Azərbaycan güləşçilərindən 6 ildə 129 medal: 42 qızıl, 32 gümüş və 55 bürünc
22 İyul 2014 14:17 İdmanHər il ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunan Qızıl Qran-Pri beynəlxalq turniri Azərbaycanın güləş ölkəsi kimi şöhrətini bir qədər də artırırb. Tarixi 2008-ci ildən başlanan bu yarış elə ilk gündən FİLA-nın təqvimində ən mühüm tədbirlərdən biri kimi seçilir. Azərbaycan Güləş Federasiyasına istinadən xəbər verir ki, turnirin həm Azərbaycan, həm də dünya güləşi üçün əhəmiyyəti çox yüksək qiymətləndirilir. Çünki hər dəfə müvafiq yarışlarda dünya güləşinin mövcud vəziyyəti, ümumi səviyyəsi, qarşıdakı vəzifələr müəyyənləşdirilir. Başqa sözlə, ümummilli liderimiz Heydər Əliyevin xatirəsinə həsr olunan Qızıl Qran-Pri turniri bütövlükdə dünya güləşinin inkişafına təsir göstərir. İndiyədək təşkil olunan 6 turnir pəhləvanlarımızın uğurları ilə əlamətdar olub. İlk yarışlarda həm sərbəst,həm yunan-Roma, həm də qadın güləşçilərinin mübarizəsində üst-üstə 22 medal müntəzəm qələbələr üçün bünövrə yaratdı. Fərid Mansurov, Fuad Əliyev, Rövşən Bayramov, İlqar Abdulov, Həsən Əliyev, Vitali Rəhimov, Cəbrayıl Həsənov, Xetaq Qazyumov, Sona Əhmədli, Mariya Stadnik, Yuliya Ratkeviç və bir çox başqaları müxtəlif mövsümlərdə qələbələrilə Azərbaycanın güləş ənənələrini daha da zənginləşdiriblər. Bütövlükdə 42 qızıl, 32 gümüş və 55 bürünc - ümumən 129 medal. Ölkəmizin güləş ustalarının indiyədək 6 turnirdə nəticələri belədir. İyulun 25-dən 27-dək Bakıda 7-ci turnir olacaq. Yarışın davam etdirilməsi, onun yenidən paytaxtımıza həvalə olunması FİLA-nın Azərbaycan Güləş Federasiyasına etimadının, habelə, turnirin bu dəfə də yüksək səviyyədə təşkil olunacağına inamının ifadəsidir. İndiyədək hər bir turnirdə Azərbaycan pəhləvanları komanda hesabında ilk üçlükdə olub. Son 3 yarışın hər birində isə idmançılarımızın qazandığı mükafatların sayı 20-dən çox olub. Həmin turnirlər Hacı Əliyev, Orxan Əhmədov, Kamran Məmmədov, Rafiq Hüseynov, Rəsul Çunayev, Saman Təhmasibi və digər idmançılarımızın qələbələrilə yadda qalıb. Trend