılıb, həm də manata ehtiyac artıb. Bu isə manatın mövqeyini daha da gücləndirir". Samir Əliyevin sözlərinə görə, bütün bunları nəzərə almaqla demək olar ki, yaxın 1-2 həftədə manatın dollar qarşısında mövqeyi güclənəcək və müəyyən qədər bahalaşacaq: "Hətta manatın 1,55 psixoloji həddi də keçməsi istisna edilmir. Ola bilsin manatın dollara olan rəsmi məzənnəsi 1,5-ə qədər yüksəlsin. Hər bir halda bu bahalaşma müvəqqəti xarakter daşıyacaq və uzunmüddətli dövrdə manatın ucuzlaşması qaçılmazdır. Çünki manatın bahalaşmasnın heç bir iqtisadi əsası yoxdur və hazırda daha çox inzibati addımlardan dəstək alır. Bütün bunlar sadəcə gözləntilərdir. Manatın məzənnəsi real səviyyəsini almadığından neftin bahalaşması hazırda manatın möhkəmlənməsini şərtləndirmir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31