KİVDF və MOK qalibləri mükafatlandırdı
Birinci yerə “Mövqe” qəzetinin əməkdaşı Mübariz Bayramov layiq görülüb
13 Noyabr 2013 17:17 İdmanNoyabrın 13-də Milli Olimpiya Komitəsi və (MOK) Azərbaycan prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) birgə təşkilatçılığı ilə MOK və KİV arasında əməkdaşlığın inkişaf etdirilməsi mövzusunda konfrans keçirilib. Tədbirdə KİVDF-ın icraçı-direktoru Vüqar Səfərli, MOK-un I vitse-prezidenti Çingiz Hüseynzadə, vitse-prezidenti Xəzər İsayev, Mətbuat Şurasının sədri Əflatun Amaşov, "OLAYLAR" qəzetinin və informasiya agentliyinin baş redaktoru Yunus Oğuz, digər media qurumlarının baş redaktorları, idmançılar və jurnalistlər iştirak ediblər. Konfransı giriş sözü ilə açan Ç.Hüseynzadə iştirakçıları salamlayıb və müsabiqənin Azərbaycanda idman hərəkatına verdiyi töhfələrdən danışıb. Daha sonra çıxış edən Vüqar Səfərli müsabiqəyə ümumilikdə 27 yazının daxil olduğunu bildirib. Müsabiqənin KİV-lə MOK arasında əlaqələrin inkişaf etdirməsinə əlavə stimul verdiyini bildirən icraçı-direktor bu cür müsabiqələrin gələcəkdə də davam etdiriləcəyini qeyd edib. Əflatun Amaşov isə çıxışında media ilə idmançıların əməkdaşlığının əhəmiyyətini vuruğulayıb və bildirib ki, mətbuat həmişə idmana dair informasiyalara xüsusi önəm verir. Yunus Oğuz isə çıxışında bir sıra təkliflər irəli sürüb. Əvvəlcə tədbir iştirakçılarını salamlayan "OLAYLAR"ın baş redaktoru çıxışını bu cür davam etdirib: "Biz idmançılarımızın uğurlarına sevinirik, eyni anda onların hərdən məğlub olmasına da əsəbləşirik. 9 milyonu əsəbləşdirməyin, həmişə qələbə qazanıb onu sevindirin. Azərbaycan televiziyalarında müxtəlif idman növlərinə dair verilişlərin sayı kifayət qədərdir. Milli Olimpiya Komitəsinə təklif edirəm ki, qurumdan olan mütəxəssislər həmin proqramın aparıcıları yanında konsultant kimi əyləşsinlər. Bu hökmən lazıdır. Çünki elə insanlar var ki, idman növləri haqqında anlayışları yoxdur. İkinci təklifim ondan ibarətdir ki, federasiyalar qəzet jurnalistlərilə idmançılar arasında sıx əməkdaşlığın qurulması məsələsinə diqqət etsinlər. Federasiyalarla qəzet rəhbərlərinin mütəmadi əlaqələri qurulması üçüncü təklifimə aiddir. Dördüncü təklifim isə, federasiyaların rəsmi saytları daha da aktivləşdirilsin ki, qurumlarla əlaqə yaratmaq mümkün olmayanda müəyyən məlumatları saytlardan əldə edə bilək". Daha sonra isə ekspertlər yazılar haqqında öz fikirlərini bildiriblər.
Çıxışlardan sonra MOK və KİVDF-ın "Azərbaycanda idman və Olimpiya Hərəkatı: inkişaf tarixi, nəticələr və perspektivlər" mövzusunda birgə təşkil etdiyi fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib və qaliblər mükafatlandırılıblar. Birinci yerə "Mövqe" qəzetinin müxbiri Mübariz Bayramov, ikinci yerə "İdmançı" qəzetinin baş redaktoru Dilqəm Quliyev, üçüncü yerə isə "Olimpiya dünyası" qəzetinin əməkdaşı Anar Əhmədov layiq görülüb. Həvəsləndirici mükafatlara isə "Palitra", "Olimpiya dünyası", "Futbol+qol", "525-ci qəzet", "Zaman-Azərbaycan", "Təhsil problemləri" və "Xalq sözü" qəzetininin əməkdaşları layiq görülüblər. Çingiz Hüseynzadənin yekun çıxışı ilə konfrans başa çatıb.
Ömər Zamin